«Fövqəlnazir» Rövnəq Abdullayevin təklifinin reallaşacağından ehtiyat edərək şərtlərini diktə etməyə çalışır
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev arasında qarşıdurma davam edir. Bu qarşıdurmanın səbəbləri barədə ötən saylarımızda məlumat vermişdik.
Bildirmişdik ki, Rövnəq Abdullayev qaz sahəsində əldə etdiyi milyonları bir qədər də artırmaq üçün yeni tikilən binalara da qaz çəkmək niyyətindədir. Lakin bu binaların dövlət qeydiyyatına alınmaması ARDNŞ prezidentinin işini bir qədər çətinə salıb. Ona görə də Rövnəq Abdullayev qısa zamanda həmin binaların statusunun müəyyənləşdirilməsini təklif edib. ARDNŞ prezidenti artıq yeni tikilən binalarda yaşayışın olduğunu əsas gətirərək bu təklifi irəli sürüb. Rövnəq Abdullayev təklifilə birbaşa Kəmaləddin Heydərovun maraqlarına toxunub. Çünki həmin binaların dövlət qeydiyyatına alınması məsələsi “fövqəlnazir”in səlahiyyətinə aiddir. Və həmin binaların dövlət qeydiyyatına alınması üçün Kəmaləddin Heydərovun öz şərtləri var. Indi Rövnəq Abdullayev “fövqəlnazir”in necə deyərlər bazarına zərbə vurmaq istəyir. Bu baxımdan da Kəmaləddin Heydərov və çevrəsi Rövnəq Abdullayevə qarşı hücuma keçib. Qarşı tərəf də ara-sıra “fövqəlnazir”in “bostanına daş” atır. Son dəfə “Azəriqaz”ın rəhbəri Əkbər Hacıyev açıqlama verərək qısa müddətdə yeni tikilən binaların qaz problemini həll etməyin mümkün olduğunu deyib.
Bundan sonra Kəmaləddin Heydərov bu məsələyə qəti şəkildə nöqtə qoymaq qərarına gəlib. Bu günlərdə “fövqəlnazir”in tikinti şirkətlərini hədələməsi belə deməyə əsas verir. Kəmaləddin Heydərov bildirib ki, tikinti şirkətləri FHN-nin mövcudluğundan əvvəl tikinti sahəsində başıpozuqluq hökm sürüb. Tikinti işləri bir sıra qanun pozuntuları ilə müşayiət olunub. Kəmaləddin Heydərov bildirib ki, bütün bunlara qarşı ciddi tədbirlər görüləcək. Əslində “fövqəlnazir”in sahibkarları hədələməsi də Rövnəq Abdullayevlə savaşın təzahürüdür. Kəmaləddin Heydərov düşünür ki, ARDNŞ prezidenti təklifini reallaşdıra bilər. Bu baş tutacağı təqdirdə isə binalar “fövqəlnazir”in şərtləri nəzərə alınmadan dövlət qeydiyyatına alına bilər. Ona görə də Kəmaləddin Heydərov indidən binanın sahiblərini hədələməklə şərtlərini diktə etdirməyə çalışır. Bundan başqa nazir FHN-dən əvvəl tikinti sahəsində qanunsuzluğun baş alıb getməsini dilə gətirməklə, Bakı meri Hacıbala Abutalıbovu və baş nazirin müavini, fövqəladə hallar komissiyasının sədri Abid Şərifovu “vurub”.
İnformasiya şöbəsi