Karl Rader: «Bakıda həbslər hakimiyyətin problemləri həll etməyə qadir olmamasının nəticəsidir»
ABŞ-ın son həbslərlə bağlı hesabat yayacağı gözlənilir
Qafqaz üzrə rəsmi şəxslər və aparıcı analitiklər Ilqar Məmmədovla Tofiq Yaqublunun həbsi barədə xəbərləri diqqətlə izləyirlər. Onlar yanvarın 23-24-də Ismayıllıda hökumət əleyhinə etirazların təşkilində ittiham olunurlar.
“Biz həbslər barədəki son xəbərlərdən narahatıq və rəsmi hesabat gözləyirik”,- ABŞ-ın paytaxtındakı rəsmi mənbə Turan-ın müxbirinə bildirib.
I.Məmmədov və T.Yaqublunun həbsi bir daha göstərir ki, hakimiyyətin strategiyası Ismayıllı iğtişaşlarından diqqəti yayındırmaq, günahkarları axtarmamaq, səbəbləri araşdırmamaqdır. Bu fikri beynəlxalq münasibətlər üzrə ekspert və jurnalist Karl Rader söyləyib.
“Hakimiyyət Ismayıllıda və Binə bazarında spontan partlayışların baş verməsinə məmurların heç olmasa hansısa dərəcədə təkan vermələrini yaxına belə buraxmaq istəmir”, – o qeyd edib.
“Kamil demokratik cəmiyyətdə belə olardı: iri media fasiləsiz olaraq baş verənləri təhlil edərdi və mətbuat konfransı keçirərdi. Parlament deputatları ictimaiyyətin hiddətinə reaksiya verərək komitələrin xüsusi iclaslarını çağırardı.
Dövlət qulluqçuları, polislər və sahibkarlar ifadə vermək üçün məhkəməyə çağırılardı. Nəhayət, problemin həlli üçün addımlar atılardı. Azərbaycan da belə ölkə ola bilər, əgər prezident başa düşsə ki, ölkənin rifahı və inkişafı üçün fəal müxalifət və azad mətbuat vacibdir.
2005-ci ildən parlament seçkiləri xalqla Əliyev hökuməti arasında “müqavilə” əsasında aşağıdakı qaydalar əsasında keçirilir: “başa düşürük ki, bizim seçkilər heç də ədalətli deyil, Azərbaycanda demokratik normalar isə çox aşağıdır. Lakin hələlik siz, cənab prezident, bizim həyatımızı maddi baxımdan yaxşılaşdırırsınız və bizə öz ambisiyalarımızı reallaşdırmağa imkan verirsiniz, biz sizə səs verməkdə davam edəcəyik”.
Bu, sadələşdirilmiş sxemdir və bir çox başqa məsələlər də var. Ismayıllıdakı aksiyalar kimi etirazların mənası odur ki, regionlarda adamlar bəyan edirlər ki, artıq “müqavilə” öz qüvvəsini itirib. Məsələ ondadır ki, hakimiyyətin heç bir mütləq mexanizmi yoxdur ki, problemlərin rasional müzakirəsində sakit və təmkinlə iştirak etsin.
Görünür, Ilham Əliyev bu cür çağırışlara cavab vermək üçün konseptual alətlərə malik deyil. Odur ki, o və ətrafı hər zaman etdiklərini edirlər: qurbanları ittiham edirlər, müxalifət düşərgəsində günahkarlar axtarırlar və bununla da güman edirlər ki, problem yox olacaq”,- Rader vurğulayıb.
Ekspert ehtimal edir ki, seçkilərə qədərki aylarda bu cür spontan etirazlar yenə də baş qaldıracaq. “Əgər hökumət iğtişaşların səbəblərin tezliklə aradan qaldıraraq manevr edə bilsə, seçki onun üçün elə də problem olmayacaq. Lakin uzun illər ərzində hakimiyyətdə mövcud olan problemləri nəzərə alsaq, bu, çətin ki baş versin”, – Rader qeyd edib.