Adil İsmayılovdan maraqlı təklif: «Kiminsə qanunsuz qərarına görə mən niyə cərimə ödəməliyəm?»
Avropa Məhkəməsi indiyədək Azərbaycana qarşı yüzə qədər qərar qəbul edib. Bu qərarlar üzrə dövlətə kəsilən cərimələrin məbləği isə təxminən yarım milyon avrodur. Avropa Məhkəməsinin Azərbaycanla bağlı bütün qərarlarında zərərçəkmişlər üçün müəyyənləşdirilən kompensasiyalar ödənilib. Həmin vəsait isə dövlət büdcəsi hesabına ödənilir.
Ölkənin tanınmış vəkillərindən olan Adil Ismayılov Avropa Məhkəməsinin kəsdiyi cərimələrin ödənilməsilə bağlı maraqlı bir təklif irəli sürüb. Vəkil hər hansı iş üzrə Strasburqda müəyyənləşdirilmiş cərimənin həmin işə vaxtilə yerli məhkəmələrdə baxmış və qanunsuz qərarlar çıxarmış hakimlərin hesabına ödənilməsini təklif edib.
Adil Ismayılov Konstitusiyanın 96-cı maddəsinin vətəndaşlara verdiyi hüquqa əsaslanaraq, belə bir təklifin parlament müstəvisinə çıxarılmasının tərəfdarıdır. Qeyd edək ki, qanunvericilik təşəbbüsü hüququndan (qanun layihələri və başqa məsələləri Milli Məclisin müzakirəsinə təqdim etmək hüququ) bəhs edən 96-cı maddədə göstərilir ki, bu hüquq prezident, deputatlar, Ali Məhkəmə və s. ilə yanaşı, 40 min seçici-vətəndaşa da mənsubdur.
Adil Ismayılov deyir ki, bu gün əhalinin böyük əksəriyyətinin ölkədəki hazırkı vəziyyətdən narazı olduğu bir vaxtda digər etiraz formalarıyla yanaşı, Konstitusiyanın verdiyi bu imkandan da yararlanmaq lazımdır: “Bu gün cəmiyyətin əsas etiraz forması mitinqdir. Məncə, başqa etiraz formalarından da istifadə etmək lazımdır. Məsələn, ”5 qəpik aksiyası” maraqlı etiraz forması idi və dəstək də qazandı. Hesab edirəm ki, etiraz növlərindən biri kimi, Konstitusiyanın verdiyi bu imkandan da istifadə etmək faydalı olar.
2009-cu ildəki referendum zamanı Konstitusiyaya edilən dəyişikliklərin böyük əksəriyyəti oradakı mütərəqqi normaların üstündən xətt çəkdi, o cümlədən bir nəfərin ardıcıl iki dəfədən artıq prezidentliyinə qoyulmuş qadağanın aradan qaldırılması. Amma bircə müsbət əlavə oldu, bu da 40 min seçici imzasıyla qanunvericilik təşəbbüsüylə çıxış etmək, parlamentə qanun layihəsi təqdim etmək hüququnun verilməsi idi. Bildiyimə görə, bu günə qədər həmin normadan istifadə olunmayıb. Daha doğrusu, həmin hüquqdan yararlanmaq təklifimdən sonra mənə yazdılar ki, bir qrup belə bir təşəbbüsdə bulunub, səhiyyə ilə bağlı bir layihə hazırlayıb təqdim ediblər. Lakin məlum olub ki, həmin norma işlək deyil. Çünki Konstitusiyanın elə həmin maddəsində belə bir bənd var ki, 40 min imzanın hansı qaydada toplanıb təqdim olunmasıyla bağlı ayrıca qanun olunmalıdır, amma 2009-cu ildən bəri hələ də belə bir qanun qəbul olunmayıb.
Milli Məclis baytarlıq da daxil olmaqla, ən müxtəlif sahələrlə bağlı qanunlar qəbul edirsə, Konstitusiyanın bu maddəsinin işləkliyini təmin etmək üçün niyə qanun qəbul olunmur? Bu, insanların fikrinə olan münasibətin göstəricisi olmaqla yanaşı, həm də təşəbbüsün qarşısını almağa xidmət edir. Təəssüf ki, ictimaiyyət də belə bir qanunun qəbulunu tələb etməyib”.
Bununla belə, vəkil yada salır ki, Konstitusiya ölkədə ən yüksək hüquqi qüvvəyə malikdir. Bu isə o deməkdir ki, oradakı bütün maddəalar həyata keçirilməlidir.
Konstitusiyanın verdiyi imkandan yararlanaraq, Avropa Məhkəməsinin müəyyənləşdirdiyi cərimələrin həmin işlərə baxmış hakimlər tərəfindən ödənilməsinə dair layihə ilə parlamentə müraciət olunmasına gəlincə, Adil Ismayılov təklifini belə əsaslandırır: “Avropa Məhkəməsinin təyin etdiyi kompensasiyalar dövlət büdcəsi hesabına ödənilir. Büdcənin də vətəndaşların verdiyi vergi hesabına formalaşdığını nəzərə alsaq, həmin pul faktiki bizim cibimizdən gedir. Ona görə də qanuna dəyişiklik edilsin və hansı iş üzrə Avrapa Məhkəməsi kompensasiya müəyyən edibsə, vaxtilə yerli məhkəmələrdə həmin işə baxmış hakimlər onu ödəsin. Yoxsa, kiminsə qanunsuz qərarına görə mən, sən və ya hər hansı başqa bir vətəndaş niyə cərimə ödəməlidir?
Deyə bilərlər ki, Avropa Məhkəməsinin kompensasiyalarının məbləği çox olur, hakim onu necə ödəsin? Eyni sualı mən də verə bilərəm ki, işləməyən adama mitinqdə iştiraka görə 2000-2500 manatlıq cərimə necə kəsilir? Digər tərəfdən, hakimlərin maaşı kifayət qədərdir. Üstəlik, bir iş Strasburqa gedib çıxana qədər ölkədə üç instansiyadan, bir neçə hakimin əlindən keçir. Elə hakimlər də var ki, onun baxdığı bir neçə iş üzrə Avropa Məhkəməsi dövləti cərimələyib. Bu halda, həmin hakimi gələcəkdə yüksək məbləğli təqaüd almaqdan məhrum eləmək olar. Həmçinin bu cür hakimlərin vəzifədən uzaqlaşdırılması məsələsinə baxılmalıdır”.
Aytən Məmmədova