“Saxta məktubu mən yazmışam”
Bakı, 2001-ci il, fevral
“Heç də nadir hal deyil ki, dərd içində çabalayan bundan sonuncu xəbər tutur, amma başqaları üçün bu, çoxdan məlum olan həqiqətdir”.
Yozef Emetsin bu sözlərini Sumqayıt hadisələrinin törədilməsinə göz yuman hər kəsə aid etmək olar. Amma 1988-ci ildə Azərbaycanı idarə edən sovet rəhbərlərinin biganəliyi, yaxud səriştəsizliyi, başqa cür desək, “buyruqqulu” olmaları və hadisədən 23 il ötsə də, sinifli cəmiyyətin qorxusu ilə yaşaması adamda ikrah hissi doğurur. Ona görə yox ki, sovet hökuməti dönəmində onlar heç kim idilər – Kremlin tapşırıqlarını yerinə yetirirdilər. Ona görə ki, ilk əvvəl kommunistdilər, qüvvələrinin çoxunu Azərbaycanı idarəetməyə deyil, bir-birilərini didib dağıtmağa, sələflərini tarixdən silməyə, hər şeyi özlərindən başlamağa çalışırdılar.
Biz Sumqayıt hadisələrinə ona görə qayıtmışıq ki, düşmən düşməndi, amma öz içimizdən olan xalqa qənim kəsilənlər cəzalarını alsınlar.
Biz 20 ildir ki, müstəqilik və Sumqayıt hadisələrində ziyan çəkən adamların bizə deməyə haqqı var: “Biz döyülən və əzilən, yurdundan, yuvasından didərgin düşən həmvətənlərimizi müdafiə etmək üçün şəhərin küçə və meydanlarına çıxmışdıq. Hansı katibin nə fikirləşdiyini, kimin hakimiyyətə gəlməsindən, kimin hakimiyyətdən getməsindən xəbərsizdik”.
Bakı, 1988-ci il, 19 noyabr…
Həmkarlarımızdan birinin dediklərindən: “Səhər ”Azərbaycan” Nəşriyyatına işə gəldim. Altıncı mərtəbəyə qalxanda rusdilli qəzetlərin birində işləyən həmkarım dedi: “Sumqayıt hadisələrinə görə tutulan Əhməd Əhmədov haqqında ölüm hökmü çıxarılıb”. Ona inanmadım. Iş otağıma təzəcə girmişdim ki, telefon zəng çaldı. Yerevandan qohumum idi: “Xəbəriniz var? Əhməd Əhmədov haqqında güllələnmə hökmü çıxarılıb. Dünən axşamdan Yerevanda bayramdır. Bütün gecə həyətlərdə məclis qurublar”. Mən otaqda dayana bilmədim. “Azadlıq” meydanında mitinqlər gedirdi. Ora yollandım. Birtəhər tribunaya yaxınlaşdım. Hadisə barədə məlumat verdim. Aparıcı, indi dəqiq yadımda deyil, kim idi, elan etdi ki, meydanda təxribatçı var. Canımı onların əlindən birtəhər qurtardım. Əllərinə keçsəydim, yəqin ki, sümüklərimi qıracaqdılar”.
“Nemət Pənahlı mənə kömək etdi”
Bakı, 1996-cı il, iyun. Ramiq Süleymanoğlunun “Yeni Azərbaycan” qəzetində çıxan məqaləsindən:
“Noyabrın 20-də ”Azadlıq” meydanına gəlib Əhməd Əhmədov haqqında güllələnmə hökmü çıxarılması xəbərini mitinq iştirakçılarına çatdırdım. Nemət Pənahlının köməyilə noyabr ayının 23-də çıxış edib məndə olan məlumatları xalqa dedim. Bu xəbər təbii olaraq xalqımızın qəti etirazına səbəb oldu. Xalqımız Əhmədovun cəzasının yüngülləşdirilməsini, Qarabağ problemini qondaranların, Sumqayıt hadisələrinin əsl təşkilatçılarının aşkar olunub cəzalandırılmasını tələb etdi. Təəssüf ki, xalqın etiraz səsini lazımi dairələrə çatdıran olmadı. Əksinə, meydan hadisələrindən sonra düşmənlərimiz bizi ittiham etməyə başladılar. Mərkəzi qəzetlər bütün dünyaya hay saldılar ki, bəs Azərbaycan xalqı Sumqayıt hadisələrində “vəhşiliklər törədən quldurları” xalq qəhrəmanları adlandırırlar”.
Dəyişdirilməyən hökm, yalan məktub…
Hörmətli oxucu! Bu məktubu bir də oxuyun. Biz onu əvvəlki yazıların birində sizə təqdim etmişdik.
Əhməd Əhmədovun qardaşı Əhmədağanın sözlərinə görə, 1989-cu ilin sonlarında Azərbaycan SSR Prokurorluğunun cinayət işlərinə məhkəmələrdə baxılması üzrə nəzarət şöbəsinin prokuroru Cavanşir Ismayılovdan Əhmədin cəzasının dəyişdirilməsi ilə bağlı məktub alıblar. Məktubda deyilirdi: “Oğlunuz Əhmədov Əhməd SSRI Ali Məhkəmsinin Cinayət Işləri üzrə Məhkəmə Kollegiyasının 1988-ci il 18 noyabr tarixli hökmü ilə müstəsna cəza növü olan güllələnməyə məhkum edilmiş, lakin SSRI Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə güllələnmə cəzası dəyişdirilərək, həbs cəzası ilə əvəz edilmişdir”.
Bakı 1988-ci il, noyabr ayı:
Meydanda Əhməd Əhmədovun şəklinin qaldırılması, hakimiyyətə yeni gələn Vəzirov qarşısında tələblər qoyması onları qorxuya salır. Həmin günlər Əhməd Əhmədovun atası Imani kişi və böyük oğlu Əhmədağa Respublika Prokurorluğuna gəlirlər. Baş prokuror Ilyas Ismayılovun, yaxud onun müavinlərindən kiminsə qəbulunda olurlar. Meydandakı çağırışlardan qorxuya düşən hakimiyyət yenə saxtakarlıq yolu tutur. Əhməd Əhmədovun haqqında ölüm hökmünün dəyişdirilməsi haqqında Imani Əhmədova rəsmi məktub yazırlar. Məktubu nə baş prokuror Ilyas Ismayılov, nə də onun müavinlərindən hansısa biri imzalayır. Heç bu məsuliyyəti prokurorluğun məhkəmələrdə cinayət işlərinə baxılmasına nəzarət şöbəsinin müdiri Ildar Dadaşov da götürmür. O, məktub yazmağı şöbəyə bir neçə ay qabaq gətirilmiş Cavanşir Ismayılova tapşırır. C.Ismayılov xeyli tərəddüd edir, məhkəmə hökmünün dəyişdirilməsi haqqında SSRI Ali Məhkəməsi Kollegiyasının qərarı olmadan belə bir cavab məktubunun yazılmasını qanunsuz sayır. Amma…
Bakı, 2011-ci il, 9 fevral.
C.Ismayılovla telefon əlaqəsi saxladıq. Qaralov baş prokuror təyin olunandan sonra işdən azad edildiyini söylədi: “Həmin məktubu Əhməd Əhmədovun valideynlərinə mən yazmışam. Həmin günlərdə ”Azadlıq” meydanında mitinqlər gedirdi. Meydanda Əhməd Əhmədovun şəkilləri qaldırılandan sonra tələblər irəli sürülmüşdü. Respublika rəhbərliyi təşviş içindəydi. Əhmədovun valideynləri Vəzirova, respublikanın digər rəhbərlərinə ərizələr yazmış, qəbullarında olmuşdular. Tarixi dəqiq yadımda deyil, onlar yenə prokurorluğa qəbula gəlmişdilər. Şöbə müdiri Ildar Dadaşov məni yanına çağırdı. Əhməd Əhmədov haqqında ölüm hökmünün dəyişdirildiyini dedi. Mən məhkəmə qətnaməsinin, yaxud SSRI Ali Məhkəməsi Kollegiyasının qərarının surətini istədim. O, bir-iki günə əllə göndərəcəklərini dedi. Qətnaməsiz cavab yazmağın mümkün olmadığını dedim. Etirazlarım isə qulaqardına vuruldu. Əsasnaməni oxumağı məsləhət gördü. Əsasnaməyə görə, ilk şikayətlərə şöbə prokurorları cavab verməliydi. Ikinci, üçüncü şikayətə şöbə müdiri, daha sonra baş prokurorun müavinləri və sonda baş prokurorun özü…”
O bildirdi ki, imzasının həmin məktuba qoyulmasının tarixçəsi budur. C.Ismayılov əlavə etdi ki, bugünlərdə Respublika Prokurorluğunda bu məsələ ilə bağlı izahat verib. Deməyə artıq sözü yoxdur.
Apardığımız araşdırmalar göstərdi ki, nə Ildar Dadaşov, nə digər şöbə müdirləri, nə də Ilyas Ismayılovun özü yuxarıların razılığı olmadan bu addımı ata bilməzdilər. Mərkəzi Komitə üzvlərindən kimsə meydanda gərginliyi azaltmaq üçün bu variantı seçmişdi. Əgər Əhməd Əhmədovun haqqında güllələnmə hökmü həqiqətən dəyişdirilsəydi, bu məlumatı meydanda oxumaq üçün onlarla məmur növbə tutar və bir anın içində qəhrəman olduğunu sübut edərdi. Şifahi məlumat əsasında belə ciddi bir məktub yazmaq hüquqi baxımdan nə qədər düzdür? Əslində, Dadaşovun bu məktubu yazdırmağa haqqı yox idi. Ola bilər ki, prokurorluqdan kimsə Moskva ilə danışıqlar aparıb, oradan şifahi razılıq alıb. Ola bilər ki, MK-dan kimsə belə bir razılıq olduğunu prokurorluğa bildirib. Bunların heç biri əsas deyildi ki, gözü yolda qalan Telli ananı və milyonları aldatsınlar. Şifahi tapşırıq əsasında bu məktub yazılıbsa, onda işin içində xüsusi izahat olmalıydı. Baş prokurorluq bu yükü necə boynuna götürüb və bu addımı atanlar mənəvi əzab çəkirlərmi?
Görəsən bu oyunu quranlar Əhmədovlar ailəsinin nələr çəkdiyini başa düşürlərmi?! Gözü yolda qalanların hər gələn məktubdan nələri gözlədiyi də bizə məlumdur. Bəs bu yalanı ortaya atanlara çatırmı?
Yeri gəlmişkən, onu da qeyd edək ki, Ildar Dadaşov baş prokuror Ilyas Ismayılovla bir qrupda oxumuşdu. 1990-cı ilin yanvar talanlarında onun da evi dağıdılmışdı.
ardı var
Surxay Hüseynli,
Azər Hüseynbala