Fevralın 22-də Nəsimi Rayon Məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslının əmlakı üzərinə həbs qoyulması iddiası ilə bağlı məhkəmə prosesi keçirilib.
Tural Abbaslı bu il yanvarın 12-də Bakıda keçirilən etiraz aksiyasında iştirakına görə 600 manat məbləğində cərimələnib. Nəsimi Rayon Məhkəməsinin kəsdiyi bu cəriməni ödəməkdən imtina etdiyi üçün fevralın 13-də Tural Abbaslının yaşadığı mənzilə gələn icra məmurları evdə olan əşyaları qeydə alıblar. Daha sonra həmin əşyaların üzərinə həbs qoyulması üçün məhkəmədə iddia qaldırılıb.
“Media forum” saytına açıqlamasında Tural Abbaslı deyib ki, fevralın 22-də vəkili ilə birlikdə Nəsimi Rayon Məhkəməsində yollanıb: “Hakim Elman Əhmədovun köməkçisi zəng edib bildirdi ki, saat 5-də məhkəmə prosesi keçiriləcək. Mən, vəkil İntiqam Əliyev və bizə dəstək verən bir sıra fəallar prosesin başlanma vaxtından da əvvəl məhkəmə zalına gəldik. Bir müddət sonra hakimin köməkçisinin yanına getdim və bildirdim ki, biz məhkəmə zalındayıq. Dedilər gözləyin. Biz boş zalda oturmuşduq və hakimin gəlməsini gözləyirdik. Xeyli müddət sonra mən yenidən dəhlizə çıxdım və gördüm ki, hakim oradadır. Məhkəmənin hansı zalda keçiriləcəyini soruşdum. Elman Əhmədov mənə dedi ki, artıq məhkəmə prosesi olub. Guya bizi axtarıblar, tapa bilmədikləri üçün prosesi bizsiz keçiriblər. Beləliklə, məhkəmə qeydə alınan əmlakların üzərinə həbs qoyulması barədə qərar çıxarıb”.
Tural Abbaslı məhkəmənin qərarını siyasi sifariş sayır: “Biz məhkəmə binasında idik, hakimin köməkçisinə gəlməyimizlə bağlı məlumat da vermişdik. Əgər bizi tapmırdılarsa, mənimlə əlaqə yaradan köməkçiyə deyəydilər. Onlar qorxularından, siyasi tapşırığı rahat icra etmək üçün məhkəmə prosesini bizsiz keçiriblər. Bu, birbaşa siyasi sifarişdir. Hakimlər biabırcasına bu sifarişlərin quluna çevriliblər. Məhkəmə sistemi adında bir şey qalmayıb. Vəkil İntiqam Əliyev də bu biabırçılığa etirazını bildirdi”.
Tural Abbaslı qeyd edib ki, həbs qoyulan əmlakın heç biri ona məxsus deyil.