“Media forum” saytının suallarını Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı cavablandırır.
– Yanvarın 23-də Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında almaniyalı deputat, siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserin “Azərbaycanda siyasi məhbuslar məsələsində atılmalı addımlar” adlı hesabatı və onun bununla bağlı hazırladığı qətnamə layihəsi ətrafında müzakirələr aparıldı və sonda qətnamə qəbul olunmadı. Azərbaycan hökuməti Ştrasserin məruzəsini və siyahısını qeyri-obyektiv sayırdı. Siz Ştrasserin siyahısının hazırlanması prosesində iştirak etmişdinizmi? Hazırda Ştrasserlə əlaqələriniz varmı?
– Yanvarın 23-də AŞPA-da Azərbaycanla bağlı iki məsələnin müzakirəsi oldu eyni zamanda. Nədənsə hamı Ştrasserin siyasi məhbus hesabatından danışır. Elə bil o biri məsələ – Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri və verdiyi vədləri yerinə yetirməsi barədə Monitorinq Komitəsinin hesabatı kölgədə qalır. Bu hesabatda Azərbaycanda demokratik institutların necə işləməsinin və insan haqlarına əməl olunmasının vəziyyəti qiymətləndirildi. Sənəd barədə qısaca bilgi verməyin gərəkli olduğunu düşünürəm.
Avropa Şurası eyni dəyərləri bölüşən ölkələrin əməkdaşlıq etdiyi bir klubdur. Bura üzv olan hər bir ölkə ümumi dəyərlərə hörmət etməlidir. Azərbaycan da bu dəyərlərə – həm demokratikləşməyə, həm də insan haqlarına əməl edəcəyinə söz verib, öhdəliklər götürüb. Azərbaycan dövləti bu vədləri təkcə Avropa Şurasına verməyib. Vətəndaşlar qarşısında da onun öhdəlikləri var. Prezident and içəndə insan haqlarına əməl edəcəyinə də and içir.
Azərbaycan 10 ildən çoxdur Avropa Şurasının üzvüdür. Təəssüf ki, bu müddət ərzində vədlər tam yerinə yetirilməyib. Azərbaycan bu klubda Avropa ailəsinin şıltaq üzvlərindən biri təsirini bağışlayır, demokratiya və insan haqları sahəsində sistemdən doğan ciddi problemlərin günü-gündən dərinləşdiyi bir ölkəyə çevrilməkdədir. Çoxlu tənqidə baxmayaraq bunları aradan qaldırmaq üçün fundamental addımlar atmağa tələsmirik.
Avropa Şurası öz üzvlərinə böyük hörmətlə yanaşır. Üzv ölkələr haqqında iradlar mümkün qədər yumşaq, diplomatik dillə ifadə olunur. Təəssüf ki, bütün bunlara baxmayaraq AŞPA-nın Azərbaycanla bağlı son qərarı həddən artıq sərt səslənir. Monitorinq Komitəsinin bütün yumşaltma səylərinə, hesabatı hökumətimizlə intensiv dialoq əsasında hazırlamasına, hökumət nümayəndələrinin bu hesabatı dəstəkləməyə məcbur olmasına baxmayaraq qətnamənin dili olduqca sərtdir. Bunun bir səbəbi var: Azərbaycanda demokratik institutların vəziyyətini, insan haqlarının vəziyyətini bundan daha yumşaq dillə ifadə etmək mümkün deyil.
Qətnamə və ona əlavə olunmuş Açıqlayıcı Memorandum çox böyükdür. Təəssüf ki, dilimizə çevrilməyib, oxucularımızın çoxu onunla yaxından tanış ola bilmir. Mən hesabat və qətnamədən bir neçə sitatı diqqətə çatdırım:
“Avropa Şurasına qəbul ediləndən bəri Azərbaycanda hələ bir dəfə də olsun parlament və ya prezident seçkisi demokratik standartlara tam uyğun olmayıb”.
“Bəzi qanunların sərt qadağanedici tətbiqi və ya qanunların pozulması qanunun aliliyi və insan haqlarına hörmət məsələlərində getdikcə daha çox narahatlıq doğurmaqdadır”.
“Dolğun siyasi sistem və gerçək rəqabətli və əl-qolu bağlamayan siyasi mühit qurmaq adi azadlıqların, o sıradan ifadə azadlığının, toplaşma azadlığı və birləşmə azadlığının tam tətbiq olunmasını tələb edir. Azərbaycandakı vəziyyət narahatedicidir və assambleya bundan dərin narahatlığını ifdə edir”.
“Azərbaycanda hakimlərin müstəqilliyinin olmaması, xüsusilə bəzi konkret işlərdə icra hakimiyyətinin onlara təsirinin davam etməsi üzüntü doğurur. Ədalət mühakiməsinin özəlliklə məhkəməyəqədərki mərhələsində ədalətin, bərabərliyin olmaması narahatlıq doğuran başlıca səbəblərdən biridir“.
“Assambleya insan haqları müdafiəçilərinin, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının fəallara və jurnalistlərə qarşı qurama cinayət ittihamlarından güman olunan istifadə barədə hesabatlarından həyəcan keçirir. Ədalətsiz məhkəmə çəkişmələri və hökumətin yersiz təsiretmələri ilə bərabər azadlıqların yasaqlayıcı tətbiqi vicdan məhbusu sayıla bilən şəxslərin sistematik həbsləriylə sonuclanıb. Polis qurumlarında işgəncə və başqa qeyri-insani davranış formaları, eləcə də təqsirlilərin cəzasız qalması böyük üzüntülər doğurur”.
Assambleya öz qətnaməsində Azərbaycanı siyasi məhbusların və vicdan məhbuslarının işlərinə yenidən baxmağa, bütün mümkün hüquqi vasitələrdən istifadə etməklə onları azad etməyə çağırıb.
Qətnamədə Azərbaycan hakimiyyətinə demokratik institutların işləməsinin, məhkəmələrin müstəqilliyinin təmin edilməsi, korrupsiyanın və mütəşəkkil cinayətkarlığın qarşısının alınması, siyasi məhbus və vicdan məhbusları probleminin həll olunması, hüquq mühafizə orqanlarında işgəncələrin və qeyri-insani rəftarın kökünün kəsilməsi və təqsirlilərin cəzalandırılmasıyla bağlı konkret addımlar atmağa dair çağırışlar var.
Assambleya hakimiyyətə ifadə azadlığı, toplaşma və birləşmə azadlıqları, vicdan və din azadlıqları sahəsində pozuntuları aradan qaldırmaq və vətəndaşların bu azadlıqlardan istifadəsini təmin etməklə bağlı da çağırışlar edib.
AŞPA bildirib ki, Azərbaycanın verdiyi vədləri yerinə yetirib-yetirməməsinin monitorinqini davam etdirəcək. Nəzərə alaq ki, Azərbaycan bu monitorinqin hələ də davam etdiyi bir neçə şıltaq autsayder ölkədən biridir.
Ştrasserin hesabatına gəlincə, müzakirələr zamanı bir çoxları deyirdilər ki, AŞPA tarixində bir üzv dövlət barədə eyni zamanda iki belə sərt hesabat olmayıb. Ştrasserin hesabatı yalnız bir məsələyə – Azərbaycanda siyasi məhbuslar məsələsinə həsr olunmuşdu.
Azərbaycanda siyasi motivlərlə həbsə atılan şəxslər barədə çox həyəcanlandırıcı məlumatların səngiməməsi 2009-cu ildə AŞPA-nı bu məsələylə bağlı xüsusi məruzəçi təyin etməyə vadar etdi. Azərbaycan hakimiyyəti əvvəldən siyasi məhbusların olduğunu inkar etdi. Bu məruzəçiylə hər hansı əməkdaşlıqdan boyun qaçırdı. Ştrasserin Azərbaycana gəlməsinə, hökumət qurumları, yerli hüquq müdafiəçiləriylə birlikdə siyasi məhbus olduğu deyilən şəxslərlə bağlı hesabat hazırlamasına imkan yaratmadı. Hesabatı hazırlamağa israr edən Ştrasserə qarşı müxtəlif gözdənsalma kampaniyaları aparıldı. Nəticədə Ştrasser hesabatı Azərbaycan hökumətinin iştirakı olmadan hazırladı. O, hesabatı yerli və beynəlxalq hüquq müdafiə qurumlarının, güman olunan siyasi məhbusların vəkillərinin, ailə üzvlərinin verdiyi məhkəmə sənədləri əsasında hazırlamağa məcbur oldu.
Siyahının hazırlanması prosesində həbsxanalar dolub-boşaldığından siyasi məhbusların siyahısı da dəyişirdi. Bir çox məhbuslar prezidentin imzaladığı əfv sərəncamları, yaxud cəzasını çəkib qurtarmaları səbəbindən həbsdən azad olunurdular. Amma onların yerini yeni şəxslər tuturdu. 6 ay bundan əvvəl AŞPA-nın Hüquq və İnsan Haqları Komitəsinə təqdim olunan siyahıda 85 güman olunan siyasi məhbusun adı vardı. AŞPA-nın son sessiyası öncəsi bu siyahıda dəyişiklik edilmişdi. Artıq azad buraxılmış 34 və həbsdə ölmüş 1 nəfər siyahıdan çıxarıldı. 10 yeni şəxs isə əlavə edildi. Beləliklə, son siyahıda 60 şəxsin adı var idi. Ştrasser siyahıdakı şəxsləri bir neçə qrupa bölmüşdü. Məsələn, dini siyasi qruplara məxsus şəxslər, siyasi motivlərlə tutulmuş, hələ məhkəməsini gözləyənlər, vətəndaş cəmiyyəti fəalları, jurnalistlər, islamçı fəallar, “Səid Dadaşbəyli qrupu”, “OMON”çular və sair. Hazırladığı qətnamə layihəsində Ştrasser aşağıdakıları təklif edirdi: cəzalarının çox hissəsini artıq çəkmiş siyasi məhbuslar Cinayət Məcəlləsinin cəzadan şərti azadetmə müddəaları tətbiq olunmaqla adi məhbuslarla eyni qaydada həbsdən azad edilsinlər; mühakimə olunarkən ədalətli mühakimə hüquqları pozulmuş siyasi məhbuslar ya azad edilsin, ya da onlar;n işlərinə yenidən baxılsın; ciddi xəstəliyi olan siyasi məhbuslar humanitar əsaslarla həbsdən azad edilsin.
Ştrasserlə həbsdə olan jurnalistlərin işləriylə bağlı əlaqə saxlayırdım. Eləcə də Monitorinq Qrupunun məruzəçiləriylə. Bir neçə jurnalist – Əvəz Zeynallı, Vüqar Qonaqov, Zaur Quliyev, Ramin Bayramlı və başqaları bu siyahılara daxil edilmişdi. Sondakı əlavələrə Fərəməz Allahverdiyevin, Hilal Məmmədovun, Araz Quliyevin də adları əlavə olunmuşdu.
Ştrasserin mandatı artıq başa çatıb. O, siyasi məhbuslar məsələsiylə məşğul olmur. AŞPA-dan sonra ünsiyyətimiz olmayıb.
– AŞPA Ştrasserə özü mandat vermişdi, özü də onun hesabatını qəbul etmədi. Bunu necə dəyərləndirirsiniz?
– Məncə, Avropa Şurası yanlış qərar verdiyini anlayacaq. Həm də söhbət təkcə Azərbaycandakı durumdan getmir. Siyasi məhbuslar məsələsi təkcə bizim problemimiz deyil. Rusiyada, Ermənistanda, Ukraynada, Gürcüstanda və Türkiyədə belə problemlər qabarmaqdadır. Ştrasserin gördüyü işin əhəmiyyəti həm də onda idi ki, o, siyasi məhbus məsələsiylə bağlı ümumi anlayış müəyyən etmişdi. Bu, Hüquq və İnsan Haqları Komitəsində qəbul olunmuşdu. Bu anlayış asanlıqla başqa ölkələrdəki siyasi məhbuslara şamil olunacaqdı. Azərbaycanla bağlı qərar başqa ölkələr üçün də çəkindirici rol oynayacaqdı. Azərbaycanın ardınca bu ölkələrdə də siyasi məhbus məsələsinin qiymətləndirilməsinə başlana bilərdi.
Təsadüfi deyil ki, həmin ölkələr (Ermənistanı çıxmaqla, onlar Azərbaycanın əleyhinə olan hər hansı qərara gözüyumulu, düşünmədən imza atmağa hazır kimi aparırlar özlərini) Azərbaycan hakimiyyətini bütün gücləriylə dəstəkləyirdilər. Amma Ştrasserin qətnaməsinin keçməməsinin əsas səbəbi təkcə bu deyildi. AŞPA siyasi bir məkandır. Orada hüquqi yox, siyasi qərarlar qəbul edilir.
Birincisi, qeyd etdiyim kimi üzv ölkə barəsində 2 sərt qərarın eyni vaxtda qəbul edilməsi yaxşı hal sayılmırdı. İkincisi, Monitorinq Qrupunun hesabatı da çox sərt idi. Eyni zamanda bütün insan haqlarını, o cümlədən siyasi məhbuslar məsələsini əhatə edirdi. Bu qətnamələrin müzakirə və təsdiqinin eyni vaxta düşməsi də öz təsirini göstərdi. Üçüncü mühüm amil Azərbaycan hökumətinin apardığı güclü lobbiçilik fəaliyyəti idi. Doğrudan çox böyük iş görülmüşdü. Səsvermənin nəticələri dərc olunub. Azərbaycanın neft və ya qaz satdığı, böyük məbləğdə investisiya qoyduğu, iqtisadi böhran yaşayan ölkələrin, demək olar, hamısı insan haqlarını “unudub” Azərbaycanın xahişini mütəşəkkilliklə yerinə yetirməyə çalışırdı. Bu sıraya keçmiş kommunist zolağından çıxmış olkələr – Moldova, Rumıniya, Bolqarıstan, Macarıstan, Makedoniya, Serbiya, Monteneqro, Sloveniya, Xorvatiya, Bosniya və Hersoqovina, Albaniya, hətta Çexiya, Slovakiya və Polşa daxil oldu. Yunanıstan da geridə qalmadı. Nəhayət, Britaniya, İspaniya, Fransadan olan nümayəndələr siyasi məhbuslar layihəsini dəstəkləmədilər.
Azərbaycan hökumətini bu məsələdə dəstəkləyənlərin bəzi başqa arqumentləri də maraqlı ola bilər: Azərbaycanın geopolitik vəziyyəti, bir tərəfində İran, o birində Rusiya, qərbində isə münaqişə vəziyyətində olduğu Ermənistan… Xüsusilə İranın ölkənin daxili vəziyyətinə təsir etmək cəhdləri, radikal islamçılar, onların Azərbaycanda İran modelli şəriət qanunları tətbiq etmək istəkləri, Azərbaycanda əhalinin firavanlığının yüksəlişi, işsizliyin olmaması… Təbii ki, onlar bu arqumentləri lobbilik etdikləri Azərbaycan hökumətindən almışdılar.
– Necə düşünürsünüz, bu hadisə Azəbaycanda insan hüquqlarına necə təsir edəcək?
– Nəzərə alaq ki, AŞPA-nın qəbul etdiyi Monitorinq Qrupunun hesabatı və Azərbaycanın öhdəliklərinə və vədlərinə əməl etməsi barədə qətnamə çox sərtdir və başqa insan haqları, eləcə də siyasi məhbuslar məsələsi üzrə sərt çağırışar edir. AŞPA-dakı gərgin müzakirələr Azərbaycanda olan vəziyyətə xeyli işıq saldı. Eləcə də Azərbaycanı diqqət obyektinə çevirdi. İnsan haqları və demokratiya məsələlərinə olan diqqət uzun zaman saxlanacaq. Azərbaycanda baş verənlərə reaksiyalar daha tez və həssas olacaq. AŞPA sanki Azərbaycan hökumətinə böyük kredit verdi, bir minnət qoydu. Eləcə də insan haqları və demokratiya uğrunda səs qaldıranlar qarşısında özü borclu qaldı. O baxımdan çox ehtiyatlı olmaq, verilmiş etibardan, kreditdən qənaətlə istifadə etmək lazım gələcək. Əks halda biz sərt qərarlarla, sərt münasibətlə üzləşə bilərik.
– Ştrasserin siyahısındakı insanların taleyi necə olacaq?
– Təəssüf ki, bu məsələdə hökumətimizin çox irəli gedəcəyinə inanmıram. Bu siyahıda olanların bəzilərinin tez azad ediləcəyinə inansam da, bəziləri barədə belə proqnoz verə bilmərəm.
– İndən belə siyasi məhbuslar siyahısı hazırlamağın və ora yeni şəxslərin adlarını salmağın əhəmiyyəti varmı?
– Daimi ayıqlıq, heç zaman ümidi itirməmək və əldən qoymamaq, yollar aramaq prinsipi hüquq müdafiəçilərinin əsas prinsipləridir. Siyasi motivlərlə həbsi güman olunan, ayrı-seçkiliyə məruz qalan, ifadə, toplaşma, vicdan azadlıqları pozulmuş hər kəsin işinin öyrənilməsi, izlənməsi, bu barədə informasiyaların yayılması, onların hüquqlarının təmin olunması üçün bütün qanuni vasitələrdən istifadə olunması hüquq müdafiəçilərinin adi işidir.