Fikrət Məmmədov, Abid Şərifov və Cahangir Hacıyevin rayonu bölüşdürmək uğrunda mübarizəsilə bağlı ilginc məlumatlar
Şəkidə sahibkar Hikmət Səlimovun intiharından sonra rayonda baş verənlərlə bağlı yeni məlumatlar almışıq. Xatırladaq ki, sahibkarın intiharından sonra Şəkinin icra başçısının müavini Eldəniz Qəhrəmanov və baş memar Yusif Abdurrəhmanov həbs edilib. Hər iki şəxs Hikmət Səlimovun obyektini qanunsuz sökməkdə ittiham edilir.
***
Eldəniz Qəhrəmanovla Yusif Abdurrəhmanovun həbsindən sonra belə məlumatlar yayıldı ki, adıçəkilən məmurların tutuqlanması Şəkinin prokuroru Ağarəhim Rəhimovla icra başçısı Murad Cabbarlı arasındakı ziddiyyətlərin təzahürüdür. Məlumatlarda deyilirdi ki, prokuror sabiq icra başçısı Nazim Ibrahimovla biznes ortağıdır. Murad Cabbarlı isə onların biznesinə mane olur. Bu baxımdan Ağarəhim Rəhimov fürsətdən istifadə edərək icra hakimiyyətinin iki məsul şəxsini həbs etdirib və bununla kifayətlənməyərək Murad Cabbarlını da dəmir barmaqlıqlar arasına saldırmağa çalışır. Lakin maraqlıdır ki, Ağarəhim Rəhimov məlum həbslər həyata keçirilən ərəfədə səhhətindəki problemlərlə əlaqədar iş başında olmayıb. Həmçinin onun icra başçısı ilə dostluq münasibətləri var. Prokuror “Azadlıq”a açıqlamasında bildirmişdi ki, bu məlumatlar onun təəccübünə səbəb olub.
Ağarəhim Rəhimov onu da əlavə etmişdi ki, rayondakı həbsləri Respublika Prokurorluğu həyata keçirib. Prokurorun bu açıqlamasından sonra məlumat yayıldı ki, Eldəniz Qəhrəmanovla Yusif Abdurrəhmanov Şəki uğrunda oliqarxlar arasında gedən mübarizənin qurbanı olub. Ədliyyə naziri Fikrət Məmmədovla baş nazirin birinci müavini Abid Şərifov rayonu Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin nəzarətindən çıxarmaq üçün Respublika Prokurorluğunun əlilə bu həbsləri həyata keçiriblər.
Icra başçısının müavini ilə baş memarın qələmi necə qırılıb?
Əldə etdiyimiz yeni məlumatlar Şəki uğrunda gedən mübarizə və rayondakı həbslərin təfərrüatları barədədir. Məlumatlarda deyilir ki, Hikmət Səlimovun həbsindən sonra Fikrət Məmmədovun əlinə Cahangir Hacıyevin yaxın adamı olan icra başçısı Murad Cabbarlını sıradan çıxarmaq üçün fürsət düşüb. (Murad Cabbarlı sabiq icra başçısı Nazim Ibrahimov Cahangir Hacıyevi aldatmaqla onun yanında etimadını itirdikdən sonra bankir tərəfindən Şəkinin rəhbərliyinə gətirilib).
Həmin vaxt Ağarəhim Rəhimovun səlahiyyətlərini icra edən müavini Azər Zeynalov Respublika Prokurorluğuna intihar barədə məlumat verib. Azər Zeynalov icra başçısının birinci müavini, ədliyyə naziri Fikrət Məmmədovun əmisi oğlu Həsən Həsənovla dostdur. Elə buna görə də onun Respublika Prokurorluğuna ötürdüyü məlumatlar Fikrət Məmmədovun maraqlarına uyğun olub. Bundan sonra ədliyyə naziri Zakir Qaralovun vasitəsilə Şəkidə baş verənləri Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin diqqətinə çatdırıb. Hikmət Səlimovun intiharı və bu hadisənin rayonda yaratdığı ajiotajla bağlı Ramiz Mehdiyevə məruzə edən Zakir Qaralov PA rəhbərini inandıra bilib ki, Şəkidə bir neçə məmurun həbsi həyata keçirilməlidir. PA rəhbəri də “antikorrupsiya şousu” çərçivəsində belə həbslərin effektli olacağını nəzərə alaraq Eldəniz Qəhrəmanovla Yusif Abdurrəhmanovun üzərindən qara xətt çəkib. Beləliklə baş prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatı ilə adıçəkilən şəxslər həbs edilib. Məlumatlara görə, bu həbslərdə icra başçısı Murad Cabbarlının da müəyyən rolu olub. Icra başçısı Hikmət Səlimovun intiharı ilə bağlı hansısa oyunların getdiyindən duyuq düşüb. Bu baxımdan özünü məsuliyyətdən qurtartmaq üçün Eldəniz Qəhrəmanovla Yusif Abdurrəhmanovu güdaza verib.
Elmira Süleymanova prokurorla niyə yola getmir?
Lakin bu həbslər Cahangir Hacıyevin kadrlarını laxlada bilməyib. Ona görə də aranı qarışdırmaq üçün rayon prokuroru Ağarəhim Rəhimovun adı gündəmə gətirilib. Məlumatlarda bildirilir ki, bu həbsləri prokurorun həyata keçirməsi barədə xəbərlər məqsədli şəkildə mətbuata ötürülüb. Çünki Ağarəhim Rəhimov da Cahangir Hacıyevə yaxın şəxsdir. Prokurorun sabiq icra başçısı Nazim Ibrahimovla deyil, Cahangir Hacıyevlə şərikli biznesi var.
Nazim Ibrahimovla isə münasibətləri o qədər də yaxşı deyil. Bunun səbəbi Ağarəhim Rəhimovla ombudsman Elmira Süleymanova arasında olan ziddiyyətlərdir.
Təxminən 3 il əvvəl Mingəçevir sakinlərindən biri polis idarəsində işgəncələrdən dünyasını dəyişmişdi. Həmin vaxt cəmiyyətdə böyük rezonansa səbəb olan bu hadisəyə görə bir neçə polis cəzalandırılmışdı. Həmin polislərin məsuliyyətə cəlb olunmasında Ağarəhim Rəhimovun böyük rolu olub. Maraqlıdır ki, bu hadisədən sonra Mingəçevirə gələn Elmira Süleymanova prokuroru sərt tənqid edib. O, Ağarəhim Rəhimova bildirib ki, polisləri müdafiə etmədiyinə görə Daxili Işlər Nazirliyinin adına ləkə vurub. Ağarəhim Rəhimov da Elmira Süleymanovanın iradlarına adekvat tonda cavab verib. Maraqlıdır ki, bu hadisə Ağarəhim Rəhimovun yerinin Şəkiyə dəyişdirilməsinə səbəb olub. O dövrdə Şəkinin icra başçısı Nazim Ibrahimov olub. Nazim Ibrahimov isə bir tərəfi Şəkidən olan Elmira Süleymanovanın yaxın qohumudur. Elə bu səbəbdən icra başçısı Ağarəhim Rəhimovla yola getmirdi. Yeri gəlmişkən, Elmira Süleymanova indi də Ağarəhim Rəhimovla yola getmir.
Məlumatlarda vurğulanır ki, Fikrət Məmmədovla Abid Şərifov Şəkini Cahangir Hacıyevin nəzarətindən çıxarmaq üçün səylərini davam etdirir. Hazırda hər iki şəxsin yaxın qohumu icra hakimiyyətində çalışır. Yuxarıda qeyd etdik ki, birinci müavin Həsən Həsənov Fikrət Məmmədovun əmisi oğludur. Ədliyyə naziri onun icra başçısı olmasına çalışır. Abid Şərifova gəlincə, icra başçısının aqrar məsələlər üzrə müavini Xəlil Xəlilov baş nazirin yaxın qohumudur. Fikrət Məmmədovun planlarından xəbərdar olan baş nazirin müavini ona dəstək verməklə qohumunun birinci müavin olmasına çalışır.
Maraqlıdır ki, bütün bunların qarşılığında Cahangir Hacıyev heç bir addım atmır. Məlumatlara görə, bankirin sükutu özünün də vəziyyətinin yaxşı olmaması ilə bağlıdır.
Informasiya şöbəsi