Azərbaycandan Ermənistana mal ixrac edildiyi növbəti dəfə təsdiqləndi – həm də rəsmi səviyyədə: Ermənistan Statistika Komitəsi Azərbaycanla ticarət dövriyyəsini açıqladı. Nəsə faciəvi, dəhşətli, xəyanəti göstərən xəbərdirmi?
Qətiyyən yox, zatən Ermənistanla ticari əlaqələrimizin mövcudluğu artıq kimsədə şübhə doğurmur. Təkcə son bir neçə ili araşdırmaqla Azərbaycanda erməni istehsalı olan müxtəlif ərzaq və geyim məhsullarının topdan və pərakəndə şəkildə açıq-aşkar satışının şahidi ola bilərik: 2009-cu ildə Standartlaşdırma Idarəsinin əməkdaşları Masallının ən böyük ticarət mərkəzində erməni dilində markalanmış, “Sevan” şirkətinə məxsus külli miqdarda şirniyyat və çərəz aşkarlamışdılar; 2010-cu ildə Əsgəran rayonunda fəaliyyət göstərən “Artsax” şirkətinə məxsus “Eau-de-vie” içkisi, gürcü kofesi adı ilə Gürcüstandan erməni kofesi Azərbaycanda satışa çıxarılmışdı; Bakı bazarlarında üstündə erməni dilində yazılar olan bitki yağının (“Divnoe”), suların, hətta erməni bayraqlı köynəklərin satıldığını da hamı bilir!
Fakt aşkar olunanda, bu məmləkətin torpağını işğal edən, insanlarını qıran düşmənlərin Azərbaycan bazarına necə məhsul çıxardıqları sualı yarananda rəsmi açıqlamalar həmişə belə olur: “qaçaqmalçılıq yolu ilə gətirilib”.
Daha soruşan yoxdur ki, Azərbaycan Suriyadır, ya Iraqdırmı ki, qaçaqmalçılar istədiyi yerdən soxulub, istədiyi ərzağı, geyimi gətirsinlər? Bu xarabaya iki qutu yumurtanı keçirmək mümkün olmursa, bir kibrit çöpünü sərhəddən adlatmaq qadağandırsa, kimin, hansı sahibkarın cəsarəti çatar ki, “qaçaqmalçılıq yolu ilə” ölkəyə erməni yağı, çayı, şirniyyatı, kofesini, hətta bayrağını daşısın?
Qaçaqmalçılar da, reketlər də, rüşvət müqabilində atom bombasının trinzitinə belə şərait yaradanlar da özləridilər, üstü açılan kimi isə “qaçaqmaldan” danışırlar. Halbuki, aşkarlandığı halda, sahibkarlar o ərzaqları aldıqları yerin ünvanını açıq-aşkar bəyan edirlər. Ölkəyə mal gətirən həmin şirkətlərlə bağlı hansısa cinayət işi başlanıbmı?
Ümumiyyətlə, necə olub ki, üstündə erməni dilində yazılar olan məhsullar gömrükdən keçib? Əgər qanunla yalnız “xarici dövlətlərdən Azərbaycan Respublikasında dövlət gigiyena qeydiyyatına alınmış, müəyyən edilmiş qaydada verilmiş və ya tanınmış uyğunluq sertifikatları olan məhsulların idxal edilməsi” nəzərdə tutulursa, erməni yazısı olan və deməli, “Azərbaycan Respublikasında gigiyena qeydiyyatına alınmamış” ərzaq gömrükdən, sərhəddən necə buraxılır? Bu faktlar aşkarlandığı təqdirdə məsuliyyət daşıyan hər hansı gömrükçü və ya sərhədçinin cəzalandığını görən olubmu?
Əlbəttə olmaz: Göyçə gölü ətrafındakı turizm “Bakı neftinin hesabına” çiçəklənirsə, erməni məhsullarının bu ölkədəki satışına görə niyə kimsə məsuliyyət daşımalıdır? Əksinə, 2002-ci ildə “Kaspian Fiş” şirkətinin Ermənistana məhsul ixrac etməsi faktını Milli Təhlükəsizlik Nazirliyi açıqlayandan sonra Sərhəd Xidmətinin Namiq Abbasovdan alınması, az sonra isə nazirin Özbəkistana səfir olaraq sürgün edilməsi təsdiqlədi ki, Azərbaycanda erməni məhsullarının peyda olmasında, Ermənistanın Azərbaycandan idxal etdiyi məhsul dövriyyəsini rəsmi statistikasında göstərməsində qeyri-adi nəsə axtaranlar axmaq adamlardır!
Qeyri-adi o olardı ki, Dağlıq Qarabağ ətrafı rayonları ermənilərin işğalından sonra Ermənistana ötürülən və Azərbaycan Dəmir Yollarında rəsmi qaimələrlə təsdiqlənən neft və neft məhsullarının daşınmasına görə məsuliyyətə cəlb edilən olaydı – yeri gəlmişkən, həmin dövrdə Dəmiryol Idarəsinin rəisi Ziya Məmmədov indi ölkənin ən yekə oliqarxlarından biridir;
Qeyri-adi o olardı ki, qayınları erməni olan, Ermənistanda mülk alan və azərbaycanlıların canından-qanından oğurladığı pulları canımızı alıb, qanımızı tökənlərin yurduna daşıyıb, orda biznes quranlar cəzalandırılaydı…
Indi isə qeyri-adilik, faciəvi durum, narahatlıq yoxdur. Əgər bircə qırıq narahatlıq keçirsəydilər, özlərini yırtıb-tökdükləri qədər deyil, azacıq vətənpərvər olsaydılar, Ermənistan Statistika Komitəsinin bu rəsmi açıqlamasından sonra Baş Prokurorluq araşdırmaya başladığını bəyan edərdi ki, görək, Ermənistanla ticari əlaqələr quran nadürüst, xain, dövlətini satan yaramaz kimdir?
Amma baxın və görün ki, necə sakitlikdir: həm xalq, həm də hakimiyyət heç nədən narahat deyil… Çünki xalq bəzi məmurların “erməni qayınlarına” mal göndərməsinə öyrəşib, hakimiyyət də xalqı buna öyrəşdirdiyinə öyrəşib…