Polisin zorakılığı rayonda AXCP-yə rəğbəti artırıb
AXCP-nin Sabirabad rayonunda keçirdiyi müşavirəyə polis müdaxiləsi yerli əhalidə və şöbə fəallarında əks-effekt yaradıb. Bu barədə “Azadlıq”a məlumat verən AXCP Sabirabad şöbəsinin sədri Səttar Şahlarov bildirib ki, polis zorakılığı nəinki əhalidə qorxu yaratmayıb, əksinə, bu hadisədən sonra ayrı-ayrı insanlar onlara yaxınlaşaraq, dəstək veriblər, şöbəyə qəbul olmaq üçün ərizə ilə müraciət ediblər.
Səttar Şahlarovun sözlərinə görə, hakimiyyət yerli spesifikanı nəzərə almadan böyük səhvə yol verib və bunun nəticəsi iqtidar üçün çox ağır olacaq: “Sabirabad cəbhəsinin zəngin ənənələri var. Xalq hərəkatı başlayandan bu günlərə qədər biz siyasi məhbus vermişik, amma bir an belə, geri durmamışıq. Sabirabad cəbhəçiləri xalqımıza xas mərdlik, cəsurluq, kişilik keyfiyyətlərini fəaliyyətlərində daim uca tutub. Belə bir kəsimlə ucuz, mənəviyyata zidd mübarizə aparmaq heç kimə şərəf gətirməyib, gətirməyəcək də. Hər seçki ilində hakimiyyət burada cəbhəni sıradan çıxarmaq üçün rayona qəddarlığı ilə seçilən rəhbərlər yollayır. Amma hər dəfə də onların ”çanaqları öz başlarında çatlayır”.
Səttar Şahlarov deyir ki, Sabirabadda həyat özü adamı müxalifətçi olmağa vadar edir. Çünki rayon sosial problemlər içində itib-batır, işsizlik, məmur özbaşınalığı baş alıb gedir: “Buyursunlar, bu halları aradan qaldırsınlar, vətəndaşların hüquq və azadlığına hörmətlə yanaşsınlar, bununla da rayondakı etirazçı ovqat avtomatik azalsın”.
Ötən gün AXCP Sabirabad şöbəsinin rəhbərliyi toplaşaraq, son prosesləri müzakirə edib. Iclasın sonunda bəyanat da qəbul edilib. Bəyanatda hakimiyyət yönəlik açıq mesajlar yer alıb.
“AXCP Sabirabad şöbəsi hesab edir ki, prezident seçkilərinə qısa müddət qalmasına baxmayaraq, hakimiyyət yenə heç bir beynəlxalq öhdəliklərə və yerli qanunlara məhəl qoymayaraq, seçkiləri saxtalaşdırmaq niyyətindədir. Bununla da hakimiyyət xalqla öz arasında uçurumu daha da dərinləşdirir, ölkədə çox ciddi vətəndaş qarşıdurmasına şərait yaradır.
Hakimiyyət bilməlidir ki, Azərbaycanın Milli Azadlıq Hərəkatında müstəsna xidmətləri olan Sabirabad cəbhəçilərini belə yollarla öz yolundan çəkindirə bilməz”, – deyə bəyanatda qeyd olunur.
Bəyanatda həmçinin AXCP Sabirabad şöbəsi hakimiyyəti qanunlara və xalqımızın milli-mənəvi dəyərlərinə hörmət etməyə çağırır.
Informasiya şöbəsi