Yenə əsgər öldürüldü. Yenə də qeyri-müharibə şəraitində. Bunun ardıca isə Türkanda 3 qardaş güllələndi. Bilirsinizmi niyə? Qonşu ilə torpaq mübahisəsinə görə. Bəlkə də arada əlaqə görmürsünüz. Soruşa bilərsiniz ki, əsgər ölümü hara, Türkandakı qətllər hara?! Amma özünüz görürsünüz ki, əsgərlərin də öz mübahisələrini həll etmək üçün üz tutacağı bir yeri yoxdur, türkanlı qonşuların da. Əsgərlərimiz də mübahisəni həll etməyin başqa yolunu bilmir, qonşularımız da.
Insanlar mübahisələrin, problemlərin ədalətli həllini harada axtarsınlar ki?!
Ədalətli komandanlıq varmı? Ədalətli məhkəmə varmı? Insanlar hara üz tutsunlar? Rüşvət verməyəmi?
Üz tutacağı ünvanlar elə onlara dərd-sər gətirən qapılardır. Insan da ora üz tutmaqda fayda görmür. Çoxları yolunu da bilmir. Çünki mübahisələrin, problemlərin sivil yolla həllinə hazırlayan, yol açan təhsil və ovqat da yoxdur ölkədə.
Onda da bizə elə gəlir ki, əsgəri əsgər öldürdü, türkanlı qardaşları da qonşusu və başqa heç kimin günahı yoxdur bu işlərdə. Bəs bu şəraiti yaradan, bizi qurban, bizi qatil edən idarəçiliyi niyə görməyək?
Belə çıxır ki, kimlərsə bu ölkəni talayıb, varlanmalıdır, biz isə onların yanlış və ziyanlı idarəçiliyinin qurbanı olmayıq. Sanki bizə belə bir hökm oxuyublar.
Özünüz bu siyahını davam etdirin:
– Əsgər ölümləri;
– Intiharlar;
– Ən müxtəlif qəzalarda ölümlər;
– Səhiyyədə və fərqli sahələrdə qeyri-peşəkarlığın qurbanları;
– Polis və məhkəmə qurbanları;
– Özbaşınalıq mühitində adi münasibətlərin qeyri-sağlam həddə çatmasından yaranan bəlalar, məsələn, Türkan olayı;
– Sosial qaynaqlı ailə faciələri;
– Kasıblıqdan doğan müxtəlif bəlalar və s.
Bu dərdlərin çoxalma mexanizmi belədir: dövlət problemləri həll etmək, yoluna qoymaq əvəzinə, onları özbaşına buraxır, onları artırır, onları sərtləşdirir.
Dövlət problemləri həll etmək əvəzinə, müdrik görkəm alıb, “iş varsa, problem də olacaq” deyir. Amma iş görmək əvəzinə, problemi həll etmək və azaltmaq əvəzinə, onları artırır.
Dövlət problemləri həll etmək əvəzinə, özü başlıca problemə çevrilir.
Üstəlik, haqsızlıq, talan, yalan üzərində dayanan dövlət öz əməllərini gizlətmək üçün etirazçılarını, tənqidçilərini cəzalandırmaq yolu tutur. Problemləri gizlətmək və üstündən adlamaq üçün cəza maşını olmaq yolu tutur. Lakin getdikcə daha çox qəzalarla üzləşir. Bir zabitin, bir məmurun, bir həkimin, bir hakimin özbaşınalığı təkcə haqsızlığı yox, faciələri də çoxaldır.
Nəticədə, cəza dövləti qəza dövlətinə çevrilir…
Bizim dövlətin idarəçiliyi nəyə söykənir? Heç bir mənəvi prinsipi yoxdur, nə ağıla söykənir, nə hüquqa, nə beynəlxalq konvensiyalara. Hakimiyyəti saxlamaq, varlanmaq üçün nəyə desən gedirlər. Zatən, korrupsioner sistemdə idarəçiliyin yalnız bir amalı var – pul, qazanc. Odur ki, hər addımda nəzarətsizlik, boşluq, qəza riski var. Hər addımda mübahisə, özbaşınalıq, xainlik, qəsd var.
Deməli, bizi korrupsiya öldürür, hər yanda, hər addımda. Bizə saxta dərman içdirir, ziyanlı qida yedirdir, ziyanlı ömür yaşadır. Bizi korrupsioner hakimiyyətimiz öldürür.
***
Güləcəksiniz bu söhbətə, amma əslində ağlamalı mövzudur. Yəqin bu günlərdə ölkənin əsas Kosasının – Novruz bayramı zamanı dövlət tədbirlərinə kosa rolunu oynayan aktyorun prezidentə şikayət etməsini eşitdiniz. Mən onunla jurnalistin söhbətini oxuyanda bu insanın necə yazıq hala düşdüyünü gördüm. Bu insan niyə bu kosa roluna çağırılmadığından şikayət edir, bildirir ki, Mədəniyyət Nazirliyi ona qarşı haqsızlıq edib. Yaxşı, bu rol həmin aktyor üçün niyə bu qədər vacibdir? Bir günlük roldur, heç bir yaradıcılıq tələb etmir, sənət şöhrəti gətirmir. Deməli, ona padşah tədbirində iştirakına görə babat pul verirlər. Rəsmi əməkhaqqı elə böyük ola bilməz, aydındır ki, ona korrupsiya qazanından görüm-baxım edirlər, bəlkə nazirlər də cibinə bir şey qoyur. Padşahın sevimli Kosası olduğu üçün. Yoxsa kosalıq nə böyük roldur ki, ondan ötrü insan dünyaya haray çəkir.
Və bu adam dərk etmir ki, o bu il korrupsionerlərin heç yadına da düşməyib, bəlkə də bu dəfə şənliyin təşkilatçılığı başqasına satılıb, o da kosa roluna öz adamını çağırıb. Və bunun da burada ürəyi partlayır.