Səkkiz-doqquz il əvvəl dostlardan biri məni Bakıya dəvət etmişdi. Layihəsi vardı. Ingilis Devid kimciyəzsə (soyadı yadımdan çıxıb) bizlərə sivil və çevik jurnalistikanın əsaslarını öyrədəcəkmiş.
Mən özümü ünvana yetirəndə əsasən gənclərdən ibarət müdavimlər həvəslə Devidin lövhədə yazıb-pozduğu düsturları dəftərə köçürürdülər. Dərsdən sonra bizə “kofe saatı” verdilər, çünki istənilən layihənin dadı-duzu elə kofesində, qəlyanaltısında olur. Sonra sual-cavab başladı. Tarşırıq təxminən beləydi: Küçədə avtomobilin vurub qaçdığı adam qanın içində çabalayır. Təcili yardım gəlib çıxmır. Ağır vəziyyətdə olan yaralı küçənin kənarında təkbaşına qalıb. Adamlar bu mənzərəni seyr edib uzaqlaşırlar.
Bizlər bu hadisəni ən neytral, ən konkret sözlərlə heç bir mövqe bildirmədən müxtəsərcə çatdırmalıydıq. Hər kəs bacardığı kimi çalışmağa başladı. Dəftər vərəqinin yarısında təqdim edilən ilk xəbəri Devid qısaltmaq üçün geri qaytardı. Ikinci nəfərin üç-dörd cümləsi eyni ilə “senzura”dan keçmədi. Iki cümləlik növbəti xəbər də Devidi qane etmədi. “Fikrinizi daha quru və və qısa şəkildə çatdırın”, deyib durdu. Məndən başqa kimsə qalmayanda boş kağızı Devidin qabağına qoyub həftəlik məşğələmə yarım gündə xitam verdim. Zatən ilk anlardan qaçmağa bəhanə axtarırdım. Vaxta ki, dərsimi də bilmədim, dayanmağın daha mənası yoxdu.
Buna təəssüf edən dostumla sağollaşıb çıxanda şəkili bir gənc (üç-dörd saatlıq “sinif yoldaşım”) məni oralara yaxın yerdə çaya dəvət etdi.
Xeyli söhbətdən sonra qərbyönlü müasir jurnalistikanın öyrəncisi daha özünü saxlaya bilmədi:
– Adam küçənin ortasında təkbaşına bir alçağın üzündən can çəkişir. Səbəbkar qaçıb gedib. Kimsə yaxına gəlmir. Sən də bu rəzaləti heç nə olmamış kimi bir-iki cümlə ilə çatdırmalısan. Nə var, nə var Amerika təcrübəsidir. Haindi bacım, bu Devid be dünyanın o başından gəlib bizə eşşəklikmi öyrədəcək? Olmaz belə şey. Mən o adamı vurub qaçana da, mənə belə jurnalist dərsi verənə də, onun Amerikasına da…
Gənc müsahibim fürsəti dəyərləndirib Bakıya gəlmişkən, “layihə çərçivəsində” özəl işlərini görməyə getdi. Devidin Amerika jurnalistkasını mənimsəyə bilməyən mənciyəz də ki, həmin gün yadlaşmış, özgələşmiş paytaxtdan uzaqlaşdım.
Sarı şortikli Devidin lövhəyə yazdığı qaydaları ara-sıra xatırlayanda şəkili gəncin “devid be”cinə gülməkdən özümü hələ də saxlaya bilmirəm. Milli şəbədələrimiz olmasa, vallah, çoxdan vərəm bağlayardıq. Ona görə deyiblər, ağlayanın bir dərdi olar, gülənin min.
Bu arada Devidin canını da allah sağ eləsin… Suyuşirin uşaq idi. Di gəl ki, bircə cümlədən artıq olmaz, deyib durdu. Buna deyən lazımdı ay Devid, əvvəla bizdə belə qansızlıq olmaz, allah rizasına nəyimiz yoxdusa da, adamlığımız var. Belə hallarda yaralının ətrafında bir basabas yaradırıq ki, prezident tıxacı bunun yanında toya getməlidi. Elə oradaca bu gün evdən çıxanda qarşımıza qara pişik çıxmağından, gecə qarışıq yuxu görməyimizdən və sair əlamətlərdən danışa-danışa can çəkişən yaralının özünü də mütləq söhbətə cəlb edəcəyik. Sonra baisin yeddi qatına ellikcə söyüş-qarğış yağdıracağıq və üstəlik, bu an gəlib çıxan “təcili yardım”ı kimin çağırdığı barədə də mübahisə edəcəyik. Yaralını xəstəxanaya göndərib evə dönənə qədər yolda tanıyıb-tanımadığımız adamlara, həyətdə qonşulara, evdə ailəmizə qəzadan danışıb allahdan ona şəfa və onu köməksiz vəziyyətdə qoyub qaçana lənət diləyəcəyik. Bəs sən istəyirsən ki, ay Devid, belə bir istiqanlı xalqın köynəyindən çıxan müxbir, bu cür yanıqlı olaya köklənmədən mövqeyini bir quru cümləynən bildirsin? Olmaz! Nədənini deyək, qoy Amerikadakılar da bilsinlər:
– Bu ölkədə heç kim özüynən baş-başa qalmaq istəmir. Çünki həmin anda adamın üstünə o qədər ehtiyac, borc, dərd gəlir ki, bunları unutmaq üçün ən yaxşı halda bayaq xəstəxanaya göndərilən huşsuz yaralının yerində olmaq istəyirsən…