Azərbaycandan fərqli olaraq bu ölkələrdə həyat səviyyəsi çox yüksəkdir
Liviyada benzin sudan ucuzdur
Neft pulları hesabına nəhəng infrasturktur layihələr həyata keçirən Azərbaycan hökuməti bunu ölkənin inkişafı kimi qələmə verir. Sarayların, stadionların, idman komplekslərinin tikintisi, eyni zamanda cüzi maaş və pensiya artımları isə ölkə vətəndaşlarına qayğı kimi təqdim edirlər. Hətta bir müddət əvvəl keçirdiyi müşavirələrdən birində dövlət başçısı Ilham Əliyev dünyada neftlə zəngin olan kifayət qədər çox ölkələrin olduğunu xatırladaraq heç bir ölkədə iqtisadi inkişafın Azərbaycandakı kimi sürətli olmadığını deyib. O, hətta dünyanın aparıcı iqtisadi qurumlarının Azərbaycanda gedən prosesləri heyranlıqla müşahidə etdiyini də bildirib. Deyilənlərin nə dərəcədə həqiqətə uyğun olduğunu bilmək üçün digər neft ölkələrinin iqtisadi inkişafına və əhalisinin yaşayış səviyyəsinə diqqət yetirmək olar. Bu istiqamətdə araşdırmamız olsa da, mövzuya yenidən qayıtmağı lazım bildik. Əvvəlcə neft ölkələrində benzinin qiymətinə nəzərə salaq.
Azərbaycanda benzin başqa neft ölkələrindən bahadır
Ilk növbədə o qədər də zəngin hesab edilməyən neft ölkələrinə baxaq. Məsələn, neft ölkəsi olan Qazaxıstanda ixracda neft və neft məhsullarının payı cəmi 35%-dir. Azərbaycanda isə bu göstərici 80%-i üstələyir. Dövlət büdcəsinin 75%-i isə birbaşa neftdən formalaşır. Qazaxıstanda ötən il inflyasiya 7,4% təşkil edib. Azərbaycanda isə bu göstərici 10%-dən çox olub. Qazaxıstanın maliyyə sistemi inkişaf, şəffaflıq və dövlətin müdaxiləsindən müdafiə səviyyəsinə görə MDB-də birinci yerdədir. Adambaşına düşən ÜDM isə 12401 dollar təşkil edir. Bu göstəriciyə görə ölkə Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, 69-cu yerdə qərarlaşıb. Xatırladaq ki, Azərbaycan 81-ci yerdədir. Bu ölkədə neftin qiyməti 0,58 dollar olduğu halda, Azərbaycanda 0,70 dollardan ucuz benzin yoxdur.
Digər neft ölkəsi kimi Meksikanı misal çəkə bilərik. Iri neft ixracatçısı olan bu ölkənin ixracında neftin payı cəmi 12%-dir. Ölkədə kənd təsərrüfatı və istehsal sənayesi inkişaf edib. Adambaşına düşən ÜDM 14 582 dollar təşkil edir və bu göstəriciyə görə Meksika dünyada 57-ci yerdədir. Bu ölkədə benzinin bir litri 0,55 dollardan yuxarı qalxmır. 2012-ci il ölkədə inflyasiyanın səviyyəsi 3.6% təşkil edib.
Latın Amerikasının digər neft ölkəsi Venesueladır. Bu ölkənin ixracdan gələn gəlirlərinin 80%-ni neft pulları təşkil edir. Dövlət büdcəsinin 50 faizi də neftdən gələn pulların hesabına formalaşır. ÜDM-də neftin payı isə 30%-dir. Adambaşına düşən ÜDM 12,9 min dollardır. Bu göstəriciyə görə Venesuela dünya ölkələri arasında 62-ci yerdədir. Bu ölkədə benzinin qiyməti cəmi 0,11 dollardır.
Latın Amerikasının neft istehsal edən digər ölkəsi Braziliya isə iqtisadi artım templərinə görə dünyada yeddinci yerdədir. Hətta bu göstəriciyə görə onun yaxın vaxtlarda Böyük Britaniya və Fransanı da geridə qoyacağı gözlənilir. Ötən il ölkədə inflyasiya 4% təşkil edib. Adambaşına düşən ÜDM isə 11 289 dollardır. Bu göstərici ilə o, 71-ci yerdə qərarlaşıb.
Neft hasilatı həcmlərinə görə OPEK üzvləri arasında ikinci olan qonşu Iranın iqtisadiyyatı Asiyada yalnız Çin, Yaponiya, Türkiyə, Cənubi Koreyadan geri qalır. Adambaşına düşən ÜDM 11,600 dollar təşkil edir və bu göstəriciyə görə Iran 72-ci yerdə qərarlaşıb. Dövlət büdcəsinin 45%-i neftdən asılıdır. Ölkədə benzinin bir litri 0,60 dollardır.
OPEK ölkələri arasında Iranla barəbər Iraq da neft hasilatı həcmlərinə görə ikinci yerdə dayanır. Lakin bu ölkədə uzun illər hökm sürən diktatura rejimi, daha sonra isə davamlı müharibə iqtisadiyyatın inkişafına əngəllər törədib. Ölkədə adambaşına düşən ÜDM 5 min dollar təşkil edir.
OPEK-ə üzv olan neft hasilatçısı ölkələri arasında Anqolanın da adı var. Bu ölkənin iqtisadiyyatı əsasən neft ixracına əsaslanıb. ÜDM-də neftin payı 85% təşkil edir. Anqola iqtisadi cəhətdən zəif inkişaf edən ölkə sayılsa da, son illər burada iqtisadi artım müşahidə edilir. Adambaşına düşən ÜDM 6443 dollar təşkil edir. Bu göstəriciyə görə Anqola 95-ci yerdə qərarlaşıb. Bu da onun yerləşdiyi region üçün yüksək göstərici sayılır.
Afrikanın neftlə zəngin digər ölkəsi isə Nigeriyadır. Uzun illər siyasi qeyri-stabillikdən əziyyət çəkən bu ölkədə iqtisadi inkişaf müşahidə edilmirdi. Ötən illərdə bu ölkənin gəlirlərinin 80%-ni neft pulları təşkil edirdi. Lakin son illər həyata keçirilən iqtisadi islahatlar ölkədəki inkişaf templərini artırıb. Xüsusilə hökumət özəl sektorun inkişafı üçün zəruri addımlar atır. Adambaşına düşən ÜDM 2400 dollar təşkil edir və bu göstəriciyə görə Nigeriyə 138-ci yerdə qərarlaşıb.
Bunlar neftlə zəngin olub, lakin dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada dayanmayan ölkələr idi. Lakin bununla belə, bu ölkələrin əksəriyyətində iqtisadi inkişaf Azərbaycandan yüksək, neftdən asılılıq isə ölkəmizdə olduğundan azdır. Neft hasilatı ilə məşğul olub iqtisadiyyatını və əhalisinin yaşayış səviyyəsini yüksək həddə çatdıran ölkələr də az deyil. Azərbaycanı məhz bu ölkələrlə müqayisə etmək yerinə düşər.
Neft ölkələrində təhsil və səhiyyə pulsuzdur
Məsələn, Avropanın ən iri neft və qaz istehsalçısı olan Norveç dünyanın ən inkişaf etmiş ölkələri arasında yuxarı pillələrdə yer alıb. Lakin bu ölkədə neft gəlirləri Azərbaycandan fərqli olaraq talanmır və gələcək nəsillər üçün saxlanılır. Avropada ən aşağı inflyasiya səviyyəsi də məhz Norveçdədir, cəmi 3 faiz. Adambaşına düşən ÜDM 59 600 dollardır. Bu göstəriciyə görə Norveç 4-cü yerdə qərarlaşıb.
Neftlə zəngin ərəb ölkələri isə bir çox məqamlara görə nəinki Azərbaycanı, hətta dünyanın digər inkişaf etmiş ölkələrini də geridə qoyur. Məsələn, bu ölkələrin hamısında təhsil və səhiyyə pulsuzdur. Həmçinin zəngin dövlətlər siyahısında neftlə zəngin ərəb ölkələri ilk iyirmilikdə qərarlaşıb.
Bu ölkələrdən bir neçəsini misal gətirmək olar. Inqilabdan sonra ağır böhran dövrünü yaşayan Liviyada adambaşına düşən ÜDM 15 min dollar təşkil edir. Bu göstəriciyə görə Liviya 56-cı yerdə qərarlaşıb. Bu ölkədə neftdən gələn gəlirlər əhali arasında bərabər bölünür. Hər liviyalı ailəsi ildə 1000 dollar əlavə pul alır. Işsizliyə görə müavinət 750 dollar təşkil edir. Maaşdan əlavə ərzaq xərclərini ödəmək üçün hər ailəyə 400 dollar pul verilir. Baxmayaraq ki, bu ölkədə bir ailənin bir aylıq ərzaq xərcləri təxminən 85 dollardır. Hər doğulan uşağa görə dövlət ailəyə 7000 dollar pul verir. Biznes qurmaq istəyən şəxslərə dövlət 20 min dollar yardım edir. Ölkədə vergi yoxdur. Əhali elektrik enerjisi və ev pulundan azaddır. Çoxuşaqlı ailələr üçün simvolik qiymətlərlə ərzaq dükanları şəbəkəsi fəaliyyət göstərir. Apteklərin əksəriyyətində dərmanlar pulsuz verilir. Avtomobil və ev almaq istəyənlər üçün kreditlər faizsizdir. Liviyada benzin sudan ucuzdur – 0,14 dollar. Bütün bunlar devrilmiş diktator Müəmmər Qəzzafinin vaxtından mövcuddur.
Birləşmiş Ərəb Əmirliyində yeganə gəlir mənbəyi neftdir. Bu ölkədə adambaşına düşən ÜDM 37 min dollardır və bu göstəriciyə görə ölkə 15-ci yerdədir. Diqqət çəkən məqamlardan biri odur ki, ölkə varlanandan sonra ilkin olaraq hər bir adama 400 min dollar ayrıldı. Bu pul ölkə vətəndaşlarının “ayağa durması” üçün nəzərdə tutulurdu. Bu ölkədə hər yeni doğulan uşağın hesabına dövlət 10 min dollar pul qoyur. Hər qurulan ailənin hesabına dövlət 100 min dollar köçürür. Bu ölkədə üçüncü uşağın doğulmasından sonra isə ailənin bütün kredit borcları bağışlanır. Hər doğulan uşağa görə isə anaya 20 min dollar və torpaq sahəsi verilir. Ərəb Əmirliyində minimum əmək haqqı 3000 dollardır. Ölkə vətəndaşları kommunal xərclərdən azaddır. Maraqlıdır ki, 35 yaşına qədər ailə qurmayan qadınlara dövlət maddi cəhətdən yardım etməyi özünə borc bilir. Boşanan və dul qalanlar da dövlətin xüsusi qayğısını üzərində hiss edir. Hətta bəzi ərəblər imtiyaz və uşaq pulundan imtina edir. Buna səbəb onların maddi durumunun xeyli yüksək olmasıdır.
Neftlə zəngin digər ölkə Küveytdir. Adambaşına düşən ÜDM 60 800 dollardır. Bu göstərici ilə ölkə 9-cu yerdə qərarlaşıb. Bu ölkənin əhalisi neft gəlirlərindən yetərincə yararlana bilir. Məsələn, hər doğulan uşağın hesabına dövlət 3000 dollar pul qoyur. Ölkədə minimum əmək haqqı 3500 dollar təşkil edir. Orta əmək haqqı isə 9000 min dollardır. Əhali kommunal xərclərdən azaddır. Adambaşına düşən avtomobillərin sayına görə də Küveyt dünyada birincidir.
Səudiyyə Ərəbistanında adambaşına düşən ÜDM 24 min dollardır. Bu göstəriciyə görə dünyada 37-ci yerdədir. Ölkədə sosial ödəmələrə ildə 30-35 milyard dollar pul xərclənir. Kənd təsərrüfatı ilə məşğul olmaq istəyənlərə isə böyük imtiyazlar nəzərdə tutulub.
Neft ölkələrindən Qətər hazırda dünyanın ən zəngin ölkəsi sayılır. Bu ölkədə adambaşına düşən ÜDM 102,9 min dollardır və bu göstəriciyə görə o, dünyada birincidir.
Neft ölkələrindən Omanda, Bruney, Bəhreyndə də həyat səviyyəsi, iqtisadi inkişaf olduqca yüksəkdir. Omanda adambaşına düşən ÜDM 26 197 dollar, Bruneydə 47 200 dollar, Bəhreyndə 26 807 dollardır. Bruney bu göstəriciyə görə dünyanın zəngin ölkələri arasında 5-ci yerdə qərarlaşıb. Güclü iqtisadiyyatı olan bu ölkələrin hər biri sosial göstəricilərə görə inkişaf etmiş ölkələrlə bir sırada dayanır. Bu ölkələrdə orta aylıq əmək haqqı 6000 dollardan artıqdır.
Müqayisə göstərdi ki, yalnız bir neçə ölkədə, konkret olaraq Afrika dövlətlərində və müharibə səbəbindən ağır vəziyyətə düşən Iraqda vəziyyət Azərbaycandan pisdir.
Fizzə