Bayram günlərinin ən maraqlı, bir qədər də gözlənilməz xəbəri sözsüz ki, Israilin Türkiyədən üzr istəməsi oldu. Mən bunu adi qürur tonunda deyil, ciddi bir geosiyasi işarə, simvol kimi vurğulayardım. ABŞ prezidentinin regiona səfəri, orada keçirilən görüşlər əvvəldən böyük maraq doğurmuşdu. Bu konteksdən yanaşanda Türkiyədən üzr istənilməsi heç də təsadüfi deyil. Mənə elə gəlir ki, B.Obama regiona xüsusi məqsəd üçün səfər etmişdi. Bu, nə ola bilərdi?
Düşünürəm ki, görüşlərdə Suriyanın məsələsi müzakirə olunub. Düzdür, B.Obamanın Israilə, Fələstinə və bir də Livana səfər etməsi bunu bir qədər mübahisəli edir, çünki ərəb dünyasının əsas mərkəzlərilə də bu məsələ müzakirə mövzusu olmalı idi. Amma Isralin Türkiyədən tələsik üzr istəməsi, hətta Qəzzanın blokadasını götürməyə hazır olduğunu bildirməsi belə təsəvvür yaradır ki, hansısa mühüm məsələ ərəfəsində Türkiyənin razılığını almaq istəyirlər. Həmin regionda isə indi ən mühüm məsələ yalnız və yalnız Suriyadır. Başqa bir səbəblə Israilin belə tələsik formada Türkiyədən üzr istəməsini izah etmək çətindir. Hər halda, məsələ lap yaxın vaxtlarda öz çözümünü tapacaq.
Yaxın Şərqdə heç bir məsələ Türkiyənin razılığı olmadan çözülmür. Vacib deyil ki, razılıq onun həmin prosesdə iştirakını nəzərdə tutsun, yox, bunsuz da keçinirlər. Amma əsas məsələ bu dövlətin – Türkiyənin, necə deyərlər, ən azı neytrallığını təmin etməkdir.
Indi Türkiyənin xarici siyasət kursu elə formalaşıb ki, o, ölkənin nüfuzunu bütün keçmiş Osmanlı ərazisinə yaymağa cəhd edir. Buna nail olmaq üçün bəzi ənənəvi xarici siyasət hədəflərinə yenidən baxmaq lazım gəlir. Doğrusu, Türkiyənin Israillə münasibətlərinin pisləşməsini lap əvvəldən təqdir etməmişdik. Amma itkilər olmasa, qazanc da olmur. Ə.Davudoğlu siyasəti ərəb dünyasına tərəf yönəltməyə cəhd edir. Sözsüz ki, bu regionda çox böyük resurslar var və onlar təkcə geosiyasi məzmun kəsb etmir, ərəb dünyasının maliyyə resursları da kifayət qədərdir. Türkiyənin sonuncudan nə qədər yararlana bildiyini deməyə çətinlik çəkirik. Amma həmin resursların heç olmasa bir hissəsini Türkiyəyə yönəltmək mümkün olsa, ölkənin iqtisadiyyatı güclü təkan alar. Güman ki, Türkiyədə bunu düşünürlər və ərəb dünyasına maraq təkcə dini həmrəyliyin nəticəsi kimi təzahür etmir, burada ciddi geoiqtisadi və geosiyasi gözləntilər də var. Çox güman ki, Türkiyənin ərəb dünyasına dönüşü bu ölkələr arasında da müsbət reaksiya doğurur. Əks-təqdirdə Israilin üzr istəməyə məcbur olmasını izah etmək çətin olardı. Hər halda, Israillə Türkiyənin münasibətlərinin yoluna qoyulmasının özü çox müsbət haldır. Bir daha deyirik ki, bu, Türkiyənin regiondakı rolunun etirafıdır. Bu, həm də o deməkdir ki, ABŞ da Türkiyəyə böyük önəm verir.
Aydın oldu ki, bəzi mülahizələrə rəğmən Türkiyənin ABŞ üçün önəmi heç də azalmayıb. Burada taleyin bir ironiyasını da qeyd etmək yerinə düşər. Avropanın öncül dövlətlərindən biri – Fransa vaxtilə qeyd etmişdi ki, Avropanın Türkiyəyə, Türkiyənin də Avropaya ehtiyacı yoxdur. Güman edirik ki, bu tezisə yenidən baxmağa dəyər, baxmayaraq ki, Avropa ölkələrindəki son proseslər onu bir qədər maraqsız duruma gətirir. Amma dünya siyasətində ciddi rol oynamağa cəhd edən Avropa Birliyi Türkiyənin gücünü özü üçün bir daha qiymətləndirsə, hər halda bu, heç də pis olmaz. Bu günün daha düzgün siyasi məntiqi budur ki, əslində hamının bir-birinə ehtiyacı var və bu gün tək nəsə etməyə cəhd etmək ən azı risqli məşğuliyyətdir, xüsusən də risqli regionlarda…
Kiçik sözardı
Yaxın Şərq, neçə illərdir ki, operativ siyasi düşüncənin sınağa çəkildiyi meydana çevrilib. Böyük siyasətin təmsilçiləri öz diplomatiyalarını məhz bu regionda yoxlamağa cəhd edirlər. ABŞ prezidentinin regiona səfərini bir neçə aspektdən yozmaq olar. Amma nəticə göz önündədir. ABŞ özünün iki yaxın müttəfiqini bir araya gətirə və barışdıra bildi. Dzüdür, bununla ərəb-Israil münaqişəsinin çözüldüyünü demək bir qədər sadəlövhlük olardı. Amma Israil ABŞ-a siyasi baxımdan yaxın olduğu qədər ərəb dünyasına da coğrafi baxımdan bir o qədər yaxındır. Israil bunun fərqindədir. ABŞ da bunu nəzərə alır. Təəssüf ki, ərəb dünyası regionun geosiyasi arxitekturasını yanlış bir doktrina üzərində, hətta deyərdim ki, abstrakt dini-mifoloji təsəvvürlər üzərində qurur. Düşünürlər ki, vaxt gələcək, ABŞ da çökəcək, Israil heç olacaq, dünyanın hamısı dönüb müsəlman olacaq və onda ərəb dünyası sözünü deyəcək. Amma bu vaxt nə vaxt gələcək?