İslam Əmədaşlıq Təşkilatının 12-ci zirvə toplantısı Misirin paytaxtı Qahirədə öz işinə başlayıb. Sammitin gündəliyində olan əsas məsələlər Suriya, Qəzza zolağı başda olmaqla Fələstin və Malidəki vəziyyətdir. Sammitdə 1979-cu ildə İslam inqilabından bəri Misirə səfər etmiş ilk İran prezidenti olan Mahmud Əhmədinejad, Türkiyə prezidenti Abdulla Gül, Pakistan prezidenti Asif Əli Zərdari və İraq prezidenti Nuri əl-Maliki də daxil olmaqla, 26 lider iştirak edir. Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Dərviş Əroğlu da sammitdə iştirak edənlər arasındadır.
“İslam dünyası: yeni sınaqlar və genişlənən imkanlar” mövzusu altında keçirilən zirvə toplantısında İslam Əməkdaşlıq Təşkilatına sədrliyin Türkiyəyə keçməsi də ikitərəfli görüşlərlə müzakirə olunacaq. Türkiyə prezidenti Abdulla Gül təşkilata üzv ölkələrə İnkişaf Hesabatını təqdim edəcək. Təşkilatın 2016-cı ildə keçiriləcək növbəti sammitinə Türkiyənin ev sahibliyi etməsi də 57 üzv ölkə tərəfindən qərarlaşdırılacaq.
Bu arada, Qahirə sammitinin təşkilinə cəlb edilmiş təhlükəsizlik qüvvələri ilə bəzi liderlərin mühafizəçiləri arasında gərginlik yaşanıb. Bundan başqa, təhlükəsizlik qüvvələri Türkiyə prezidenti Abdulla Gülü müşayiət edən xarici işlər naziri Əhməd Davudoğlunun sammitin keçirildiyi salona girməsinə imkan verməyiblər. Davudoğlu və mühafizəçilərinin təkidinə baxmayaraq, Davudoğlunun salona daxil olmasına icazə verilməyib.