Indiyədək gənclərlə bağlı iki dəfə dövlət proqramı qəbul ediblər. Biri 2005-2009-cu illər üçün idi, biri də deyəsən, 2011-2015-ci illər üçün.
Məqsəd aydın idi: neft pullarından az-çox gəncliyin də ağzına sürtmək, onları hakim düşüncənin girovuna çevirmək.
Yadımdadı, ilk dəfə bu proqramı qəbul edəndə ortaya yeni və müstəqil gənclər təşkilatları çıxırdı. Üstəlik, müxalif partiyaların gənclər təşkilatlarının da sıraları sürətlə genişlənməyə başlayırdı. Onlar hələ az idilər, amma kreativ idilər. Qaynar idilər. Barışmaz idilər. Çalışqan idilər. Hər cür tabulara qarşı idilər. Rejimin əsəbləri ilə oynamağı bacarırdılar.
Bəli, hakimiyyət xalqın üzərində qələbə təntənəsi yaşadığı bir vaxtda onlar hüquq, ədalət, azadlıq savaşına yeni nəslin gəlişindən xəbər verirdilər. Gələcəklə bağlı ümidləri yenidən alovlandırırdılar.
Yaptokratiya bu gedişatın fərqində idi. Zamanında önünə keçməzsə, bunun bir dalğaya çevriləcəyindən duyuq düşmüşdü.
Bax, onda ilk dövlət proqramını qəbul etdilər, sonra ikincisi gəldi.
Amma çifayda…
Ətək-ətək pullar töküldü, karyera, vəzifə vədləri aldı başını getdi. Təmtəraqlı ofislər, lüks imkanlar, hər cür inzibati və administrativ dəstək.
Nəticə? Əldə var sıfır.
Beş il əvvələdək biz ən yaxşı halda, yüzlərlə mübariz, vicdanlı gəncdən danışa bilərdik. Indi isə onlar – minlərlə, on minlərlədir.
Rejimin bütün əziyyətləri boşa getdi. O qədər pulların müqabilində yaptokratiyanın yeganə qazancı isə heç bir intellekt göstəricisi olmayan, heç bir yaradıcı ruhu olmayan, başqalarında heç bir xoş təəssürat yaratmayan, sistemə bağlılıqları sadəcə, puldan, karyera, komfort imkanlarından keçən, əllərindən fiziki və mənəvi mənada qoçuluqdan başqa bir şey gəlməyən yaşca gənc, başca isə çoxdan qartımış adamlar oldu.
Bu mənada MTN-nin üç NIDA-çı ilə bağlı şərləmə əməliyyatı iki boşuna gedən dövlət proqramının məntiqi sonluğudur həm də. Rejim son çarəni yenə repressiya, işgəncə, şantajla gənclik dalğasının önünə keçməkdə görür. Yenə əlacları ənənəvi üsullara qalır: qorxutmaq!
Amma fərqində deyillər: necə ki, həqiqət puldan qiymətlidir, ona görə də həqiqəti seçənlər pulu seçənlərə həmişə qalib gələcəklər, eləcə də həqiqət qorxudan güclüdür, insanları hədə ilə, şantajla qorxularına məğlub etdirmək olar, amma həqiqəti məğlub etmək olmaz.
Məni isə başqa şey düşündürür:
Bir halda ki, ümidiniz yenə də 18-19 yaşlı uşaqlardan hədə-qorxu ilə etirafedici bəyanatlar almağa qalıb…
Bir halda ki, yenə də gəncliyi susdurmaq, onları mübarizədən yayındırmaq üçün əlacınız repressiyalaradır, onda əlavə xərcə nə ehtiyac var?
Nəyi gözləyirsiniz, gənclərlə bağlı niyə dövlət proqramının icrasının dayandırılması haqqında da qərar vermirsiniz?
Görmürsünüzmü, bu işlər pulla, sərəncamla, dövlət proqramı ilə, dəbdəbəli ofislərlə, döşlərə deputat nişanı taxmaqla olmur?
Anlamırsınızmı hələ də – həqiqət olmayan yerdə iflas qaçılmazdır, uğursuzluq məntiqi sondur, məğlubiyyət qanunauyğunluqdur.
Belə çox gülməli Aqşin
Nəsildaşım olan bir şair dostumuz (Aqşin Yenisey) əsgər ölümlərilə bağlı gənclərin aksiyasına Siyavuş Novruzovsayağı, cəfəng münasibət bildirib, canı sağ olsun.
Heç kim özünü sonadək uğurla gizlədə bilməz. Onsuz da hər kəs əvvəl-axır özü olur. Mahiyyətini gizləsə də, xisləti onu ələ verir – Əli Transmilli demiş.
Mənə onun mübarizənin önündə olan gənclərə “savadsız” deməsi ağır gəldi.
Bunu deyən adamdan bir müddət əvvəl saytların biri elə öz məşğul olduğu sahədən – ədəbiyyatdan bir neçə suala cavab istəmişdi. Məsələn, soruşmuşdular: “Qatarda”, “Gümüşgöl əfsanəsi”, “Pəncərə” filmləri onun əsərləri əsasında çəkilib. Bizcə, təkcə “Duz” hekayəsinə görə onu son cümləsinə qədər oxumağa dəyər. Ilk povesti “Alovlu qış”, son əsəri “Qırmızı yağış”dır. 60-70-ci illər Azərbaycan ədəbiyyatında “yeni psixoloji nəsr” adıyla diqqət çəkən ədəbi prosesin istiqamətini müəyyənləşdirən 3 yazıçıdan biri olan bu şəxs kimdi?”
Və bu adam orta məktəb şagirdinin belə, cavab verəcəyi bu sual qarşısında “sinifdə qalmışdı”.
Indi durub utanmadan başqalarının savadını sorğulayır.
Necə demişdi Müşfiq? “Adamın üzündə həya gərəkdir”.