Liviya, Bəhreyn və Yəmən vətəndaşları azadlıq və demokratiya tələb edir
Tunis və Misir inqilabından sonra Ərəb dünyasını bürüyən inqilab dalğası səngimək bilmir. Regionun Liviya, Yəmən və Bəhreyn kimi ölkələrində insanlar küçələrə axışaraq hakimiyyət əleyhinə aksiyalara keçirib.
Liviyanın Benqazi şəhərində yüzlərlə insanın qatıldığı antihökumət mitinqi baş tutub. “Associated Press”in şahidlərə istinadən verdiyi xəbərə görə, etirazçılar baş nazir Bağdadi əl Mahmudinin istefasını tələb edib.
“Reuters” agentliyi isə Benqazi şəhərində bir hüquq müdafiəçisinin həbsinə etiraz edən hökumət əleyhdarları ilə polis və iqtidar tərəfdarları arasında qarşıdurma yarandığını bildirib. Təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında yaranmış qarşıdurma zamanı 38 nəfər yaralanıb.
Hakimiyyət tərəfdarları isə paytaxt Tripoli və ətraf şəhərlərdə Liviya lideri Müəmmar Qəddafiyə dəstək aksiyası keçirib. Aksiya iştirakçıları Qətərin “Əl-Cəzirə” telekanalı əleyhinə şüarlar səsləndirib.
“Demokratik bir dövlət istəyirik. İran modelinə uyğun dini dövlət istəmirik”
İnqilab ab-havasının hökm sürdüyü başqa bir ərəb ölkəsi isə Bəhreyndir. Ölkənin paytaxtı Manamadakı İnci meydanında gecələyən etirazçılar dünən siyasi islahatlar tələbiylə növbəti aksiya keçirib.
Üç gündür küçələrdə gecələyən nümayişçilər 1971-ci ildən hakimiyyətdə olan baş nazir Şeyx Xəlifə bin Sallah əl Xəlifənin istefasını, siyasi məhbusların azad olunmasını və yeni konstitutsiyasnın qəbulunu tələb edir.
Bəhreyn müxalifətinin liderlərindən biri Şeyx Əli Salman baş nazirin xalq tərəfindən seçilməsinə yol aşacaq konstitutsiyanın qəbulu ilə ölkədə konstitusiyalı monarxiya idarəçilik sisteminin qurulmasının tərəfdarı olduqlarını söyləyib:“Demokratik bir dövlət, xalqın hökuməti seçdiyi konstitutsiyalı monarxiya istəyirik. Din adamlarının hakimiyyətdə olduğu İran modelinə uyğun dini dövlət istəmirik”.
Bəhreyn kralı Səudiyyə ordusunu köməyə çağırdı
“DebkaFile” saytı bildirib ki, Bəhreyn kralı hakimiyyətini qorumaq üçün artıq Səudiyyə Ərəbistanının kralı Abdullaya müraciət edib və Səudiyyə Ərəbistanın ordusunun sərhədi keçərək ona yardım etməsini istəyib.
Bundan başqa “France Presse” agentliyinin verdiyi məlumata görə, Bəhreyndə 2 nümayişçinin öldürülməsində günahlandırılan polis işçiləri həbs edilib. Bunu ölkənin daxili işlər naziri şeyx Rəşid bin Adulla əl-Kalifa açıqlayıb.
Nazir əhalidən üzr istəyərək baş verənlərin təhqiqatının aparılacağını söyləyib. O, dəfələrlə tabeliyindəki şəxsləri ifrat güc tətbiqindən çəkinməyə çağırdığını da bildirib.
Yəmənli tələbələr:“Xalq rejimi devirmək istəyir”
Yəməndə də sular durulmur. Dünən Yəməndə prezident Əli Abdullah Salihin istefasını tələb edən müxalifət tərəfdarları aksiya keçirib. “Reuters”in məlumatına görə, paytaxt Sanada müxalifət və prezident tərəfdarları arasında qarşıdurma davam edib.
Yəmənli tələbələr prezident sarayına doğru yürüş etməyə cəhd göstərib. Qarşıdurma da əsasən Sana Universiteti ətrafında baş verib. Tələbələr Misirdəki inqilabın əsas şüarı olan “Xalq rejimin yıxılmasını istəyir” şüarını səsləndirib.
Olaylar zamanı “Associated Press” agentliyinin bir müxbiri və “El Arabiya” telekanalının operatoru və 3 qəzet jurnalisti döyülüb.
Hakimiyyət icazəsiz aksiyaların qarşısını almaq üçün Yəmənin paytaxtı Sana şəhərinin küçələrinə 2 min polis çıxarıb. Polis tələbələrin nümayişlərdə iştirakını əngəlləmək üçün Sana Universitetinin giriş və çıxışlarını nəzarətə götürüb. Aralarında mülki geyimlilərin də olduğu polislər havaya atəş açıb.
Xatırladaq ki, Misirdə baş verənlərdən ruhlanan Yəmən müxalifəti fevralın 12-də 32 ildir hakimiyyətdə olan prezident Əli Abdalla Salehin istefası tələbi ilə nümayiş təşkil etsə də, aksiya polis tərəfindən dağıdılıb. Növbəti kütləvi tədbir fevralın 14-də keçirilib, lakin yenə polis və rejim tərəfdarları tərəfindən dağıdılıb.
Bəşər Əsəd qorxuya düşdü
Suriya prezidenti Bəşər Əsəd Misir, Tunis və Bəhreyndəki hadisələrin ölkəsində təkrarlanmaması üçün aksiyaların baş verməsi gözlənən rayonlarda təhlükəsizlik tədbirlərini gücləndirib. Separatizmə meylli kürdlərin yaşadığı rayonlar ordunun mühasirəsindədir. Bəşər Əsəd icazəsiz aksiya keçirənlərin təcili dağıdılması, bunun üçün silahdan da istifadə edilməsini tapşırıb.
Turan