Siyasilər müxalifətin birliyinin sosial sifariş olduğunu deyirlər
Aprelin 21-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Bakı şöbələrinin iştirakı ilə geniş müşavirəsində partiya sədri Əli Kərimli demokratik qüvvələri birliyə səslədi. Birlik çağırışına tanınmış liderlər dəstək verdilər.
“REAL” hərəkatının icra katibi Natiq Cəfərli bildirdi ki, həmişə birlik tərəfdarı olublar və bu mövqeni bir neçə il əvvəldən ortaya qoyublar. “Vahid platforma, vahid namizəd, vahid komanda yaranarsa, biz də bu təklifə tərəfdarıq. Amma əvvəlcədən bütün razılaşdırılmış danışıqlara hər kəs imza atmalı, bu platforma, görüləcək işlər ictimaiyyətə açıqlanmalıdır. Əvvəlki illərin acı nəticəsini yaşamamaqdan ötrü vahid proqram əsasında formalaşmış birliyin yaranmasına ehtiyac var”- deyə Natiq Cəfərli bildirdi.
Islam partiyasının sədr müavini Rövşən Əhmədlinin fikrincə, cəmiyyətə birlik mesajı vermək zəruridir və bunun alternativi yoxdur. “Zəif komanda ilə güclü namizəddənsə, güclü komanda ilə zəif namizəd daha məqsədəuyğundu. Əli Kərimlinin bu çağırışı düzgün çağırışdı. Ölkədə müsbət dəyişikliyə nail olmaq istəyiriksə, vahid, səmimi komandada birləşməliyik”- deyə Rövşən Əhmədli bildirdi.
VHP təşkilat şöbəsinin müdiri Samir Əsədli müxalifətin bu sahədə addım atmağa gecikdiyini və bunun da ümumi işə böyük zərbə vurduğunu dedi: “Əli Kərimlinin birlik çağırışını yüksək qiymətləndiririk. Pərakəndə atılan istənilən addım uğursuzluqla nəticələnək. 2003, 2008-ci illərin uğursuzluqlarını təkrar etməmək üçün vahid komandaya ehtiyac var. Əks halda əlində güclü resursları olan hakimiyyət növbəti dəfə də seçkiləri qeyri-şəffaf keçirəcək”.
Tanınmış siyasi xadim Ibrahim Ibrahimli Əli Kərimlinin zaman-zaman IP-in tədbirlərində birlik çağırışları etdiyini və geniş siyasi koalisiyanın yaranmasına çalışdığını bildirdi: “Bu gün müxalifətin birliyi siyasi sifarişdi. Şəffaf seçki mühitinin yaradılması, xalqın müxalifətin səmimiliyinə inanması, demokratik keçidin təmin edilməsi üçün vahid komanda olmalıdır. Əli Kərimlinin növbəti çağırışı geniş ictimai müzakirəyə səbəb olub və əkəsəriyyət bu birliyin zəruriliyini qəbul edir.
Millətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlı hesab edir ki, Əli Kərimlinin indiki dövrdə belə bir çağırış etməsi təqdirəlayiqdir.
“Xalq ölkədəki dəyişikliyə o zaman inanacaq ki, müxalifətin səmimi birliyinin şahidi olsun. Əli Kərimlinin çağırışı beynəlxalq proseslərin indiki mərhələsi ilə üst-üstə düşür. Birlik məsələsi bütün demokratik qüvvələrin dəstəklədiyi məsələdi. Mən Əli Kərimlinin bu təklifini tarixi hadisə kimi qiymətləndirirəm”- deyə Qələndər Muxtarlı bildirdi.
İlham Hüseyn