Vətəndaş işgəncəyə məruz qaldığını deyir, DIN isə oğurluqdan danışır
“Azadlıq”ın ötən sayında məlumat vermişdik ki, Gəncə sakini Habil Hüseynov Tovuz polisləri tərəfindən işgəncəyə məruz qalıb. Habil Hüseynov qəzetimizə ünvanladığı məktubda bildirmişdi ki, yanvarın 29-da Şəmkir rayonunun Könüllü kədn sakini Əli Hüseynovun idarə etdiyi avtomobillə Tovuzdan Gəncəyə gedirmiş. Yolda Tovuz rayon Polis Şöbəsinin əməkdaşları onları saxlayıb: “Məni heç bir əsas olmadan polis şöbəsinə apardılar. Orada amansız işgəncələrə məruz qaldım. Rəisin Zəfər adlı birinci müavini öz kabinetində məni qəddarlıqla döyməklə yanaşı, 3 dəfə boyun nahiyəmə elektroşok verdi. Mən işgəncələrdən hüşumu itirdim. Ayılanda gördüm ki, rəis müavini Zəfər əlində dəsmal qulağımın arxasında axan qanı silir. Bədənimdə çoxsaylı xəsarət izləri olduğundan məni 4 gün polis şöbəsinin 2-ci mərtəbəsində saxladılar”.
Şikayətçinin sözlərinə görə, bundan sonra evlərinə xəbər verilib: “Anam polis şöbəsinə gəldikdən sonra məni buraxmaq üçün Cavad Səfərəliyev ondan 3400 dollar pul alıb. Mən sərbəst buraxılandan sonra anam bu qədər pul verildiyini mənə dedi”.
Dünən məsələ ilə DIN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə redaksiyamızla əlaqə saxlayıb. DIN rəsmisi bildirib ki, Habil Hüseynovun Tovuz polisləri tərəfindən saxlanıldığı təsdiqləsə də, onun işgəncəyə məruz qaldığını təkzib edib. Onun sözlərinə görə, yanvarın 30-da Tovuz sakinləri Əsli Həsənova və Hicran Qəhrəmanova rayon polis şöbəsinə müraciət ediblər: “Əsli Həsənovaya məxsus 2 qaz, Hicran Qərəmanovaya məxsus 1 qaz və 1 hinduşka yoxa çıxıb. Rayon polisi bununla bağlı əməliyyat keçirib. Tovuz rayonunun Düz Qırıqlı kəndi ərazisində Əli Hüseynova məxsus VAZ 21011 markalı 66 BD 481 markalı avtomabil saxlanılıb və oğurlanan quşlar həmin maşından tapılıb”.
DIN sözçüsü bildirib ki, bacanaq olan Əli Hüseynovla Habil Hüseynov polis şöbəsinə aparılıb. Hər iki şəxs oğurluq etdiyini etiraf edib: “Onlara heç bir işgəncəyə məruz qalmayıblar”. Habil Hüseynovla Əli Hüseynovun sərbəst buraxılmasına gəlincə, Orxan Mansurzadənin sözlərinə görə, hadisənin xarakteri, dəymiş zərərin ödənilməsi nəzərə alınaraq onlar azad ediliblər. DIN sözçüsü rüşvət faktını da inkar edib. Habil Hüseynov isə deyilənlərin yalan olduğunu söyləməklə prokurorluğa müraciət edəcəyini bildirib.
İnformasiya şöbəsi