Kinorejissor Cəmil Quliyev “Mədəniyyət” kanalının baş direktoru təyin olunub. Məlumatı Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin mətbuat xidməti yayıb. Məlumata görə, “Mədəniyyət” kanalı fevralın 14-də II Beynəlxalq Muğam Müsabiqəsinin açılış mərasimi ilə efirə çıxacaq. Açılış mərasimi saat 20.30-a nəzərdə tutulub. Muğam müsabiqəsinin açılışı eyni zamanda AzTV-dən birbaşa yayımlanacaq.
Tanınmış kinorejissor Cəmil Quliyev Dövlət Film Fondunun direktorudur. O, 1963-cü ildə Bakı şəhərində anadan olub. Professor Elşad Quliyevin oğludur. Moskvada Ümumittifaq Kinematoqrafya İnstitutunu bitirib. 1984-cü ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rejissor kimi çalışıb. Bir neçə bədii, sənədli, qısametrajlı bədii filimin, “Mozalan” satirik jurnalının bədii sujetlərinin müəllifidir. Quruluş verdiyi filmlər bir neçə xarici festivalda iştirak edib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar incəsənət xadimidir.