«Azadlıq» vertolyot qəzasında həlak olan zabitimizin ailəsində oldu…
“Oğlum mənə deyirdi ki, ata, müharibə əmri verilən ilk anda Şuşaya, Xankəndiyə şığıyan mən olacağam. Mən taxacam ora bayrağımızı. Oğlum Qarabağa bayraq taxmaq istəyirdi, ancaq tale elə gətirdi ki, indi o bayraq yasxanasının üstünə taxılıb…” Dünən torpağa tapşırılan zabitimiz, vertolyot qəzasında həlak olan leytenant Bəhruz Zeynalovun atası Novruz həkim bu sözləri ürəyi ağzından çıxa-çıxa deyir.
Toya hazırlaşırdılar, əcəl yaxaladı…
Bəhruz Zeynalovun yas çadırlarında milli bayraqlarla yanaşı, qırmızı və qara kəlağayılar da diqqəti çəkir. Qara bəllidir, qırmızı isə toy hazırlığına işarədir. Əzizləri onun toyuna hazırlaşdığı bir anda ailəyə faciə üz verib.
Atasının dediyinə görə, aprelin 21-nə toy planlaşdırmışdılar: “Toyu ”Xarı bülbül” şadlıq sarayının ən böyük zalı üçün danışmışdıq. 2 ilə yaxın idi ki, nişanlanmışdı. Sonuncu danışığı dayısı oğlu ilə elə toy barədə olub”.
5 yaşından hərbçilik istəyi
Bəhruz ailənin kiçik övladı olub. Ondan başqa ailədə bir qız, bir oğul var. Atası Novruz həkimdir, qardaşı da. Onlar əslən Ağdam şəhərindəndilər. Novruz həkim özü Qarabağ savaşının iştirakçısı olub, müharibədən əlillik qazananlardandır. Deyir ki, övladının hərbçi olmaq arzusunun yaranmasında onun da rolu böyük olub: “5 yaşından artıq onda hərbçi olmaq arzusunu gördüm. Həmişə söhbətlərimdə vətəndən, torpaqdan danışırdım. Bu söhbətlər onu çox təsirləndirirdi. Pilotluq da onun şüurlu seçimi oldu. Deyirdi ki, mən nə topçu olanam, nə də ”pexota”, mənimki qırıcıdır”.
Əlaçı
Bərhuz orta məktəbi 8-ci sinifədək əla oxuyub. Daha sonra o hərbi litseyə daxil olub, oranı fərqlənmə ilə bitirib. Litseydən sonra Ali Hərbi məktəb həyatı gəlib və oranı da fərqlənmə diplomu ilə başa vurub. 150 tələbə arasından pilotluq üçün 17-si seçilib, onlardan biri də Bəhruz olub. Onun peşəkar qabiliyyəti xidmət etdiyi bütün bölmələrdə ən yuxarı komandanlıq səviyyəsində qiymətləndirilib. Əcəl imkan versəydi, qarşıdakı Ordu Günündə keçiriləcək paradda Bəhruz pilot kimi avanqard rol oynayacaqdı…
İri cüssədə nəcib ürək
Yaxınlarının sözlərindən Bəhruzu ikili xarakterli saymaq olar. O, çılğın bir gənc olub, idmana, rəqsə, ovçuluğa xüsusi marağı olub. 183 santimetr boyu olan Bəhruzu dostları pəhlivan kimi xarakterizə edirlər. Siqaret çəkməz, içki içməzmiş, ilahiyyatçı anasının təsirilə namaz da qılırmış. Fiziki imkanlarının genişliyinə baxmayaraq, deyirlər ki, o, çevrəsinə qarşı çox mülayim və nəzakətliliyi ilə seçilib.
“Övlad kimi də nümunəvi idi”
Atası deyir ki, ondan bir övlad kimi zərrə qədər də narazılığı olmayıb: “Indi həyatda olmadığı üçün demirəm, bizim ailəyə bələd olan hər kəs buna şahiddir. Mən bir dəfə də ondan valideyinə qarşı kiçik də olsa, hörmətsizlik görmədim. O, bizə – anasına, mənə elə komandir kimi baxırdı. Nə desək, ”oldu, baş üstə” cavabını verərdi”.
Cənab leytenant!
Novruz həkimin dediyinə görə, Bəhruzu ailədə “cənab leytenant” deyə çağırıblar. O, telefonunu mənə göstərir. Fonda Bəhruzun uniformalı fotosu var. Telefonda Bəhruzdan gələn zənglərin çağırışı da Şəmistan Əlizamanlının “Cənab leytenant” mahnısı olub: “Bizim tez-tez zarafatımız olurdu. Mənə deyirdi ki, ata, sən Qarabağı verib qaçanlardansan, sənin verdiyin o torpaqları mən, bizim nəsil alacaq”.
“Onu hərbçi etdiyimə görə peşman deyiləm”
Novruz həkimə belə bir sualla müraciət etdik: “Doktor, dediniz ki, övladınızın hərbçi olmasında sizin söhbətlərin təsiri böyük olub. Bu bədbəxt hadisədən sonra buna görə özünüzü qınamırsınız ki?”
Ata tərəddüdsüz “yox” cavabı verir: “Yox. Bu barədə çox söhbətlər olub. Qohum-əqrəbadan, tanışlardan çox deyirdilər ki, bu nə sənətdir, niyə uşağı hərbiyə qoyursan? Deyirdim ki, bu, onun daxilindən gələn hissdir. Onun əqidəsi bu idi. O, bu torpaq üçün döyüşməyə özünü həsr edən adamlardan idi. Arada olurdu ki, orduda ölümlərlə bağlı xəbərlər eşidirdik, deyirdim bala, sən də özünü oda-közə bərk vurma, ehtiyatlı ol. O da qayıdırdı ki, ata, mən bu sənəti seçəndə sən başa düşürdün də bu nə yoldur, burada çətinlik də olar, şəhidlik də”.
“O, mənim qayğıma qaldı, özü isə…”
Atası deyir ki, Bəhruzla axırıncı dəfə bazar günü gecə saat 1 radələrində danışıb. Həmin vaxt Novruz həkim Iranda, Təbriz şəhərində olub: “Qızımı ora müalicəyə aparmışdım. Bir gün əvvəl evdə görüşmüşdük. Təbrizə də zəng edib mənə dedi ki, ata, ora getmişkən özünü də yoxlatdır. Dedim ki, ay bala, mənim nəyim var, ehtiyac yoxdu. O da dedi ki, yox e, sənin elə yaşındır ki, gərək yoxlanasan. Səhəri bu hadisə baş verdi. Danışığımızdan heç bir gün keçməmiş…”
“Hadisədən bir gün əvvəl yata bilmədim”
“Mən Təbrizə gedəndə heç bir problemim yox idi. Ancaq hadisə baş verən günün gecəsi mən səhərə qədər yata bilmədim. Təzyiqim qalxdı, başım ağrıdı. Özümü o qədər pis hiss eləməyə başladım ki… Bunu qızım da gördü. Fikir verdim ki, bu hala düşməyim qızımı qorxudur, başımı büküb özümü gizlətmək istədim. Ancaq qız da bundan duyuq düşdü. Eləcə səhərə qədər heç birimiz yata bilmədik. Sanki Bəhruzun ölümü ata-bala bizə əyan olurdu”.
Qara xəbəri radio çatdırır
Novruz həkim hadisəni yarımçıq formada Iran sərhədini bəri keçər-keçməz alıb: “Radioda eşitdim ki, belə bir qəza olub. Sonra adlar deyildi, başım yerindən uçdu. Ancaq xəbərdə ölümlə bağlı bir şey demədilər. Oradan Bakıya qədər hamıya zəng etmişəm. Hamı da məni buradək aldatdı ki, canları üstlərindədir, hospitaldadılar. Gəldim ki, artıq balamı məsciddə yuyurlar”.
Təsəlli
Həmsöhbətimizin bildirdiyinə görə, ermənilərin Xocalıda istifadəyə vermək istədikləri aeroportla bağlı Bərhuzgil 10 günə yaxınmış gərgin təlim keçirmişlər. Budəfəki uçuş da həmin təlim yerinə getmək üçün imiş…
Bu bədbəxt hadisədə atanın yeganə bir təsəllisi də var: “Vertolyotda problem yarananda o, ”Binə” ticarət mərkəzinin üstündə olub. Bəhruz səy göstərərək bəlkə də yüzlərlə adamın ölümünün qarşısını alıb. Təsəvvür edin ki, vertolyot ticarət mərkəzinin üstünə düşsəydi, nə olardı… O, buna imkan vermədi, özünü suya qərq etdi. Budur mənə yeganə təsəlli verən…”
Natiq