Vidadi İsgəndərli bu barədə diplomatik korpus nümayəndələrinə məlumat verib
Keçmiş vicdan məhbusu, hüquq müdafiəçisi Vidadi Isgəndərli bir neçə gün öncə ATƏT, Avropa Ittifaqı, Rumıniya, Litva, Fransa, Ingiltərə, Avstriyanın səfirliklərinin nümayəndələri ilə görüşüb. Bu barədə “Azadlıq”a məlumatı hüquq müdafiəçisi özü verib.
Onun sözlərinə görə, görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət müzakirə olunub, beynəlxalq təşkilatların fəaliyyəti il bağlı iradlarını onların diqqətinə çatdırıb: “Bundan başqa, həbsdən çıxandan sonra mənə və ailəmə qarşı olan təzyiqləri beynəlxalq təşkilatlara söylədim. Bildirdim ki, hər gün mülki geyimli tanımadığım şəxslər evimin qarşısında pusqu qurublar. Dedim ki, mənim, yaxud ailə üzvlərimdən birinin başına iş gələrsə, siyasi məsuliyyəti Ilham Əliyev daşıyacaq. Bundan başqa, səfirliklərin nümayəndələrinə Ilham Əliyevə yazdığım məktubu təqdim etdim. Mən nə istəyirəm, mən nə deyirəm? Deyirəm ki, ölkədə hüquq olsun, insanlar incidilməsin. Məhbəsdən çıxmağıma baxmayaraq yenə də nəzarətdəyəm. Telefon danışıqlarım izlənilir”.
Ramin DEKO