İlaxır çərşənbəsi günü – bayram axşamı Bakıda bir ailə üçün doğrudan da hər şeyin axırı olub. Dayanmaq bilməyən dəm qazı ölümləri bu dəfə də Binəqədidə yeni tikilidə bir ailənin 3 üzvünü yaxalayıb. Ağzınızda da yeni tikinti deyirsiniz, istəyirsiniz Yeni Azərbaycan Partiyasını da yada salın bu “yeni” sözünün xətrinə, amma mümkündürsə, özünüzə sual edin: nəymiş o tikintinin yeniliyi? Köhnədən tikərdilər, adamlar da nə bəmdən, nə dəmdən ölməzdi. Bəs bunun harası yeni oldu?
Indi mən desəm, bu Yeni Azərbaycan Partiyasının idarəçiləri hara baxır ki, bu ölkədə qaz can qızdırmaq əvəzinə, can alır, siz də nəsə deyəcəksiniz. Bəlkə yenə söyləyəcəksiniz ki, daha bunu da siyasiləşdirməyin. Bunun nə dəxli var idarə edənlərə, YAP-a, lap elə onun lideri Ilham Əliyevə?
Bəs sizcə yeni tikintinin bütün təhlükəsizliklərə, bütün tələblərə cavab verməsinə dövlət nəzarət etməlidirmi? Bunun üçün bizim pullarımızla işləyən nazirlik və idarələr nə üçündür?
Digər tərəfdən, “dünyaya qaz satıram” deyən dövlət öz vətəndaşına qaz satanda nəzərə almalıdırmı ki, bu qazı ziyansız tərkibdə və ya təhlükəsiz üsulla çatdırmağa, həmçinin təhlükəsiz şəkildə istifadə şəraiti yaratmağa öhdəliyi var. Hələ qaz satan kimi öhdəlikləri bir yana dursun, o, dövlətdirsə, vətəndaşın özünü istənilən halda qorumağa borcludur.
Yaxşı, bunu anladıq, arta-arta ciddi statistikaya çevrilən bu dəm qazı ölümləri maşınların qara plyonkaları qədər ölkə başçısının diqqətini çəkməyə layiq deyil, heç olmasa son illərdə bizə müəmmalı qiymətə alınmış iki təzə sayğac quraşdıran qaz idarəsi nə düşünür? Axı bu dünyada dəm qazı dedektoru deyilən bir qurğu da var və bu idarə onu hər evə quraşdırmağa borcludur. Bəli, borcludur. Çünki onun satdığı qaz adam öldürür. Çünki o bu qazın satışından gəlir götürür. Odur ki, hər evə pul-hesab sayğacı quraşdırdığı kimi, ölüm-həyat sayğacı olan dedektor da quraşdırmalıdır. Üstəlik, bu işə görə xərcin bəlli hissəsini üzərinə də götürməlidir, məsələn, hər mənzilə iki dedektorun qoyulması xərcini. Maşallah, ölkəmizin də pulu çoxdur, Luvr muzeyini də təmir etməyə çatır…
Dəm qazı dedektoru baha olmayan, sadə bir qurğudur: otaqda, mənzildə, hər hansı qapalı mühitdə dəm qaz sızıntısını dərhal səs və işıq siqnalları ilə xəbər verir, yatanı belə oyadır. Hətta bəzi qurğular dərhal mənzilə qazın gəlişini avtomatik olaraq dayandırır.
Bunu da tələb etmirsə, bəs bu dövlət nə etməlidir? Bacanı təmizləmir, təmizlənməsinə nəzarət etmir; binanın düzgün tikilməsini təmin etmir; təhlükəli sobaların ölkəyə gəlişini qadağan etmir, istifadəsinə nəzarətə götürmür; mənzillərə dəm qazı dedektoru quraşdırmır; doğrudan da, bəs o nə etməlidir? Onun işi nəyəsə etiraz edəndə “bunu siyasiləşdirməyin” deməkdir bəlkə?
Bəs bu halda vətəndaş neyləsin? Dövlətin idarəçiləri neft pulu ilə dəmlənib, hər şeyi özbaşına buraxırsa, vətəndaş nə etsin ki, bu dəm qazı siyasiləşməsin?!
***
Yeri gəlmişkən, bu arada Elşad Abdullayev təzə videolar yaydı. Bu dəfə quldurluq səhnəsində MTH əməkdaşları rol alır. Əvvəlki videoları da nəzərə alsaq, nəticə budur: Ölkənin polisi quldur, MTN-i quldur, deputatı quldur, hakimi quldur. Deyəsən, növbəti videolarda həkimləri, müəllimləri, alimləri, bankirləri də bandit rolunda görəcəyik.