Son zamanlar Azərbaycanda hakimiyyətin tənqidçilərinə qarşı 2013-2014-cü illərdə vətəndaş cəmiyyətinin təqiblərilə müqayisə edilə bilən siyasi repressiyalar güclənib.
Bu fikri “Müdafiəçi” Hüquq Mərkəzinin rəhbəri Səməd Rəhimli bugünkü mətbuat konfransında söyləyib.
Bu mərkəzin fəaliyyəti iki ay öncə başlayıb və bu qeyri-hökumət təşkilatı vətəndaşlara hüquqi yardımla məşğul olur, məhkəmə prosesləri və ümumilikdə insan hüquqları ilə bağlı vəziyyətin monitorinqini aparır.
Rəhimli siyasi təzyiqlərin bir neçə trendini müəyyənləşdirib. Sentyabrda “müharibə əleyhdarları”na qarşı təqiblər və inzibati həbslər baş verib.
Sonra həbslər dayandırılıb, lakin “müharibə əleyhdarları”na qarşı təqiblər KİV-də davam edir.
Oktyabrda hakimiyyəti, xüsusən də polisi tənqidə görə yeni inzibati həbs dalğası qeydə alınıb.
Noyabrda “Abzas Media” başda olmaqla jurnalistlərə qarşı həbs dalğası başlayıb.
Rəhimli “xırda xuliqanlıq” anlayışının sosial şəbəkəyə keçirilməsi təklifini narahatedici tendensiya adlandırıb.
Ölkənin Polis Akademiyasının çap nəşrlərindən birində İnzibati Xətalar Məcəlləsinə xüsusi bir normanın – “Virtual xuliqanlıq”ın tətbiq edilməsi təklifi dərc olunub. Bu, Rusiyada tətbiq edilib.
Oktyabrda bir neçə sosial şəbəkə istifadəçisi sosial şəbəkələrdə adi “xırda xuliqanlıq” kimi rəsmiləşdirilmiş ifadələrə görə inzibati qaydada həbs edilib, baxmayaraq ki, fəallar onların adına çıxılan cinayətləri törətməyiblər, Rəhimli deyib.
O, məhkəmə çəkişmələrinin açıqlığı prinsipinin pozulmasına da işarə edib. Bu, ən çox Bakı Apellyasiya Məhkəməsində baş verir. “Müdafiəçi” Mərkəzi bunu ilahiyyatçı Salman Babayevin məhkəmə prosesində qeydə alıb.
Ekspert təqsirləndirilən şəxslərin, o cümlədən Babayevin prosesə qandallanmış vəziyyətdə gətirilməsini və iclas zamanı onların çıxarılmamasını başqa bir problem adlandırıb. Bu, şüşənin arxasında oturduğu və vəkillə məsləhətləşə bilmədiyi üçün müttəhimin effektiv müdafiə olunmaq hüququnu pozur.
Rəhimli həmçinin məhkəmələr tərəfindən qətimkan tədbirinin seçilməsindəki pozuntulara da işarə edib ki, bu da “Abzas Media” jurnalistlərinin işlərində bir daha özünü göstərib.
Məhkəmələr istintaqın həbs barədə vəsatətini özbaşına təmin edir, iki vacib hüquqi prinsipə məhəl qoymur. Birincisi, söhbət şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsaslı olub-olmamasından gedir, ikincisi, əsaslandırılsa belə, həbs cəzası da əsaslandırılmalıdır. Yəni, təqsirləndirilən şəxs həqiqətən istintaqdan gizlənə, dəlilləri məhv edə, şahidlərə təzyiq göstərə bilərmi?
Çox vaxt istintaq belə bir əsas vermir və bu, xüsusilə jurnalistlərin, mülki və dini fəalların işlərinə aiddir.
Digər bir problem saxlanılan şəxslərdən etirafedici ifadələr almaq üçün onlara qarşı qeyri-insani davranışdır. Bu praktika dini fəalların işlərində yayğındır.
Saxlanılan şəxsləri ittihamları sərtləşdirməklə, yaxınlarını cəzalandırmaqla hədələyərək etiraflar alırlar və bu, işə yaramadıqda işgəncə tətbiq olunur.
Ümumilikdə, praktikada tez-tez hüquq-mühafizə və məhkəmə orqanları tərəfindən Avropa İnsan Hüquqları Konvensiyasının bir sıra maddələrinin pozulması baş verir.
*”Müdafiəçi” Hüquq-Müdafiə Mərkəzi Demokratik Təşəbbüslər İnstitutu və vətəndaş cəmiyyətinin digər strukturları ilə əməkdaşlıq edən bir qrup hüquqşünas tərəfindən 26 sentyabr 2023-ci ildə yaradılıb.
Turan