“İqtidar yerli aksiyaların kütləvi xalq hərəkatına çevriləcəyindən narahatdır”
Sülhəddin Əkbər: “Azərbaycan ətrafında beynəlxalq şəraitin əlverişsiz olması hakimiyyətin qorxusunu daha da artırır”
Hakimiyyət bir qayda olaraq seçki ilində görüntü xatirinə bir sıra siyasi azadlıqların reallaşdırılmasına imkan versə də, 2013-cü il seçkiləri istisnaya bənzəyir. Hakimiyyət seçki ili olmasına baxmayaraq, yürütdüyü repressiya siyasətini daha da gücləndirir. Müsahibimiz ACP sədri Sülhəddin Əkbərə ilk sualımız belə oldu:
– Sülhəddin bəy, hakimiyyətin hazırda yürütdüyü aqressiv siyasət ölkəni hara aparır?
– Hakimiyyət yaxın zamanın təcrübəsindən yararlanaraq repressiv siyasətini davam etdirir. Bir qayda olaraq bu siyasət yürüdülür, repressiv addımlar atılır, insanlar həbs olunur, seçkidən sonra isə repressiyaya məruz qalanların problemi beynəlxalq təşkilatlarla alver predmetinə çevrilir. Nəticədə hakimiyyət seçki saxtakarlığını arxa plana ötürə bilir. Müəyyən müddətdən sonra da beynəlxalq təşkilatlarla münasibətlərin normallaşması üçün tədricən siyasi məhbus və siyasi repressiyalar məsələsinə baxış yumşaldılır. Bununla beynəlxalq təşkilatlarla münasibətlər yumşaldılmağa çalışılır. Yaxın tarixin təcrübəsi nəzərə alınsa, məncə, hakimiyyətin siyasətində bir dəyişiklik yoxdur. Əksinə, hakimiyyət ənənəvi siyasətini davam etdirir. Sadəcə olaraq ölkədə narazılıq, siyasi gərginlik artdığına görə, həm də Azərbaycan ətrafında beynəlxalq vəziyyət qəlizləşdiyindən hakimiyyətin qorxusu artır. Bu üzdən hakimiyyət repressiyaların dozasını artırır və yəqin ki, bu, artan xətlə davam edəcək. Müxalifətin toparlana bilməməsi, demokratik qüvvələrin geniş koalisiya yarada bilməməsi, cəmiyyətin təşkilatlanıb, mütəşəkkil şəkildə müqavimət göstərə bilməməsi, hazırkı durumun əsas subyektiv səbəblərindəndir.
Hakimiyyət qorxduğundan hücuma keçir
– Bu sualı təsadüfən vermədim. Bu günlərdə səsləndirdiyi fikirlərə görə ilahiyyatçı Taleh Bağırzadə həbs olunub. Bundan başqa, bir müddət əvvəl Qəbələdə əmək haqları ilə bağlı problemlər yaşayan və bu üzdən etiraz edən fəhlələrdən 3-ü həbs olunub. Bu addımları necə qiymətləndirmək olar.
– Bu gün üçün hakimiyyətin ən böyük qorxusu hazırda cərəyan edən proseslərlə bağlıdır. Hakimiyyət görür ki, əhali arasında narazılıq artır və bu, getdikcə kütləvi hal alır. Artıq yerlərdə müxalifətsiz də lokal etiraz aksiyaları keçirilir. Hardasa yolu bağlayırlar, fəhlələr əmək haqlarını ala bilmədiklərinə görə tətil edirlər. Hakimiyyət yerli aksiyaların demokratik düşərgə ilə birləşərək iri xalq hərəkatına çevriləcəyindən narahatdır. Ona görə hakimiyyət ona qarşı yönələn hər cür etirazı zorakılıqla yatırır. Qorxunu artıran daha bir səbəb Azərbaycan ətrafında beynəlxalq şəraitin hakimiyyət üçün əlverişsiz olmasıdır. Əvvəlki seçkilərdən fərqli olaraq 2013-cü il seçkisi tam başqadır. Bunun üçün mətbuatın monitorinqini aparmaq kifayət edir ki, rəsmi Bakı ilə Vaşinqton, Kreml, Ankara və Brüssel arasında hansı gərgin əlaqələrin olduğunu görəsən. Yəni Azərbaycan ətrafında beynəlxalq şəraitin də əlversiz olması bu narahatlığı artırır. Hakimiyyət proqnozlaşdırır ki, seçki yaxınlaşdıqca cəmiyyətdə ictimai aktivlik, təşkilatlanma daha da artacaq və seçki kampaniyası dövrünü nə qədər qısaltsalar da, bu müddətdə hakimiyyət məcbur olacaq ki, kütləvi tədbirlərin keçirilməsinə icazə versin. Ona görə hakimiyyət qabaqlayıcı tədbirlər keçirir; harda çıxışlar olursa, kim ona qarşı cəsarət nümayiş etdirib çıxış edirsə, o mütləq cazalandırılmalıdır ki, o birilərinə dərs olsun. Hakimiyyət etirazların kütləvi hal almamasına çalışır. Çünki bu etirazlar yayılarsa, hakimiyyətə qarşı etirazlar baxımından əlverişli zəmin formalaşacaq. Ona görə hakimiyyətin öz planına uyğun önləyici addımları reallaşdırdığı həbslərdir.
Hakimiyyət güc nisbətinin dəyişməsindən ehtiyatlanır
– Hakimiyyət təkcə öz vətəndaşlarına qarşı deyil, beynəlxalq qurumlara münasibətdə də eyni mövqeyi nümayiş etdirir. MDI-yə qarşı hücumlar, ATƏT-in fəaliyyətinin məhdudlaşdırılması, səfirliklərin Azərbaycanın regionlara səfərlərinin çərçivəyə salınması buna misal olaraq göstərilə bilər. Hakimiyyətin bu cür davranışları nə vəd edir?
– Bu bir tərəfdən hakimiyyətin qorxusunun artması ilə bağlıdır. Digər tərəfdən də hakimiyyət düşünür ki, bu gün onlara hansısa Qərb mərkəzləri müəyyən dəstək versələr də, seçki öncəsi bu dəstək çəkilə bilər. Azərbaycanda müxalifət bir mərkəzdə birləşərək, xalqı təşkilatlandıra bilərsə, ölkədə demokratiya uğrunda böyük bir hərəkat başlayarsa, iqtidar həmin zaman Azərbaycanda marağı olan güc mərkəzlərinin mövqelərini dəyişə biləcəyini proqnozlaşdırır. Ona görə də hakimiyyət özünü sığortalamaq üçün təminatlı siyasət aparır. Hakimiyyət seçkiyə gedərkən həm ölkədaxili, həm də beynəlxal faktorları, onların fəaliyyətini məhdudlaşdırmaqla öznünün qorxularını azaltmaq istəyir. Hakimiyyət ona olan təhdidləri əvvəlcədən aradan qaldırmağa çalışır.
– Bu arada iki informasiya diqqətimizi cəlb etdi. Birinci informasiya ABŞ-ın dövlət katibi Con Kerrinin Elmar Məmmədyarova zəng edərək onunla MDI və ATƏT-lə bağlı məsələləri müzakirəyə çıxardığı ilə bağıdır. Digər informasiya isə Lavrovun Bakıya səfəri barədə idi. Hər iki informasiya dərhal təkzib olundu. Bu isə müəyyən fərziyyələr yaradır ki, informasiyaları hakimiyyət mətbuata sızdırıb?
– Burada dəqiq informasiyamız olmadığına görə nəsə fikir söyləmək çətindir. Amma burada iki fərziyyə ilə çıxış etmək olar. Bir fərziyə ondan ibarətdir ki, hakimiyyət bu informasiyaları yaymaqla ABŞ-ın yüksək rəhbərliyi ilə əlaqəyə girmək arzusunu ifadə edir. Digər tərəfdən də ola bilsin ki, bu istiqamətdə müəyyən qapalı kanallarla danışıqlar gedib. Amma ABŞ-la bu danışıqlar effekt vermədiyindən belə bir addım atılıb. Ancaq bu artıq hakimiyyətin ziyanına olan bir tendensiyadır.
Milli Şura ideyasına həssas yanaşmaq lazımdır
– Hazırda müxalifətdaxili inteqrasiya prosesi mətbuatda aktiv müzakirə olunur. “EL” Hərəkatı ilə Ictimai Palata arasında danışıqların getdiyi bildirilir. Bundan başqa, bu prosesə digər müxalifət partiyalarının da qoşulduğu bildirilir. ACP necə bu prosesdə iştirak edirmi?
– ACP-nin bu istiqamətdəki əsas strategiyası müxalifətin geniş koalisiyasının yaradılmasından ibarətdir. Rüstəm Ibrahimbəyov da Milli Şura təklifini irəli sürəndə biz bu təklifə müxalifətin birlik modelinin bir forması kimi baxdıq. Ona görə də bu təklifi təqdirəlayiq hesab edirik. Eyni zamanda bizim tənqidlərimiz və iradlarımız da oldu ki, əgər gerçəkdən də müxalifətin geniş koalisiyasının yaradılması nəzərdə tutulursa, Milli Şura ideyasına həssas yanaşmaq lazımdır. Müxalifətin geniş koalisiyası hərtərəfli müzakirələrdən yarana bilər. Bu danışıqlar dar çərçivədə aparılacaqsa, bu bizim arzuladığımız nəticəni verməyəcək. Bizim Eldar Namazovla bu istiqamətdə görüşümüz və müzakirəmiz olub. Onda Eldar Namazov bildirdi ki, bu istiqamətdə görüşlər digər təşkilatlarla da davam edəcək və çalışacaqlar ki, müzakirələr, ordan çıxan qərarlar ətraflı olsun. Belə olan halda bu birlik siyasi və ictimai cəhətdən legitimlik qazanacaq. Bir məqama diqqət yetirməliyik. Azərbaycan müstəqillik qazananda, müstəqilliyini bərpa edəndə də Milli Şura yaranıb. Amma bu şura seçki əsasında təşkil olunduğuna görə legitim əsaslı idi. Indi nəzərdə tutulan şuraya seçkilər keçirilmədiyinə görə, heç olmasa bu təşkilat siyasi və ictimai cəhətdən legitim olsun. Bütün siyasi partiyaların hamısı olmasa da, mütləq əksəriyyəti bu birliyi dəstəkləsin. Yaranan Milli Şura xalqdan dəstək görsün ki, bu şuranın legitim olmamasını, ictimai legitimlik kompensasiya etsin. Amma bu ideyanın gerçəkləşməsini çox yubatmaq olmaz. Çünki seçkilərə altı aydan bir az artıq vaxt aqlır.
– Müxalifətdaxili inteqrasiyanın gündəmdə olduğu bir məqamda müxalifət partiyaları arasında qarşılıqlı ittihamlar da səslənir. Misal olaraq sizin rəhbərlik etdiyiniz təşkilatla Müsavat Partiyası arasında olan münasibətləri göstərmək olar. Baş verənləri nə dərəcədə düzgün sayırsınız?
– Bu barədə mətubatda geniş açıqlamalarla çıxış etmişəm. Bir daha vurğulamaq istəyirəm ki, ACP və onun rəhbərliyinin kiminləsə şəxsi və ya qrup marağından çıxış edərək ziddiyyəti yoxdur. Sadəcə olaraq biz aparılan siyasətə münasibətimizi bildiririk. Aylardır ki, müxalifətin geniş koalisiyasının yaradılması istiqamətində səylər göstərilir. Biz də bir siyasətçi kimi məsuliyyət daşıyırıq ki, danışıqların nəticə vermədiyi barədə cəmiyyətə məlumat verək.
– İlham Əliyevin məmurları hədələyən müşavirəsindən sonra bir dəyişiklik hiss edirsinizmi? Artıq bu hədələrdən bir xeyli zaman keçib…
– Açığı bu dəyişiklik hiss olunmur. Bir müddət keçsə də elə bir dəyişiklik baş verməyib.
– Bu seçkiləri fərqli edən xeyli cəhətlər var. Sosial şəbəkələr ayaqdadır. Cəmiyyətdə hakimiyyətdən narazılıq durmadan artır. Bundan başqa, Azərbaycanın yerləşdiyi regionda vəziyyət gərgin olaraq qalır. Hakimiyyət öz xarici müttəfiqlərini itirməkdədir. Bu hakimiyyətə nə vəd edir?
– Azərbaycan həqiqətən də mürəkkəb bir dövrə daxil olub. Baş verə biləcək proseslərə təsir edə biləcək amilləri iki qrupa bölmək lazımdır. Biri daxili-siyasi, ikinci geosiyasi amillərdir. Fikrimcə, hər iki qrup amili nəzərə almaq lazımdır. Bu məqamlar nəzərə alınarsa, hakimiyyəti heç də yaxşı gələcək gözləmir. Hakimiyyət siyasi islahatlar aparmaq yolunu tutmadı və yaxın zamanlarda da bunun olacağı inandırıcı deyil. Hakimiyyət qarşıdurma yolunu seçir. Burada isə müxalifətin məsuliyyəti ikiqat artır. Bu, qarşıdan gələn sınaqdan Azərbaycan cəmiyyəti və dövlətinin uğurla çıxa bilməsi üçün gərəkdir.
Xəyal