Misirdəki inqilabi prosesləri geniş işıqlandıran kanal KaTV-dən çıxarıldı
Azərbaycan hakimiyyətinin Misir və Tunisdəki inqilabların fonunda atdığı bir sıra addımların narahatlıqdan irəli gəldiyi açıqca görünməkdədir. Belə ki, korrupsiya üzərində qurulan bir rejimin birdən-birə korrupsiyaya qarşı mübarizəyə başlaması təəccüblü görünməyə bilməz.
Ekspertlərin fikrincə, bu yalnız kampaniya xarakteri daşıyır. Narahatlığı ifadə edən daha bir addım isə Yaxın Şərqdəki inqilabi prosesləri Azərbaycan tamaşaçısına birbaşa çatdıran BBC-nin yayımına edilən dəyişiklikdir. Belə ki, Azərbaycanda kabel televiziyasında inhisarçı olan KaTV BBC-nin verilişlərini adi yayımından çıxararaq, rəqəmsal yayıma keçirib. BBC-nin əvvəl yayımlandığı tezliyi isə yeni fəaliyyətə başlayan “Mədəniyyət” kanalı tutub. Bundan sonra BBC-yə baxmaq istəyən şəxslər əlavə avadanlığın quraşdırılması üçün şirkətə 40 manat ödəməlidir. Eyni zamanda bu dəyişiklik aylıq ödənişə də təsir edəcək. Onu da qeyd edək ki, KaTV-də yayımlanan digər populyar xarici xəbər kanalları olan – “Euronews” və “CNN”dən fərqli olaraq BBC Misir və Tunis hadisələrinin gedişinə daha geniş yer vermişdi.
Hikmət