ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen (James O’Brien) dekabrın 6-dan 8-dək Azərbaycanda və Rumıniyada səfərdə olacaq. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, dövlət katibinin köməkçisi Azərbaycan rəsmiləri ilə ikitərəfli münasibətləri möhkəmləndirməyi, eləcə də Azərbaycan və Ermənistan arasında sülhə dəstəyi müzakirə edəcək.
O’Brayen Rumıniyada taxıl ixracı sammitinə qatılacaq. Sammitdə Rumıniya, Ukrayna, Moldova və Avropa Komissiyasının yüksək vəzifəli rəsmiləri iştirak etməlidir.
ABŞ diplomatının Bakıya səfərinə necə razılıq verildi
ABŞ diplomatının Bakıya səfəri barədə razılıq noyabrın 28-də dövlət katibi Antoni Blinkenin (Antony Blinken) Azərbaycan prezidenti İlham Əliyevə telefon zəngi zamanı əldə edilib. AZƏRTAC-ın yaydığı rəsmi məlumatda deyilirdi ki, Blinken ABŞ-Azərbaycan münasibətlərinin normallaşdırılması məqsədilə köməkçisi O’Brayenin Azərbaycana səfərinə icazə verilməsini rica edib. Məlumata görə, Əliyev “Blinkenin ricasına bir şərtlə müsbət cavab verib ki, Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağan qaldırılsın”. Ancaq ABŞ Dövlət Departamentindən AzadlıqRadiosunun #İzahla proqramına deyilib ki, bu məsələ ilə əlaqədar “nəzərdən keçiriləcək heç nə yoxdur”.
Azadlıq radiosu