Son illər hökumət rəsmiləri tez-tez sənaye parklarının ölkədə neftdənkənar sektorun inkişafına təsirlərindən söz açırlar. Son yeddi ildə Azərbaycanda bu sahəyə 5.6 milyard manat yatırım edilib. Yatırılan 5 milyard manatdan çox investisiyaya qarşılıq cəmi 38 min 600 nəfərin işlə təminatı nəzərdə tutulur. İndiyədək ölkədə yeddi sənaye parkı (Sumqayıt, Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı, Ağdam və Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası”) istifadəyə verilib.
İlin birinci yarısında sənaye zonalarının qeyri-neft sektorunda xüsusi çəkisi 16.5 faiz, qeyri-neft sənaye məhsullarının ixracında 20.7 faiz olub. Bu ilin ilk doqquz ayında sənaye müəssisələrində toplam 2.3 milyard manatlıq məhsul istehsal edilib. Bunun cəmi 31 faizi ixraca yönəldilib.
Sənaye parklarının rezidentləri kimlərdir?
Sumqayıt Kimya Sənaye Parkının təməli 2013-cü ildə qoyulub. Rezidentlər indiyədək sənaye parkına 5.4 milyard manat yatırım ediblər. 2023-cü ilin ilk doqquz ayında Sumqayıt Kimya Sənaye Parkında 2.1 milyard manatlıq məhsul hazırlanıb. Sənaye parkı ilboyu təxminən 400 milyon dollarlıq ixrac gerçəkləşdirə bilib. İndi burada 6 min nəfərdən çox işçi var. Qeydiyyata alınmış 38 rezidentdən hazırda 23-ü fəaliyyət göstərir. “SOCAR Polymer”, “SOCAR Karbamid Zavodu”, STP (Sumqayit Texnologiyalar Parkı) Sumqayıt Kimya Sənaye Parkının əsas rezidentləri sayılır.
2015-ci ildən fəaliyyət göstərən Mingəçevir Sənaye Parkınınsa cəmi bir rezidenti var (“Mingəçevir Tekstil” MMC). Parkın açılışı zamanı orada çox sayda müəssisə yaradılacağı elan olunsa da, hələlik, tekstil fabrikindən başqa müəssisə fəaliyyətə başlamayıb. Mingəçevir Sənaye Parkına 94 milyon dollara yaxın investisiya yatırılsa da, cəmi 750 nəfərə iş yeri yarada bilib.
Azadlıq radiosu