Mixail Saakaşvilinin ölkəmizə yeni səfəri ərzində bir şeyi aydınca se zmək olardı. Bütün görüşlərdə Ilham Əliyev hiss olunacaq dərəcədə kədərli, qaraqabaq dayandığı halda, cənab Saakaşvili daim gülür, həmişə təbəssümlə baxırdı.
Gürcüstan prezidenti öz ucuz və kiçik maşını ilə hava limanına gələrkən də, yolda hamı kimi qırmızı işıqda dayanarkən də, ağ pencəkdə Bakıya enərkən də, Bakıda qalstuksuz gəzərkən də heç nə olmamış kimi davranır, yenə öz ampulasında idi, yenə gülürdü və üzüntüdən uzaq idi.
Halbuki, tərsinə olmalı idi. Məhz Saakaşvilinin yaratdığı seçki demokratiyası və siyasi azadlıqlar hesabına hakimiyyətə gəlməyi bacaran Ivanişvili son vaxtlar onu durmadan sıxışdırır, ona qarşı cılız məhdudiyyətlər yaradır, pisikdirməyə, aşağılamağa çalışır. Ölkə prezidenti qorumasız qalıb, sürücüsü belə yoxdur. Amma Ilham Əliyev yenə də hüdudsuz hakimiyyətə, səlahiyyət və sərvətlərə sahibdir.
Bəs niyə hər şey tərsinədir, kədərlənməli olan gülür, gülməli olan kədərlənir? Çox sadə səbəbi var bunun. Hakimiyyət də, səlahiyyətlər də, xidmətlər də əlindən çıxsa da, Mixail Saakaşvili öz gələcəyinə inanır və keçmişindən narahat deyil. O, əvvəldən qəbul edib ki, hakimiyyət əbədi ola bilməz və hakimiyyətdə olmaq isə gülməyin mənbəyi deyil. Əksinə, o sənə çox pis sonluq da gətirə bilər.
Bəs Ilham Əliyev öz maşınında təkcə şəhərə çıxa bilərmi?! Onu sabah nə gözləyir? Qəfildən hansısa rayon ayağa qalxa bilərmi? Bu gedişat ona vəd edir? Bax, gülməyə səbəblər çoxdursa, kədərlənməyə də çox ciddi əsaslar var.
Saakaşvili hakimiyyətdən getməkdən qorxmadığını artıq sübut edib, dünənki hərəkəti ilə rəqibi Ivanişvilinin də əsl mahiyyətini açdı və ucaldı. Göstərdi ki, bu milyarder cılız, qisascıl, qərəzli, böyük ürək sahibi olmaqdan uzaq bir adamdır.
Həmin Saakaşvili Facebook-da Bakı səfəri barədə maraqlı şəkillərini paylaşanda isə Ilham Əliyevin komandası Saatlıda məzarlıq dağıntılarını müxalif partiyaya – AXCP-yə yamayır, şou düzəldirdi. Üstəlik, onu tənqid edən jurnalistin qardaş və qohumlarına saxta ittihamlar düzəldirdilər. Bunların ciddi problemləri olmasa, bu şeylərə gedərdilərmi? Durduqları yerdə hamının güldüyü, lənətlədiyi bir addımları atardılarmı? Deməli, onların üzlərini gülməyə qoymayan bir dərdi də var…
Ümumiyyətlə, hakimiyyətin Saatlı tədbirləri, yəni məzarlıq olayını AXCP-yə yönləndirməsi, Natiq Ədilovun qohumlarının şərlənib saxlanılması göstərir ki, haradansa zərbə gözləyirlər. Amma haradan olacağını da bilmirlər və təlaş var…
Rüşvət verməyə aparan yollar
Dünəndən hakimiyyətin təbliğat vasitələri həvəslə yazırlar ki, Dünya Iqtisadi Forumunun rəqabətə davamlılıq hesabatında Azərbaycan yolları MDB məkanında ən yaxşı yollar hesab edilib. Əsl gerçək də budur ki, Azərbaycan 144 ölkə arasında 4 balla 67-ci yerdədir. Özgə vaxt hesabatları qərəzli və ermənipərəst adlandıranlar o saat ayağa qalxdılar ki, bəs Azərbaycan MDB-də öndədir. Bəs başqa bir hesabat deyəndə ki, korrupsiyaya görə – elə yol və tikinti sahəsi də bura daxildir – Azərbaycan filan yerdədir, niyə inciyirsiniz?
O da var ki, tikilən yollar vaxtından əvvəl dağılır, xərclənən pullara isə 3 dəfə daha çox yol salmaq olardı.
Bir də ki, bu yol bizi hara aparır? Dövlət idarələrinə, məhkəmələrə, məktəblərə rüşvət verməyəmi?!