“İstəyirik ki, “Azadlıq” qəzetinə dəyər verən, onun nə qədər böyük əhəmiyyət daşıdığını bilən şəxslər bizə dəstək versinlər”
Bu həftə Bakı Apellyasiya Məhkəməsi “Azadlıq” qəzetinə qarşı qərar qəbul edərək Yasamal Rayon Məhkəməsinin iş adamı Kəbirə Məmmədovanın iddiası əsasında çıxardığı qərarı qüvvədə saxlayıb. Qərara əsasən, “Azadlıq” qəzeti və onun əməkdaşı Ramin Deko Kəbirə Məmmədovaya 32 min manat ödəməlidir.
Son aylarda məhkəmələr Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun, deputat Novruzəli Aslanovun, iş adamı Anar Məmmədovun iddiaları əsasında “Azadlıq”ı və onun əməkdaşlarını yüksək məbləğlərdə cərimələyib.
Fevralın 22-də baş redaktorun birinci müavini Rahim Hacıyev “Media forum” saytının suallarını cavablandırıb.
– Qəzeti düşdüyü vəziyyətdən çıxarmağın yolunu nədə görürsüz? Hansı addımlar atılacaq?
– Biz çalışırıq ki, qəzetin ağır vəziyyətinə həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqətini cəlb edək. Problemin həll olunması üçün çox ciddi səylər göstəririk. Amma imkanlarımız məhduddur. Azad sözü cəmiyyətin həyatının vacib amili kimi qiymətləndirən insanları və Azərbaycanda demokratiyanın, söz azadlığının inkişafına görə üzərinə öhdəliklər götürmüş beynəlxalq ictimaiyyəti səfərbər etməklə vəziyyətdən çıxmağa çalışacağıq.
Bizi ümumilikdə 62 min manat cərimələyiblər. Bu, “Azadlıq” üçün olduqca böyük məbləğdir. Qəzetə heç kim reklam vermir, belə bir vəziyyətdə fəaliyyət göstəririk. Həmçinin qəzetin satışdan gəliri azdır. Bu amil vəziyyəti hədsiz dərəcədə gərginləşdirir. Amma biz maksimum səy göstərəcəyik ki, bu çətin vəziyyətdən çıxaq.
– Qəzetinizin baş redaktoru Qənimət Zahid hazırda Fransadadır. Onun yaranmış problemlərdən xəbəri varmı?
– Qənimət Zahid ölkədə olmadığı üçün onu mən əvəz edirəm. Qəzetin bütün məsuliyyəti, işin ağırlığı mənim üzərimdədir. Amma özü burda olmasa da, əlaqə və imkanlarından istifadə edərək vəziyyətin düzəlməsi istiqamətində çalışır.
– Məhkəmə nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun iddiası əsasında “Azadlıq”ın bank hesabına həbs qoymuşdu. Sonra iddiaçı tərəflə razılaşma əldə olundu və məsələni təkzib verməklə həll etdiniz. Ola bilərmi ki, qəzeti yaranmış vəziyyətdən çıxarmaq üçün məhkəmə mübahisəsinə səbəb olan yazılar haqda təkzib verəsiniz?
– Bu, iddiaçıların mövqeyindən asılı olacaq. Anar Məmmədovun vəkilləri özləri birbaşa müraciət etdilər ki, biz bu məsələni dinc yolla həll edə bilərik. Amma Bakı Metropoliteninin rəisi Tağı Əhmədov geri çəkilmək fikrində deyil. Onun məqsədi sona qədər israr etmək və qəzetdən həmin məbləği almaqdır. Bizim ona müraciətimizin də heç bir nəticəsi olmadı.
– “Azadlıq” qəzetinə abunə yazılması üçün kampaniya aparırdınız. Bunun bir nəticəsi oldumu?
– İstədiyimiz kimi olmasa da, müəyyən nəticələri oldu. Oxucularımıza yenidən müraciət edəcəyik. Bəlkə abunə kampaniyası bundan sonra daha da genişlənər. Çünki qəzetin vəziyyəti mürəkkəb olaraq qalır. İstəyirik ki, “Azadlıq” qəzetinə dəyər verən, onun nə qədər böyük əhəmiyyət daşıdığını bilən şəxslər bizə dəstək versinlər.
– “Qasid” mətbuat yayımı firmasının “Azadlıq” qəzetinə 30 min manat borcu var. Firma bu borcundan nəsə ödəyibmi?
– Ötən il dekabrın 28-də “Qasid”in ofisi qarşısında keçirdiyimiz etiraz aksiyasında söz vermişdilər ki, fevral ayından borc ödəniləcək. Amma hər şey gözlədiyimizin əksinə oldu. Fevral ayı ərzində “Qasid”in bizə ödənişi ən minimal həddə olub. Faktiki olaraq “Qasid” də qəzetin boğulması kampaniyasında iştirak edir. Çünki “Qasid” hökumət təşkilatıdır, səhmləri dövlətə məxsusdur. Buna görə də onu “Azadlıq”a qarşı aparılan kampaniyaya bir başqa formada cəlb edə biliblər. Yayım firmasıdır, qəzeti nisyə götürüb satır, ancaq satışdan əldə etdiyi pulun hamısını özü götürür, qəzetə olan borcunu ödəmir. Bu da maddi vəziyyətimizi daha da ağırlaşdırır.