Məşhur şair moğol hökmdarı Şahcahanın sarayında…
Məlum olduğu kimi, I Şah Təhmasibin zamanında Təbrizi osmanlılar ələ keçirmişdi. Bu sənət və mədəniyyət mərkəzi azad edildikdən sonra I Şah Abbas bir çox təbrizliləri Isfahana köçürür. Bu köçürülən şəxslər arasında Saib Təbrizinin atası da vardı. Ailənin köçürülməsindən sonra Saib öz təhsilini və yaradıcılıq fəaliyyətini Isfahanda davam etdirir. Saib burada dövrün görkəmli alimlərindən olan Kaşi və Şəfaidən dərs alır.
Gənc Saib təhsilini bitirdiyi zaman artıq onu Isfahanda ziyalı və istedadlı şair kimi tanıyırdılar. Beləliklə, tanınmış şair dövrünün ənənələrinə uyğun olaraq, səyahətə çıxmaqla təhsilini davam etdirir. Təbrizi Məkkə və Mədinə ziyarətində olur, sonra da Osmanlıya gedir. Saib Təbrizi burada ölkənin tanınmış şair və alimləri ilə tanış olur, yaradıcılıq müzakirələrinə qatılır…
Mirzə Məhəmməd Əli Saib Təbrizi 1601-ci ildə Təbriz şəhərində doğulmuş və ibtidai təhsilini də burada almışdır. Onun atası Mirzə Əbdürrəhim tacir idi. Məşhur təzkirəçi Nəsrabadin onun dərin nüfuz qazanmış bir şəxs olduğunu yazırdı. Onun ata babası Şəms əd-Din Məhəmməd Təbrizi isə bütün şərq dünyasında “Qələmi şirin” adı ilə tanınmış çox mahir xəttat idi.
Klassik Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Saib Təbrizi XVII əsrdə yaşayıb-yaratmışdır. O, mənşəcə Azərbaycan türkü idi. Təbrizi həm Azərbaycan türkcəsində və həm fars dilində gözəl əsrlər yaratmışdır.
Səyahətdən sonra yenidən Isfahana qayıdan Saib burada səmimi münasibət görmür. O, 1625-ci ildə Hindistana gedir. Yolçuluğu müddətində Kabula dönən Təbrizi Kabul hökmdarı, şeir aləmində Zəfərxan təxəllüsü ilə tanınan Mirzə Əhsənulla Nəvvab tərəfindən əziz bir dost kimi qarşılanır. Hökmdar onu öz sarayında qonaq saxlayır. Beləliklə, 1630-cu ildə Zəfərxan Saibi də özü ilə birlikdə moğol hökmdarı Şahcahanın sarayına aparır…
“Isfahan üslubu” poetik cərəyanının yaradıcısı
Bura gələn Saib sarayda görkəmli həkim və şair, Azərbaycan türkcəsində yazılmış məşhur “Vərqa və Gülşa” poemasının müəllifi Məsihi ilə rastlaşır. O dövrdə Məsihi burada şahın həkimi kimi çalışırdı. Yazılı qaynaqlarda bir çox təzkirəçilər Məsihini Saibin tələbəsi hesab edirlər. Beləliklə, onların dostluğu hər iki şairin yaradıcılığına müsbət təsir edir və uzun sürür. Saib Təbrizi Məsihinin yaradıcılığını yüksək qiymətləndirir və onun ölümündən sonra dostunun “Divan”ının ilk tərtibatçılarından olur. Təzkirəçi Mirzə Tahir Nəsrabadinin yazdığına görə, Saibin evində Məsihinin on “Divan”ı varmış.
Daha sonra Saib Təbrizinin atası oğlunun arxasınca Hindistana gəlib, onu Isfahana aparmaq üçün icazə istəyir. 1633-cü ildə artıq Kəşmir hökmdarı olan Zəfərxan Sahibin vətənə dönmək arzusunu yerinə yetirir. Amma onun vətəndə qalmaq planı bir sıra səbəblər ucundan baş tutmur. Şair Isfahanda çox qala bilmir və yenə səyahətə yollanır. O, Məşhəd, Qum, Qəzvin, Yəzd, Ərdəbil şəhərlərini gəzərək yenidən Isfahana dönür. Bu dəfə II Şah Abbas şairi ehtiramla qarşılayır və sarayına dəvət edir. Saib sarayda “məlik-üş-şüəra” – şairlərin başçısı olur. Şair burada lirik qəzəllər və qəsidələr yaradır.
“Vikipedia” yazır ki, Saib Təbrizi yaradıcılığı ilə Iran tədqiqatçılarının “Isfahan üslubu” adlandırdıqları yeni poetik cərəyan yaradır. Təbrizini Hindistanda farsdilli poeziyanın “Hindistan məktəbi”nin banisi kimi tanıyırlar. Sarayda ikən Saib öz qəsidə və epik əsərlərində şahın hərbi zəfərlərini tərənnüm edir. Bu əsərlər arasında “Qəndəharnamə” poeması bədii dəyərinə görə xüsusi yer tutur. Poema II Şah Abbasın Əfqanıstan yürüşünə və 1649-cu ildə Qəndəharı tutmasına həsr olunub.
Amma hakimiyyətə Şah Süleyman (1666-1694) gəldikdən sonra sarayda Saibə münasibət ciddi surətdə dəyişməyə başlayır və o, sarayı tərk edir.
“Kim ki, gəldi bu cahan mülkünü abad elədi…”
Saib ömrünün son on ilini öz əsərlərinin sistemləşdirilməsinə və qaydaya salınmasına həsr edir. O, öz şeirlərini mövzular üzrə ayıraraq, “Miratül-camal”, “Arayişe-nigar” və “Vacibül-hifz” adlı toplular təşkil edir.
Təbrizi özündən sonra böyük bir poetik irs qoyub getmişdir. Bəzi tədqiqatçılar belə hesab edirlər ki, onun irsi təqribən 300 min beyt təşkil edib. Görkəmli Azərbaycan alimi Məhəmməd Əli Tərbiyət özünün “Azərbaycanın görkəmli adamları” kitabında yazır ki, o özü Saibin 120 min beytlik “Divan”ını (poemaları daxil olmadan) gözü ilə görüb.
Saib Təbrizi 1677-ci ildə Isfahan şəhərində vəfat edib və orada da dəfn edilib.
Saibin yaradıcılığı indi Azərbaycanla bərabər, Iranda, Hindistanda və Qərbdə də tədqiq olunmaqdadır. Bütün tədqiqatçılar Saibin istedadını və onun Şərq ədəbiyyatının inkişafındakı müstəsna xidmətlərini qeyd edirlər. Məşhur çex alimi Yan Ripka belə hesab edir ki, Hafiz Şirazi və Sədidən sonra Saib Təbrizi ən parlaq şairdir. Akademik Krımskinin dediyinə görə, Saib XVII əsr Iran şairlərinin ustadıdır. Akademik Bertels onu öz əsrinin Hafizi sayır.
Saib Təbrizinin yaradıcılığı ilə müxtəlif dövrlərdə Seyid Əzim Şirvani, Hüseyn Əfəndi Qayıbov, Firidun bəy Köçərli, akademik Həmid Araslı, şair-ədəbiyyatşünas Balaş Azəroğlu, tədqiqatçılar Həsən Bicari və Məsiağa Məhəmmədi maraqlanmış və onun irsini tədqiq etmişlər.
Kim ki, gəldi, bu cahan mülkünü abad elədi,
Qəm-kədər içrə öz ömrün başa vurdu, getdi.
Ancaq o kəslərə xoş keçdi həyat şimşək tək,
Doğulub sonra da şimşək kimi soldu getdi.
Kimi də zəvvar idi Kəbə evin görmək üçün,
Sanki bu yer kürəsi sadəcə yoldu, getdi.
Saibin də dolu idi ürəyi ümmid ilə,
Naümidlik kədərilə yenə doldu getdi.
Tarixdə elə şəxsiyyətlər var ki, onların irsi və istedadının məhsulu bütün bəşəriyyətə məxsusdur. Bir Azərbaycan türkü olan Saib Təbrizinin taleyi isə bir qədər başqadır. Onu həm Azərbaycan, həm Iran, həm də Hindistan öz şairi hesab edir. Bununla bərabər, onların heç biri şairin irsi üçün özünü müstəsna hüquq sahibi saymır. Şair bu ölkələrin hər biri üçün böyük xidmət sahibidir. Böyük şair özünün poetik istedadının inkişafında Təbrizin rolunu xüsusi qeyd edir. O, mənşəcə Azərbaycan türkü olması ilə fəxr edir, doğma şəhərini məhəbbətlə tərənnüm edir:
Əgər Sədi Şirazın gilindən yaranıbsa, Saib tərtəmiz Təbriz torpağındandır.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir