“Qardaşımın məndən qisas almaq üçün həbs edildiyini deməyə əlimdə əsaslar var”
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İsmayıllı hadisələri ilə bağlı daha bir məlumat yayıb. Baş Proklurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, son günlər “Azadlıq” qəzetinin bölgə müxbiri Elçin İsmayıllı bəzi kütləvi informasiya vasitələrində qardaşı Elşənin İsmayıllı hadisələrilə əlaqədar həbs edilməsini peşə fəaliyyəti ilə bağlı qisas almaq məqsədi ilə ona qarşı təzyiq vasitəsi olduğu barədə bəyanatlarla çıxış edir. “Həmin informasiyalar həqiqətə uyğun olmadığından tərəfimizdən qəti şəkildə təkzib edilir. Elçin İsmayıllının qərəzli və hüquqa söykənməyən çıxışlarını baş vermiş hadisələri siyasiləşdirməyə cəhd kimi qiymətləndirməklə bildiririk ki, qardaşı Elşən İsmayıllı yanvarın 23-24-də İsmayıllı rayonunda ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə fəallıq göstərib. Belə ki, ictimai asayişi pozmağa çalışan rayon sakinlərini bu hərəkətlərdən çəkindirməyə çalışan və onları intizama dəvət edən rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin qanuni tələblərinə məhəl qoymayan E.İsmayıllı fəal şəkildə müxtəlif qanunazidd çağırışlar edib, bundan sonra polis əməkdaşlarına daş atıb və digər şəxsləri də daş atmağa və qarşıdurmaya təhrik edib”, – deyə bəyanatda bildirilir.
Elçin İsmayıllı isə bu bəyanatı qərəzli və uydurma adlandırıb. Bölgə müxbirimiz yazılı açıqlamasında bildirib ki, Baş Prokurorluq növbəti dəfə özünün qərəzliliyini və “uydurma tezislərə söykənərək məsuliyyətsiz bəyanat verən bir qurum olduğunu” sübut edir. “Uydurma bəyanatı yayan qurumun başbilənlərinin nəzərinə çatdırıram ki, qardaşım Elşən İsmayıllı heç kimin əmlakına zərər vurmayıb. Onun 23-24 yanvar tarixlərində ixtişaşlarda fəal iştirak etdiyi haqda deyilənlər tamamilə yalan və uydurmadır. Qardaşım Elşən İsmayıllı 23 yanvar tarixində yaşadığı Hacıhətəmli kəndində olub, bu kənd isə rayon mərkəzindən 34 km aralıda yerləşir. Həmin gecə o, baş verənlərdən xəbər tutmayıb. Səhərisi isə babam mərhum Xəlil Xəlilovun yas mərasimində (cüməsində) iştirak etmək məqsədilə atam, anam və özü rayon mərkəzinə gəlib. Yas mərasimi M.F.Axundov küçəsində olub, əsas toqquşmalar da bu küçədə baş verib. Qardaşım Elşən İsmayıllı da başqaları kimi hadisələrlə maraqlanmaq məqsədilə əhalinin içində olub. Bu zaman rayon icra hakimiyyəti başçısının I müavini Rəfael Əhmədov qəflətən Elşənin üzərinə yeriyərək ona təhqiramiz sözlər deyib və bildirib ki, hadisələri siz təşkil etmisiniz. Qardaşım da ona cavab qaytarıb, “Bu sizin zibilli işlərinizin nəticəsidir” deyə münasibətini bildirib”, – deyə Elçin İsmayıllı bildirib.
Bölgə müxbirimiz qeyd edir ki, icra başçısının müavini Rəfael Əhmədov onun qardaşı ilə iki ilə yaxındır, yola getmir, indiyədək dəfələrlə onun başına oyun açacağını bəyan edib. Səbəb isə qardaşı Elşənin yaşadığı kəndin yol, su, işıq kimi sosial problemləri ilə bağlı İcra Hakimiyyətinə və şəxsən Rəfael Əhmədova etiraz etməsi, mövqeyində sərt və güzəştsiz olmasıdır.
“Qardaşın yerində sakit dursun, əks təqdirdə cəzalandırılacaq fikrini bir neçə dəfə şəxsən mənə rayondakı ayrı-ayrı məmurlar Rəfaelin adından çatdırıblar. Başqa tərəfdən, videolardan da açıq görünür ki, qardaşım həmin hadisələr zamanı hər hansı aqressiv hərəkətə yol verməyib, buna baxmayaraq hadisələrin üstündən bir neçə gün keçəndən sonra həbs olunub. Bu da təsdiq edir ki, onun həbsi sifarişli və qərəzlidir. Qardaşımın məndən jurnalist fəaliyyətimə görə qisas almaq üçün həbs edildiyini deməyə əlimdə əsaslar var. Rayonun polis və icra hakimiyyəti strukturlarında çalışan bir sıra şəxslər mənə bildiriblər ki, icra başçını eşitmədiyimə, rayondan daha çox informasiya ötürməklə hadisələrin həm ölkə, həm də dünya mediyasına çıxmasında oynadığım rola görə qardaşım həbs olunub”, – deyə Elçin İsmayıllı açıqlama verib.
Daha sonra bu hadisələrdə həbs olunanların hər birinin ona qardaş qədər əziz olduğunu qeyd edən bölgə müxbirimiz sual edir ki, əgər Baş Prokurorluq obyektiv və qərəzsizdirsə, onda fevralın 6-ı və 7-də Hacıhətəmli kəndindən rayon polisinə və prokurorluğuna aparılanlar niyə gizlədilir, Elşən İsmayıllının əleyhinə ifadə vermələri üçün niyə onlara təzyiq olunur, hədə-qorxu gəlinir. Bunun özü qərəz deyilmi?.
“Rayon hüquq mühafizə orqanları hətta atam Səməd İsmayıllının da əleyhinə ifadə verməyi dolayısıyla həmin sakinlərdən tələb edir. Buyursunlar, əgər ürəkləri soyumayıbsa məni də həbs edə bilərlər. Heç bir təzyiq məni fəaliyyətimdən, həqiqətləri işıqlandırmaqdan çəkindirə bilməz. Bundan sonra da peşə fəaliyyətimi prinsipiallıqla, konstitusiyanın və beynalxalq hüquq normalarının imkan verdiyi formada yerinə yetirəcəm”, – deyə Elçin İsmayıllı sonda bildirib.