Qarabağ əlilinə sığorta ödənişinin verilməsinin təsdiqi icra qurumundan (?) xahiş olunur
Dövlət Sığorta Kommersiya Şirkətinin (DSKŞ) növbəti dələduzluq cinayəti üzə çıxıb.Yaddan çıxıbsa, yada salaq ki, bu sətirlərin yazarı keçən ildən verilməsi ƏƏSMN-ə həvalə edilən 8800 manatlıq birdəfəlik sığorta ödənişinin bank hesabına ödənilməsinə hələ də nail ola bilməyib. 3 ay qabaq 0125250624 nömrəsindən zəng edən DSMF əməkdaşı “Azərsığorta” ASC-nin 19.03.2019-cu ildə guya 1-ci dərəcəli Qarabağ əlilinin hesabına 8800 manat ödəniş etməsi barədə bilgi verdiyini deyib. İndi 3 aydır nə Nazirlər Kabineti, nə Milli Məclis, nə Hesablama Palatası, nə də ƏƏSMN tabeliyində DSMF-in özü bu ödənişi təsdiq edən ödəniş tapşırığını, uyğun maliyyə sənədini, hansı hesaba köçürüldüyünü sığorta qurumundan əldə edə bilmir. DSKŞ idarə heyəti sədrinin müşaviri Ceyhun Qurbanlı 2 ay sonra verdiyi 10.03.2023 tarixli məktubla “zəruri araşdırmaya ehtiyac olduğunu , araşdırmanın nəticəsindən asılı olaraq cavab veriləcəyini” bildirib. 3 aydır burada araşdırmaya ehtiyac olmadığını, 1-ci dərəcəli Qarabağ əlilinə 19.03.2019-cu ildə 8800 manat ödənilibsə, uyğun ödəniş tapşırığını, ödənilməyibsə, düzgün məlumatı DSMF-ə verməyi diqqətə çatdırsaq da, diqqətə alan olmayıb.
Hesablama Palatasının auditoru, xanım Vəfa Mütəllimovanın 14.04.2023 tarixli DSKŞ-ya və DSMF-ə problemin həlli barədə Hesablama Palatasına (HP) cavab verilməsi haqqında müraciətinə sözügedən şirkətin idarə heyəti sədrinin müşaviri Ceyhun Qurbanlı 18.05.2023 tarixli məktubla HP-yə bildirib ki, “qeyd olunan halların (?-hansı halların – M.B.) aydınlaşdırılması məqsədilə müvafiq araşdırma aparılmış, nəticədə vətəndaşa şirkət tərəfindən dövlət icbari şəxsi sığorta ödənişinin MƏHKƏMƏ QƏTNAMƏSİ (kursiv bizimdir – M.B.) əsasında verildiyi məlum olmuşdur. HAZIRDA MÜVAFİQ TƏSDİQEDİCİ SƏNƏDLƏRİN ƏLDƏ OLUNMASI İLƏ ƏLAQƏDAR Bakı şəhəri, Binəqədi rayon icra şöbəsinə sorğu təqdim edilmişdir”. “Qeyd olunan sorğunun müvafiq qaydada cavablandırılmasından sonra vətəndaşın müraciətinə baxılacağı” bildirilən məktuba, şirkətin hüquq departamentinin direktoru Fərid Mustafazadənin Binəqədi icra şöbəsinin rəisi İlham Həsənova ünvanladığı “vətəndaşın müraciətinə baxılması üçün qeyd olunan icra işi üzrə sənədlərin (məhkəmənin qətnaməsi, icra vərəqəsi, ödənişin edilməsini təsdiq edən sənəd, icraata xitam verilməsi barədə qərar) təsdiq olunmuş surətlərinin şirkətə təqdim edilməsinə köməklik göstərilməsi” xahişi ilə 09.03.2023 tarixli və 17.05.2023 tarixli 2 saxta müraciəti də əlavə olunub. Saxtalığı sübut edən ən birincisi odur ki, yuxarıda vurğuladığımız kimi, şirkət rəhbərinin müşaviri 10.03.2023 tarixli məktubla araşdırmaya ehtiyac olduğunu bildirib və təbii ki, bundan bir gün qabaq – 09.03.2023-cü ildə artıq araşdırmanın nəticəsinin bəlli olması mümkün deyil. Eyni zamanda HP-nin sorğusu 14.04.2023-cü ildə, cavab isə 18.05.2023-cü ildə verilib. “Vətəndaşların müracitləri haqqında” qanunun tələbinə görə isə, müraciətə 15 günə, ən geci bir aya cavab verilməlidir. Amma bunlar, necə deyərlər, texniki məsələlərdir. Cinayətkar saxtalığı sübut edən faktlar elə bu əndrabadi cavabdan görünmürmü?
Deyəsən, DSKŞ “cəhənnmə getməyə, Qarabağ əlilinin qanpulunu qusmağa” icra şöbəsini özünə yoldaş etmək yolunu tutub. Özbaşınalığa, qanpulu dələduzluğuna baxın, məhkəmə qətnaməsi əsasında ödəniş etdiyini bildirir, amma bunun təsdiqini icra şöbəsindən tələb edir!(?) Ödəmisənsə, tələbkar 1-ci dərəcəli Qarabağ əlilinə ödəməlisən, niyə icra şöbəsinə yalandan ödəniş etdiyini yazırsan? Özü də , axı DSMF-ə məlumat vermisən ki, 19.03.2019-cu ildə 1-ci dərəcəli Qarabağ qazisinə şirkət 8800 (səkkiz min səkkiz yüz manat) sığorta ödənişi edib. İndi necə olur, heç demə, şirkət DSMF-i Binəqədi icra şöbəsi ilə dəyişik salıb? 19.03.2019-cu ildə Binəqədi icra şöbəsinə 8800 manat “fışfışa” ilə köşürülüb, yoxsa göyərçinlə, ya bəlkə “novruzəli xidməti” ilə? Belə nağıllara kim inansa da, hələ də qanpuluna qovuşmayan 1-ci dərəcəli Qarabağ qazisi inana bilməz axı!
Fikrimizcə, bu dələduzluq məktubları ilə DSKŞ-nın cinayətkar saxtalığı sübut olunduğundan, DSMF Qarabağ əlilinin qanpulunu, gec də olsa, hesabına köçürməlidir. ƏƏSMN tabeliyində DSMF də yaxşı bilir ki, məhkəmə qərarı ilə ödəniş alanlar barəsində məlumat DSKŞ-dan yox, Ədliyyə Nazirliyindən ƏƏSMN-ə verilir. İndiyədək verilməyibsə, deməli, DSKŞ-nın dələduz nağıllarının sonu da bitir. Göydən 3 alma düşdü, biri nağılla 1-ci dərəcəli Qarabağ əlinin qanpulunu yeyən DSKŞ-nın, biri nağıla inananların, biri də DSKŞ-nın keçmiş, DSMF-in indiki sığorta-qanpulu yeyəni Əfqan Mirzəyevin…
Məğrur Bədəlsoy