Güclü təəssüratlardan ayrılmaq həmişə çətin olur, ələlxüsus da təəssüratlar hansısa formada sənin həyatınla bağlı olanda. Bu inqilablara heç də kabus demək istəmirəm, çünki kabus sözü özündə qorxulu bir şeyi ehtiva edir. Bir məsələ də yadıma düşdü. Doğrusu, mən hələ də bilmirəm ki, K.Marks nədən öz arzusunu – kommunizmi kabus adlandırmışdı?!. Hər halda, Yaxın Şərqdə baş verənlərə, bir daha deyirəm ki, kabus deməzdim. Onlara əsl məşəl sözü uyğun gəlir, bəli, bunlar, elə bir məşəldir ki, onu hətta yüzlərlə Çe Gevaralar alovlandıra bilməzdi! Bəli, L.Brejnevin də bir ifadəsi vardı: böyük addımlarla addımlayır! Indi inqilab da böyük addımlarla addımlayır! Növbəti dayanacaq hara olacaq, bilmirəm. Daha bir etiraf edim ki, ərəblərdən belə gözəl inqilab gözləmirdim. Açığı, məsələn, qırğız inqilabına heç kim gözəl demədi. Amma bunlar tamam başqa şeydir. Təsəvvürlər, iş rejimləri dəyişdi! Ilk dəfə olaraq internet güclü siyasi faktor kimi özünü təsdiq etdi. Əvvəllər belə olmamışdı, hətta bəşəri şəbəkənin nə qədər rasional istifadə edilib-edilməməsilə bağlı skeptik, bəzən də pessimist fikirlər vardı. Bəziləri interneti ictimai tualet də adlandırırdı və bunun qarşılığında ciddi bir arqument də tapmaq olmurdu, çünki bu dünyaya o qədər qeyri-ciddi şeylər yol tapırdı, adam lap məəttəl qalır və çarəsiz şəkildə əlini yelləyirdi. Internet məişəti dəyişmişdi, indilərdə isə başladı ölkələri, dövlətləri dəyişməyə. Bu, birinci nəticədir. Başqa nəticə budur ki, böyük dövlətlər də qəflət yuxusundan ayıldılar, ətrafa daha artıq diqqət yetirməyə başladılar. Yazılanlara inansaq, ABŞ Dövlət Departamenti, hətta iş stilini də dəyişib.
Düzdür, burada Vikiliksin də rolu az olmadı, amma inqilabların də təsiri güclü oldu. Bu da ikinci nəticə. Daha diqqət sarıdan gileyə yer yoxdur, bundan sonra bir çox ölkələrdəki ən kiçik etirazlar belə ən azı ABŞ-ın diqqət mərkəzinə düşəcək. Daha bir nəticə də var ki, onu lap axırda da olsa qeyd etməliyəm. Misir hadisələri göstərdi ki, inqilabı tamam olaraq daxili resurslar hesabına da etmək mümkündür. Əvvəldə ABŞ-da bir münasibət, Israildə digər münasibət sərgilədilər, amma sonda hamısı eynilə bir nəticəyə gəldi – misirlilər azadlığa layiqdirlər!..
Virtuallıqdan reallığa
Internetin meydana çıxması filosofları bir qədər tələsik nəticələr çıxarmağa sövq etmişdi. Onlar ondan narahat idilər ki, internet insanları virtuallığa, bir qədər qeyri-reallığa çəkib aparır. Amma budur! Virtuallıqdan reallığa keçid baş verir! Mən hələ bloqo-sferanı demirəm, hamı yazır. Düzdür, bu proses biz jurnalistlər üçün o qədər də sərfəli deyil, çünki hamı yazırsa, deməli, elə oxuyanların da sayı azalır, biz oxucularımızı itiririk, həm də rəqib qazanırıq. Amma nə etmək olar? Biz jurnalistlərə görə bəşəriyyət inkişafını dayandıran deyil ki!..
Hətta müxalifətsiz də…
Bu son illərdə jurnalistlər böyük işlər gördülər. Onlar nə edə bilərdilər və nə etdilər? Insanların təsəvvürünü dəyişmək, onları ayıltmaq, onlara həqiqəti demək – jurnalistlərin missiyası budur. Bu, müəyyən mənada uzun, bəlkə də sonsuz proses hesab edilə bilər, çünki insanların əsl doğru sözə həmişə ehtiyacı var. Amma cəmiyyətə dinamikanı siyasi partiyalar aşılamalıdır, ona görə ki, qəzet, əvvəllər deyildiyi kimi, kollektiv təbliğatçı və təşviqatçı deyil, cəmiyyəti hərəkətə gətirmək siyasi partiyaların işidir. Düzdür, Misir hadisəsi bu təsəvvürə də bir qədər korrektələr etdi, çünki orada siyasi proseslər elə bir ciddi müxalifət çətiri altında baş vermədi, bu, onlarla, yüzlərlə təşəbbüs sahibinin kükrəyən etirazı idi. Bu proseslərə heç məxməri inqilab da demək olmur, çünki məxməri inqilablarda hər şey seçki vaxtı baş verir və insanlar da elə seçki yolu ilə diktaturanı yola salırdılar. Nə isə. Ad tapılacaq. Buna nə ad vermək lazım gəldiyini insanlar axır ki, tapacaqlar. Məsələ bunda deyil. Istəyirsiniz, buna lap kibernetik dildə kiber-inqilab deyin, çünki onu məhz internet reallığa çevirdi. Əsas bu deyil. Odur ki, ortalıqda konkret iş vardı…