Azərbaycanın Avropadakı demokratik qüvvələri birləşdi
Aprelin 6-da İsveçrənin Bazel şəhərində Avropada yaşayan azərbaycanlıların iştirakı ilə Avropa Azərbaycanlıları Milli Birlik Şurasının təsis konfransı keçirilib. Təsis konfransında avropanın 7 ölkəsindən 85 nümayəndə iştirak edib. Eyni zamanda Rusiya, Kanada, Ukraina və Türkiyədən iştirakçılar skype vassitəsilə konfransın işinə qatılıblar.
Konfransının birinci hissəsi Azərbaycandakı mövcud ictimai–siyasi vəziyyət və ondan çıxış yollarına həsr edilib. Tədbirin başlanğıcında Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət telefon bağlantısı ilə çıxış edərək konfransın işini dəstəkləyib və ona uğurlar arzulayıb. Daha sonra AXCP sədri Əli Kərimlinin konfrans iştirakçılarına təbriki çatdırılıb.
Tədbirdə İsveçrə Parlamenti Sosial Demokrat Fraksiyasının sədri Andreas Qross, İsveçrə Yaşıllar və Sosial Demokratlar Partiyasından Guy Morin, Zürix stadt rehbərliyindən, Amnesty İnternational təşkilatı, Avropa Xarici Siyasət jurnalı baş redaktoru H.Y.Zahorka, BMT-nin Cenevrədəki İnsan Haqları Komissarlığı tərəfindən göndərilən təbrik və teleqramlar oxunub.
İlk çıxış edən Qabil Rzayev bildirib ki, 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldiyi gündən Heydər Əliyevin əsas məqsədi xalqda özünə inamı məhv etmək olub. 1993-cü ildə hərbi dövlət çevrilişi nəticəsində yenidən hakimiyyətə gələn Heydər Əliyev bu dəfə ölkənin bütün sərvətini mənimsəyib və ölkədə sülalə diktaturası qurub. Bu gün qarşımızda duran əsas məsələ İlham Əliyevin bir diktator olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
Ondan sonra söz ABU-nun keçmiş rektoru prof. Elşad Abdullayevə verilib. O, bildirib ki, indiki hakimiyyət Azərbaycan xalqı ilə işğalçı kimi davranır. Dağlıq Qarabağ konfliktinə toxunan cıxışçı bildirib ki, beynəlxalq hüquq normalarına əsasən Qarabağ Azərbaycanın tərkib hissəsidir. Sadəcə, indiki hakimiyyət bu problemi həll etmək niyyətində deyil.
Çıxış edən beynəlxalq hüquq üzrə ekspert Ataxan Əbilov Azərbaycanda mövcud vəziyyətin qeyri-demokratik olduğunu, hökumətin və idarəçiliyin diktaturaya əsaslandığını bildirib. O, gələcəkdə ölkədə ərazi – inzibati sistemində islahatların vacib olduğunu qeyd edib. Qrabağ problemindən danışan A.Əbilov bildirib ki, beynəlxalq hüquq baxımından ikinci bir erməni dövlətinin yaradılması mümkün deyil. Çünki, erməni xalqı artıq öz müqəddaratını bir dəfə həll edib və Ermənistan dövləti mövcutdur.
Daha sonra politoloq Surxan Lətifov çıxış edib. O, Azərbaycanda mövcud ictimai-siyasi prosseslərə təsir göstərən amillərdən danışıb. Bildirib ki, gənclərin əsgər ölümlərinə qarşı keçirdikləri 10 mart aksiyası hakimiyyətin demokratik siyasi texnologiyalar tətbiq etmək imkanına və qabiliyyətinə malik olmadığını, eyni zamanda, əksəriyyətin artıq həbslərdən və təqiblərdən qorxmadığını göstərdi. Xalqın ölkədə siyasi prosseslərin əsas aktyorlarından birinə çevrilməsi prossesi başlanıb. Sonda S.Lətifov bütün demokratik qüvvələrin vahid cəbhədə birləşməsinin vacib olduğunu bildirib.
Konfransda cıxış edən Elnur Məcidli Azərbaycandakı mövcud vəziyyətin müqayisəli təhlilini aparıb. Qeyd edib ki, İlham Əliyevin bu il prezident seçkilərində növbəti dəfə namizədliyini verməsi hüquqi baxımdan doğru deyil.
Cıxışçılardan Rəşad Qurbanov bildirib ki, indiki anti–demokratik rejimdən yeganə qurtuluş xalqın dəstəyinə əsaslanaraq demokratik qüvvələrin vahid çəbhədə birləşməsidir.
Daha sonra konfransda prof. Canmirzə Mirzəyev, prof. Alek Şarer, Telman Kazımov, Metin Şahin və Fərhad Axundov çıxış ediblər. Bununla da, konfransın birinci hissəsi başa çatıb.
Konfransın ikinci hissəsində Avropa Azərbaycanlıları Milli Birlik Şurasının təsis edilməsi, nizamnamənin qəbulu və seçkilər prossesi olub. Səsvermə ilə Qabil Rzayev Avropa Azərbaycanlıları Milli Birlik Şurasının sədri seçilib. Bundan sonra 21 nəfər Birliyin Məclisinə üzv seçilib. Ataxan Əbilov yekdilliklə Məclisin sədri seçilib. Elşad Abdullayev isə Birlik sədrinin birinci müavini təyin edilib.