Qurumun vitse-prezidenti Zaman Novruzov hərəkətə keçib
“Azərsu”da baş verənlərlə bağlı yeni məlumatlar əldə etmişik. “Azadlıq”a məlumat verən mənbənin sözlərinə görə, qurumun prezidenti Nizaməddin Rzayev tutduğu vəzifədən azad ediləndən sonra onun postuna iddialılar arasında mübarizə başlayıb.
Məlumatda bildirilir ki, bu sırada vitse-prezident Zaman Novruzov xüsusi fəallıq göstərir. Daha doğrusu, Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubova yaxın olduğu bildirilən vitse-prezident artıq özünü “Azərsu”nun prezidenti kimi aparır. Bunun da ciddi səbəbləri var. Məlumatlara görə, Nizaməddin Rzayev işdən çıxarılan gün Bəylər Əyyubovla “Azəryolservis”in rəhbəri, Zaman Novruzovla isti münasibətləri olan Cavid Qurbanov “Azərsu”ya təşrif buyurub. Qurumun rəhbərliyinin iştirakı ilə toplantı keçirilib. Həmin toplantıda Bəylər Əyyubov bildirib ki, bundan sonra “Azərsu”nun prezidenti Zaman Novruzov olacaq. Bəylər Əyyubovla Cavid Qurbanov gedəndən sonra Zaman Novruzov hər kəsə bildirib ki, artıq onun prezident olmaq məsələsi Ilham Əliyevlə danışılıb. Yaxın günlərdə dövlət başçısı sərəncam verəcək. Məlumatlarda vurğulanır ki, Nizaməddin Rzayevin kadrları hesab edilən şəxslər də bundan sonra Zaman Novruzovun tərəfinə keçiblər. Lakin “Azərsu”nun prezidenti postuna başqa iddialıların da olduğu bildirilir.
İnformasiya şöbəsi