Bərdə rayonu Piyadalar kəndində yaşayan, Dövlət baytarlıq xidmətinin Bərdə rayon baytarlıq idarəsində baş mühasib vəzifəsində işləyən, 1966-cı il təvəllüdlü Məmmədov Vəliş Zili oğlu intihar edib. Hadisə dünən baş verib. Vəliş Məmmədov kəndin qəbirstanlığında, mərhum anasının qəbrinin yanında özü ilə gətirdiyi ov tüfəngindən sinə nahiyəsinə atəş açaraq özünü öldürüb.
Baş Prokurorluğunun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə ilə bağlı rayon prokurorluğunun, rayon polis şöbəsinin əməkdaşlarının və məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib və digər zəruri prossesual hərəkətlər yerinə yetirilib.
Baxış zamanı Vəliş Məmmədovun cibində özü tərəfindən yazılaraq qardaşı Əliş Məmmədova ünvanlanmış məktub aşkar edilib. Həmin məktubda onu özünü öldürməyə heç kimin vadar etmədiyini, yaşamaqdan bezdiyini, həmçinin alacağı və borcunun olmadığını göstərib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Xatırladaq ki, bir neçə gün əvvəl Korrupsiyaya Qarşı Mübarizə Idarəsi onun işlədiyi idarədə əməliyyat keçirərək, rəis Alim Zeynalovu və müavin Səyyab Cəfərovu həbs edib.
Ehtimal olunur ki, Vəliş Məmmədovun intiharı ilə bu həbslər arasında hansısa əlaqə var.