Dünən səkkiz əsgərini itirdi Azərbaycan. Səkkiz evə od düşdü, səkkiz ocaq söndü dünən.
O əsgərlərimizin yeddisi ordudakı özbaşınalığın, yiyəsizliyin, dərəbəyliyin, korrupsiyanın qurbanına çevrildi, biri erməni gülləsindən şəhid oldu.
Və bir daha bu ölkənin əsas düşməninin korrupsiya, hüquqsuzluq, ədalətsizlik, idarəçilik səriştəsizliyi olduğu təsdiqləndi. Kor-kor, gör-gör, korrupsiya birdən-birə yeddi nəfəri öldürə bilir, erməni bir nəfəri…
Elə dünən Ilham Əliyev Estoniya prezidentinə başsağlığı məktubu göndərdi. Oradakı bir uşaq bağçasında yanğından on nəfərin ölməsi ilə bağlı… Estoniya prezidentinə üzüntüsünü və kədərini ifadə etdi məktubunda bizim kral həzrətləri. Insan hər yerdə insandır, ölüm həmişə üzücü və kədərlidir – bu öz yerində.
Amma Estoniyada həlak olanlara görə başsağlığını çatdıran əlahəzrət öz ölkəsində yeddi əsgərin dəhşətli ölümü ilə bağlı başsağlığına ehtiyac görmədi. Eynən ADNA qətliamında olduğu kimi. Təəccüblü deyil – öz vətəndaşlarının dirisinə qiymət qoymayanlar ölüsünə dünəndən qiymət qoymazlar.
Əslində əlahəzrət yalnız bir başsağlığı ilə də bu faciədən sıyrılıb çıxa bilməz. O yeddi əsgərin ölümündə məsuliyyəti var Ilham Əliyevin, cavabdehliyi var. Ali Baş Komandan deyilmi, allah qoymasa? O zaman çıxacaq bunun hesabını da verəcək. Bu ölkənin insanı öz övladını ona görəmi yeməyib yedirir, geyməyib geydirir ki, sabah bir ovuc adamın idarəçilik yarıtmazlığının, bitib-tükənməyən hakimiyyət ehtirasının, korrupsiya imperatorluğunun qurbanına çevrilsin? Vətən yolunda canını fəda etməli olanlar niyə korrupsiya yolunda canlarından olmalıdırlar?
Dünən bir-iki yaptokratın faciə ilə bağlı açıqlamasına rast gəldim. Hamısı tutuquşu kimi eyni sözləri təkrarlayırlar: “Həlak olanların ailəsinin kədərini başa düşürük”. Yalan deyirsiniz! Gopa basırsınız! Siz bu ölkədə yalnız bir ailənin dərdini başa düşürsünüz! Yalnız bir ailənin arzularını, maraqlarını, mənfəətlərini başa düşürsünüz siz.
Söhbət ictimai məsələlərə gələndə isə siz heç nə başa düşmürsünüz, heç nə! Zatən başa düşsəydiniz, baş verməzdi bütün bunlar. Başa düşsəydiniz, ölkəni orta çağ təfəkkürü, feodal zehniyyəti ilə idarə etməzdiniz, bir ailənin xoşbəxtliyini bir xalqın bədbəxtliyindən üstün tutmazdınız, bananın qiymətini o qədər qaldırıb, insan həyatını bu qədər ucuzlaşdırmazdınız. Ən əsası: başa düşsəydiniz, dövlətin başında olmazdınız!
Əlbəttə, bundan sonrasını da çox aydın təsəvvür edirik. Ordudakı bu qətliamın məsuliyyətini üzərinizdən atmaq üçün hansı hoqqalardan çıxacağınızı da bəri başdan bilirik. O qətliamı törədən əsgərə “dəli”, “ruhi xəstə” damğası vuracağınızı da, “dünyanın istənilən ordusunda belə hallar baş verə bilər” deyib, özünüzü sudan quru çıxarmağa çalışacağınızı da bilirik.
Amma siz də biləsiniz: qurduğunuz bu tayfa-klan sistemi, korrupsiya aparatı nə qədər öldürücü olur olsun, amma onun özü də ölümlü-itimlidir. Mübarəkə qalmayan dünya sizə də qalmaz. Azadlıq, hüquq, ədalət, humanizm kimi ölümsüz dəyərləri sizin heç bir öldürücü silahınız – nə korrupsiya, nə monarxiya, nə saxtakarlıq, nə də haqsızlıq öldürə bilər.
Ən sonda: lütfən kimsə bütün bu yazdıqlarımı oxuyub bir qətliamı siyasiləşdirdiyimə, bir ürəkparçalayan hadisənin gözünə demokratiya, azadlıq məsələlərini qatmağa çalışdığıma görə mənə düşük-düşük, müdrik-müdrik öyüd-nəsihət verməyə çalışmasın. Heç kim unutmasın və hər kəs qulağında sırğa eləsin ki, bir hərbi hissədə baş verən bu faciə nə vaxtsa o hərbi hissənin əsgərlərini qabağına qatıb seçkini saxtalaşdırmağa aparmağın məntiqi sonluğudur!