Fransa mətbuatı Türkiyənin imperiya maraqlarından yazdı
Fransanın “Atlantiso” nəşri Türkiyənin “ərəb baharı”ndan yararlamaq imkanlarında bəhs edən məqalə ilə çıxış edib. Nəşrin yazdığına görə, Türkiyə “ərəb baharı”nın baş verdiyi, yaxud inqilabın yetişdiyi ölkələrə iqtisadi və ideoloji hücuma keçməyə hazırlaşır. Bu məsələ Ankaranın Avropa Ittifaqına üzvlüyə dair planlarını da arxaya keçirir.
“Ərəb baharı” başlayandan sonra Türkiyə siyasilərindən Avropa Ittifaqına üzvlüklə bağlı tələbləri getdikcə az eşidirik. Baxmayaraq ki, əvvəllər belə tələblər inadla səslənirdi. Onların Avropaya marağının itdiyini demək olmaz, qətiyyən belə deyil. Sadəcə olaraq ərəb dünyasında yeni dəyişikliklər onlara ittifaqa çoxdan gözlənilən (1987-ci ildən) birləşmədən daha vacib görsənir. Strateji planda Avropa Birliyinə üzvlük tələsik məsələ deyil. Üstəlik, bu üzvlük artıq hepotetit perspektiv sayıla bilməz. Türkiyə Avropaya birləşəcək, lakin üzv-dövlət statusuna deyil, əsl imperiya təsirinə sahib olacaq!
Iş burasındadır ki, Türkiyə üçün bu gün ən təcili məsələ artıq ərəb baharının baş verdiyi (Tunis, Liviya, Misir, Yəmən, müəyyən dərəcədə Mərəkeş) və eyni aqibəti yaşaya biləcək (Əlcəzair, Iordaniya və Fars körfəzinin bəzi monarxiyaları) ölkələrin iqtisadi və ideoloji cəhətdən təsiri altına almaqdır. Daha doğrusu, söhbət təkrar istiladan gedir. Çünki ötən əsrin 1920-ci illərində Mərakeş istisna olmaqla ərəb dünyasının, demək olar, bütün dövlətləri Osmanlı Imperiyasına tabe idi. Ərəb baharı dövlətlərinə bu maraq Türkiyənin neoimperiya ambisiyalarından söz açan bəzi analitiklərin diqqətindən yayınmayıb: Ankara uzun illər regional güc mərkəzi statusundan qalandan sonra beynəlxalq arenada aparıcı oyunçulardan biri olmaq istəyir.
Qarşıya qoyulan planların yerinə yetirilməsi üçün Türkiyə bir sıra vasitələrə güvənir, yeri gəlmişkən, onların bəzilərinə Vaşinqtondan da müəyyən dəstək ifadə olunur: iqtisadi nailiyyətlər, dünyəvi respublika, Israillə yaxşı münasibətlər, NATO-ya üzvlük və “mülayim” islam barədə “şəhadətnamə”. Ankara həqiqətən də mülayim islamın əsl rəmzi kimi görünür, Misirdə “Müsəlman qardaşları” və Tunisdə Dirçəliş Partiyası da mülayim islam bayrağı ilə pərdələnmək istədi. Bununla yanaşı, siyasətdən çox fəlsəfi sual yaranır: Türkiyə islamçılığında “mülayimlik” ideologiya, yoxsa sadə siyasi praqmatizmlə bağlıdır? Başqa sözlə, Ədalət və Inkişaf Partiyası intellektual kamillik və teoloji inqilab sayəsində cəlbedici mülayim islamçılıq nümunəsinə çevrilib? Yaxud buna səbəb cəmiyyətdə kök salmış dünyəvi prinsiplər, sosioloji, tarixi və siyasi mənafelərdir?
Bu məsələnin böyük əhəmiyyəti var, çünki Türkiyədə islamçılığın bütün mahiyyəti ilə mülayim olduğu güman edilsə də, Tunisdə, Misirdə, o cümlədən Liviya və Yəməndə bu mülayimliyin tarixi, psixoloji və sosioloji şəraiti qətiyyən mövcud deyil. Türkiyənin istisnalığı Ərdoğanın işi deyil, bu, 1924-cü ildə xəlifəti ləğv edib dünyəvi dövlət yaradan Mustafa Kamalın işinin nəticəsidir. Türkiyə üçün bu olduqca vacib məsələdir, çünki çoxdankı panislamçı ambisiyalar təkcə onda deyil. Üç model onun üçün rəqabət təşkil edir: sərt Səudiyyə vəhabiliyi, yumşaq Qətər vəhabiliyi və Iran panşiəliyi.
Beləliklə, yaxın illərdə, bəlkə də aylarda Iranla Türkiyə arasında ciddi maraqlar münaqişəsi, nüfuz və liderlik uğrunda mübarizə yarana bilər. Yeri gəlmişkən, artıq Suriyada belə münaqişə müşahidə edilir. Bu daha çox diktatura ilə müxalifət arasında qarşıdurma pərdəsi ilə örtülüb. Belə bir münaqişə bəzi iri dövlətlər üçün mümkün və hətta hadisələrin arzulanan inkişafı variantıdır. Geosiyasəti yalnız tarixi baxımdan anlamaq olar: XVI əsrin əvvəlində yarandığı gündən Səfəvilər dövləti daima Osmanlı Imperiyası ilə mübarizə aparıb. Söhbət Avropa imperiyalarının öz məqsədləri üçün istifadə etdiyi sünnilərlə şiələr arasında liderlik uğrunda müharibədən gedir.
Fizzə