Hər halda qorxurlar ki, icra başçılarını dəyişirlər. Bu fikri təkzib etmək mümkün deyil. Hakimiyyətin xalqın qarşısında titrədiyini düşünüb eyforiya da yaşamayaq, nə də baş verənləri onun islahatlara getməyə məcbur olması kimi də anlamayaq. Amma icra başçılarının dəyişdirilməsi, qudurğanlığın etirafı, məmurların cəzalandırılacağı ilə bağlı hədələr bütün hallarda həm də qorxunun nəticəsidir. Arxasında hiylə dayanır, məğzində xalqı aldatmaq və ölkəsəverlik imitasiyası durur, amma ciddi qorxu da var. Bunu gizlətmək mümkün deyil.
Ismayıllı olayları bunların rahatlığına od qoyub. Üstəlik, ölkə boyu narazı və aydın düşünə bilən yeni gənclik var. Cəzalandırırlar, həbsləri davam etdirirlər, həmişə olduğu kimi qorxudurlar. Amma həm də artıq etiraflarda, geriçəkilmələrdə ifadə ediləcək dərəcədə qorxurlar.
Mən bir məqama xüsusi fikir verdim. Qudurğanlığa qarşı keçirilən müşavirədən sonra ən çox əl-ayağa düşən, həvəslənən istefaya göndərilənlərlə kifayətlənməyib özü də istefalar tələb edən deputat Zahid Orucdur. Sizcə niyə? Bu da qorxu ilə bağlıdır. Zahid Oruc bunların arasında az-çox kitab oxumuş bir adamdır, daha yaxşı başa düşür ki, bu cür gedişin axırı yaxşı olmayacaq. Uzun illər bu iqtidarı müdafiə edib və gözəl bilir ki, hansı yalanları uydurmalı olub. Məmurlar pul sayanda, o, tezis sayıb. Məmurlar hər işdən qazanc mənbəyi düzəldəndə, o, oğurluq layihələrindən analoqu olmayan inkişaf nağılı quraşdırıb. Müdafiə eləməyə bircə yaxşı şey də tapmayanda, şərdən-böhtandan uydurub danışmalı olub. Istəyib ki, deməyə bir əsası olsun, tərifləməli işlər olsun, fəqət, olmadıqca, özü də ürəyində vəziyyətin qarasınca danışıb. Bir sözlə, yaxşı bilib vəziyyətin necə ağır olduğunu. Vəziyyətin necə iyrənc olduğunu yaxşı anlayıb, düşünməli olub.
Hələ Rusiya da bir yandan “xoxan”a dönüb. Barıt çəlləyi kimi partlamağa hazır olan bir cəmiyyətə istənilən qığılcımın nələr edəcəyini çox düşünür Zahid Oruc. Mövcud durumu hamısından çox anladığı üçün, hamıdan çox qorxur. Hamıdan da çox qorxduğu üçün, dəyişikliyi də hamıdan çox istəyir. Məsələ də ondadır ki, Zahid Orucda intensiv büruzə verən həmin hisslər indi bu və ya başqa dərəcədə hakimiyyətdəkilərin hamısında var. Hətta dünənəcən özünü əbədi padşah sayan Ilham Əliyevdə də. Bilirlər və həm də görürlər ki, əvvəlki havalar deyil, başqa küləklər əsir.
Amma bu adamlar yalana, oğurluğa, ağalığa, özbaşınalığa o qədər susayıb ki, dəyişiklik yolu tapa bilməz və tapa da bilmir. Onlar hiylədən başqa heç nəyə öyrəşməyiblər. Onlar xalqı yalnız aldatmaq obyekti kimi görürlər. Onlar xalqa xidmət etməyi ağıllarına belə gətirə bilmirlər…
Heç məntiqli də olmazdı. Əgər bunlar xalqa xidmət edəcəklərsə, vəzifə, hakimiyyət onların nəyinə lazımdır? Övladları kef çəkməyəcəksə, özləri qaz vurub qazan doldurmayacaqlarsa, başçı olmaq, rəis olmaq, Ilham Əliyevə yaltaqlanmaq onların nəyinə lazımdır. Hətta Zahid Oruc kimi “söz adamı”nın mandatını al, pulunu kəs, çıxıb bir dəfə də bunları müdafiə etməz. Dəyişikliyi ən çox o istəsə belə, heç o da gerçək dəyişikliyin nə olduğunu dərk etmir. Anlamır ki, dəyişiklik idarəçiliyin tamam fərqli mənəvi və funksional formasını tələb edir. Onda Heydər Əliyevin heykəlləri də dəyişməlidir. Zahid Orucun saxta yolla deputat olması da baş verməli deyil. Təkcə başçılar yox, o da, onun kimi deputatlar da istefa verməlidir.
Ən nəhayət, xalqın hakimiyyəti seçmək, yeniləmək hüququ bərpa olunmalıdır. Xalqın hüququ təkcə oğlu söyüş söyməyən icra başçısı istəməklə məhdudlaşmır. Yoxsa hər işə öz qohumları, hər yüksəkliyə özününküləri yığmaqla dəyişiklik olmur. Yenə də hər şey köhnə qaydada davam edir əslində. Hətta simvolik və mənasız bir ictimai vəzifə olan Ağsaqqallar Şurasına da öz qocalarını qoyurlar. Məsələn, Fəttah Heydərov o şuraya sədr seçildi.