«Bu şəraitdə hökumətlə dialoqa getməyə məcburuq»
Budəfəki dəyirmi masa “Hüquq müdafiə sisteminin hazırkı vəziyyəti” mövzusunda keçirdiyimiz sayca ikincidir. Yenə də müzakirə predmeti hazırda cəmiyyətimizdə böyük ehtiyac duyulan bu institutun fəaliyyətinin zəifləməsi səbəblərini ortaya çıxarmaqla bağlıdır. Qonaqlarımız hüquqşünas Ənnağı Hacıbəyli, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlıdır.
Üçüncü sektorun fəaliyyətini hökumət məhdudlaşdırıb
– Beş-altı il əvvəl Azərbaycanda bir-biri ilə rəqabət aparan, ciddi fəaliyyət ortaya qoyan bir hüquq müdafiə sistemi var idisə, hazırda bu anlayışdan əsər-əlamət qalmayıb. Eyni zamanda bir xeyli ittihamlar da var ki, hüquq müdafiə təşkilatlarının bir çoxu hakimiyyətlə, yumşaq desək, normadan artıq yaxınlaşıb. Və bu yaxınlaşma insanların hüquqlarının müdafiəsində bəzi çətinliklər yaradır. Bütün bunlarla razılaşmaq olarmı?
Ə.Hacıbəyli:
– Vəziyyətin pisləşməsi, prinsipcə, cəmiyyətdə mövcud olan ümumi fikirdir. Amma əslində insan hüquqlarının müdafiəsində vəziyyətin pisləşməsi ölkədə olan durumun xüsusi bir hissəsidir. Ölkədə nə güclənib ki? Siyasi partiyaların fəaliyyəti az qala sıfra yaxınlaşır, QHT-nin əvvəlki sistemləşdirilmiş, mobil fəaliyyəti yoxdur. Düzdür, ölkədə siyasi dustaqların sayı azalıb, amma məhkəmə sistemində insan hüquqlarının vəziyyəti ilə bağlı problemlər daha da kəskinləşib. Bunu təkcə hüquq müdafiəçilərinin fəaliyyəti ilə əlaqələndirmək olmaz. Bu, ilk növbədə ölkədə qanunun aliliyinin durumu ilə bağlı məsələdir, hakimiyyətlərarası tarazlığın olmamasının nəticəsidir. Amma QHT sektorunun fəaliyyətinə gəlincə, doğrudur, özümü klassik mənada hüquq müdafiəçisi saymıram, lakin təşkilatım – Hüquqçular Assosiasiyası vətəndaşlara pulsuz hüquqi xidmət göstərir. Bundan əlavə, bizim təşkilat həm də məhkəmələrin monitorinqini aparır. 2000-ci ildən başlayaraq hüquqi islahatlar “başlayandan” bəri bu monitorinq gedir. Siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılması eyni zamanda QHT-lərin fəaliyyətinin zəifləməsi ilə müşayiət olunur. Çünki QHT-lər Haqqında və Qrantlar Haqqında qanuna edilən avtoritar dəyişikliklər üçüncü sektorun fəaliyyətini məhdudlaşdırıb. Ikincisi, QHT-yə Dəstək Şurasının yaradılması üçüncü sektora nəzarətin güclənməsinə gətirib çıxarıb. Hakimiyyətin də məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycana gələn qrantların sayı azalıb. Bütün bunlar üzündən ölkədə müstəqil QHT-nin sayı barmaqla sayılacaq qədərdir.
Biz zəif deyilik
S.Qocamanlı:
– Qeyd olundu ki, QHT-nin on beş il əvvəlki fəaliyyəti ilə indikini müqayisə etdikdə zəifləmə hiss olunur. Birincisi, xatırlatmaq istəyirəm ki, Azərbaycanın ilk hüquq müdafiəçiləri Milli Azadlıq Mübarizəsindən, yəni meydandan QHT sektoruna atılan insanlar olub. 20 Yanvar hadisələri bizim bu fəaliyyətimizə bir təkan olub. O zamanı xatırlayanda bugünkü durumla müqayisədə vəziyyət daha ağır idi. Indiki qədər imkanlarımız, texniki vəsaitimiz yox idi. Biz o zaman bu işi spontan aparırdıq. Bütün bu çalarlar bizi birləşməyə vadar edirdi. Yaxşı xatırlayıram ki, 1993-cü ilin yayında Azərbaycanda 42 nəfərlik ilk siyasi dustaqlar siyahısı meydana gəldi. Zaman keçdikdən sonra o siyahı oldu 716 nəfər. Həmin siyahını da əldə etmək üçün həm burada əyləşənlər, həm də burada olmayanlar çox böyük əziyyətlər çəkmişdi. 1992-ci ildə Azərbaycanda qeydə alınan ilk QHT Novella xanımın təşkilatı idi. Sonradan fəaliyyətə başlayan QHT-ləri qeydə almırdılar. O zaman problemlər bizi birləşməyə vadar etmişdi. Daha sonra isə beynəlxalq təşkilatlar bizi tanımağa və hörmət etməyə başladılar. Bu gün üçün də Cənubi Qafqazda ən güclü hüquq müdafiə hərəkatı, məhz bizimkidir. Bəlkə biz sizin gözünüzdə zəif görsənirik. Amma başqaları fərqli düşünür. Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra hər hüquq müdafiəçisi gəldi ki, mənim siyahım reallığı əks etdirir. Nəticədə Avropa Şurasına iki fərqli siyahı göndərilmişdi. Bu qeyri-müəyyənlik biz Avropa Şurasına ekspert kimi dəvət olunana qədər davam etdi. Hazırda Azərbaycanın siyasi məhbus siyahısında 20 nəfərin adı var. Bu siyahıdakılar da azadlığa buraxılarsa, Azərbaycanda siyasi məhbus probleminin həll edildiyini söyləmək olar. Hazırda bizim zəifləməyimizə gəlincə: QHT spontan yaranandan sonra elə zaman gəlir ki, onlarda professionalizm yaranır. Bu gün Avropanın özündə də QHT-lər müxtəlif spesifikasiyalar üzrə işləyirlər. Hüquq müdafiəçiləri hər gün gördüyü işlərlə bağlı mətbuata çıxmamalıdır. Gündə bizim qapımızı ən azı iyirmi nəfər döyür. Biz onların şikayətlərinə baxırıq. O da etiraf olunmalıdır ki, hansısa dövlət orqanına müraciət etmədən həmin şikayətləri həll etmək mümkün deyil. Belə fikir söylənir ki, bəzi hüquq müdafiəçiləri hökumətə satılıb. Çox üzr istəyirəm, bizim o yaşımız deyil ki, satılaq. Sağ olun ki, bizə bu şəraiti yaratmısınız. Şikayətləri həll etmək üçün kimin qapısını döyməliyik? Müxalifətin? Siyasi partiyaların? Onların özlərinin vəziyyəti ağırdır. Bizim bu fəaliyyətimiz insanlara yardımdan irəli gəlir.
Hökumətlə dialoqa məcburuq
– Zaman-zaman Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupundan qəribə açıqlamalar səslənib mətbuatda. Hələ Çingiz Qənizadə deputat deyildi. Onun Eynulla Fətullayevlə, siyasi məhbuslarla bağlı açıqlamaları bu cür söz-söhbətlərin yaranmasına səbəb oldu.
S.Bənənyarlı:
– Məsələ burasındadır ki, siz dediyiniz məqamlarla bağlı jurnalistlər sual verərkən, Çingiz Qənizadənin fikirləri kontekstdən çıxarılaraq gedib. O ki qaldı hüquq müdafiə təşkilatlarının bu gün zəif görünməsinə, düşünmürəm ki, hüquq müdafiə təşkilatları zəifdir. Ola bilsin ki, siyasi hüquqların müdafiəsində hansısa addımlar ləng gedir. Amma əgər bu gün siyasi partiyaların rolu sıfra enibsə, bizim o yöndə müdafiəmiz təbii ki, zəifləyəcək. Bu, bir-birinə bağlı məsələdir. Vətəndaşlar ona görə bizim yanımıza gəlirlər ki, problemlərinin çözüləcəyinə inanırlar. Bu şikayətlərin çözülməsi üçün biz əlaqədar strukturlarla kontakt saxlamağa məcburuq. Məktub yazırıq, zəng edirik. Bu gün (9 fevral) biz, Avropa Şurasında Azərbaycanı təmsil edən millət vəkilləri, Ombudsman Aparatının təmsilçiləri, ATƏT nümayəndələrilə oturmuşduq. Həmin tədbirdə biz bu günlərdə həbs olunan gənc Cabbar Savalanlının məsələsini qaldırdıq. Vurğuladıq ki, bu gəncin həbsi ilə potensial siyasi məhbus yaradırsınız.
– O zaman belə çıxır ki, sizi hökumətlə yaxınlıq etməyə şərait məcbur edir?
S.Bənənyarlı:
– Iş burasındadır ki, biz Avropa təşkilatlarına müraciət edəndə onlar bizdən soruşurlar ki, siz bu problemləri yerli orqanlarla müzakirə etmisinizmi?ÿBiz onda deyirik ki, biz bununla bağlı bir sıra strukturlara müraciət etdik, cavab almadıq. Ona görə sizə müraciət etmişik. Hökumətlə “normadan artıq yaxınlaşma” ifadəsi işləndi. Həmin normanı hərə bir cür başa düşə bilər. Normadan artıq yaxınlaşma nədə görünür? Bu hərəkət hüquq müdafiə hərəkatının zəifləməsinə təsir edirmi? Düşünürəm ki, etmir. Yaxınlaşma nədədir? Biz dialoq edirik. Ayrı nə yaxınlaşma ola bilər.
Monitorinq Qrupunun fəaliyyətinə nə kölgə salır?
Ə.Hacıbəyli:
– Təbii ki, yaxınlaşmanın norması yoxdur. Kimsə deyə bilməz ki, onun dozası nə qədərdir. Mənə elə gəlir ki, normadan artıq yaxınlaşma dedikdə, tutaq ki, hüquq müdafiəçisinin saxta seçkilərdə deputat seçilməsi nəzərdə tutulur. Mən bunu normadan artıq yaxınlaşma hesab edirəm. Və ya hüquq müdafiəçiləri Azərbaycanda keçirilən parlament seçkilərini qeyri-azad, ədalətsiz keçirilməsini nəinki qəbul etmir, həyəcan təbili çalmırsa, o, hökumətlə həddindən artıq yaxınlaşmış hüquq müdafiəçisi sayılmalıdır. Ikinci bir tərəfdən, kimin satılıb, kimin satılmadığı mövqeyindən yanaşaraq nəsə qənaət əldə etmək mümkündür. Eyni zamanda, hüquq müdafiəçilərinə bu cür yanaşma da düzgün deyil. Hər kəsin özünün fəaliyyət prinsipləri, işləmək metodları var. Məsələn, bugünkü tədbirdəki hüquq müdafiəçiləri hesab edir ki, hökumətlə loyal əməkdaşlıq yolu tutmaqla insan hüquqlarını müdafiə etmək mümkündür. Leyla Yunus və başqaları isə hesab edir ki, bu hökumətlə dialoqun heç bir faydası yoxdur, yalnız prinsipial mübarizə aparmaq lazımdır. Razılaşdırılmış variantlar mümkün olmadığına görə, kəskin şəkildə beynəlxalq aləmə çıxmaq lazımdır. Bu da bir başqa yoldur. Bu yaxınlarda ATƏT-də bir müzakirə keçirilmişdi. Orada vurğulandı ki, Monitoriq Qrupunun bəzi üzvləri bəyanatlarında hökumətə həddindən artıq loyal münasibət bəsləyirsə, kütləvi qanun pozuntularına, məhkəmələrin müstəqil olmamasına, saxta seçkilər keçirilməsini hətta normal şəkildə deməyə cəsarət etmirsə, bu, onların fəaliyyətinə kölgə salır. Bu problem var. Biz bundan qaça bilmərik.
N.Cəfəroğlu:
– Leyla Yunus da özünə görə hüquq müdafiəçisidir və fəaliyyət göstərir. Amma mən razı deyiləm ki, Leyla Yunus kəskin bəyanatlar verir, biz qeyri-kəskin bəyanatlar veririk. Dövlət Departamentinin hesabatını götürün. Leyla Yunusun adı orada yoxdur. Orada bizim adlarımız var. WikiLeaks-də məndən başqa heç kəsin adı getməyib. Hər hüquq müdafiəçisinin öz yeri var. Sağ olsunlar ki, onlar hamısı var. Sadəcə olaraq, bu günləri mənim dövlətlə işləyib-işləməməyim barədə kim nə deyir-desin. Mən öz şəxsiyyətimlə, adımla fəxr edirəm ki, heç kəsə baş əyməmişəm. Nə müxalifətə, nə iqtidara. Tarixə baxın. Gedirdik meydana, döyüləni, həbs olunanı müdafiə edirdik. Bu gün söz azadlığı, sərbəst toplaşmaq azadlığı yoxdur. Sizləri və bizləri nə qədər meydanlarda döyüblər. Bir zaman var idi ki, hüquq müdafiəçilərini, jurnalistləri qatıb bir-birinə döyürdülər.
– Bir neçə il əvvələ qədər ən xırda məsələyə görə biz bütün hüquq müdafiəçilərini ortada görürdük. Ən xırda aksiyada belə…
S.Qocamanlı:
– Elə indi də ortadayıq. Sadəcə olaraq, siz görmürsünüz.
– Ən xırda qanun pozuntusu ilə bağlı bəyanat verirdiniz. Amma indi passivlik nümayiş etdirilir. Məsələn, parlament seçkisi ilə bağlı sizdən bir səs çıxmadı. Və ya Eynulla Fətullayevin işiylə bağlı ayrı-ayrı qanun pozuntuları olub ki, ciddi səs-küy yaradıb. Bütövlükdə hüquq müdafiə təşkilatları aktivlik nümayiş etdirməyib.
ardı var
Aytən Məmmədova, Xəyal Şahinoğlu