Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində Qeydiyyat İdarəsi Volkan adlı azərbaycanlı uşağa şəxsiyyət vəsiqəsi verilməsinə qarşı çıxdıqdan sonra, məhkəmə də bu adda şəxsiyyət vəsiqəsi verilməsinə icazə verməyib.
Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin yaydığı məlumata görə, uşağın doğulmasından təxminən dörd ay keçəməsinə baxmayaraq, valideynlərin övladına şəxsiyyət vəsiqəsi almaq üçün uğursuz cəhdlərindən sonra, Təbrizin Ümumi və Hüquqi Məhkəməsi adın “yabançı” olduğunu əsas gətirərək, ailənin iddiasını etibarsız saymağa qərar verib.
Dörd ay inzibati işlərlə məşğul olan valideynlər, məhkəməyə iddia qaldırmaqla qeydiyyat idarəsini şəxsiyyət vəsiqəsi verməyə məcbur etmək istəsələr də, məhkəmə qeydiyyat idarəsinin lehinə qərar çıxarıb. Məhkəmə Volkan adının əcnəbi ad olduğunu irəli sürüb və valideynin iddiasını etibarsız sayıb.
İranda təsdiqlənən adlar arasında islami ad olmayan əcnəbi adların olmasına baxmayaraq, məhkəmə Volkan adının ə olduğuna əsaslanaraq bu adla şəxsiyyət vəsiqəsi verilməsi ilə razılaşmayıb.
Volkan adı Türkiyədə yayğın şəkildə istifadə olunan adlardan biridir.
İran Azərbaycanında yaşayan bir çox türk ailələri övladlarına türk adlarının qoyulmasına qadağa qoyulmasından xəbərsiz olaraq, Qeyydiyyat idarəsinə müraciət edir və orada bu adda şəxsiyyət vəsiqəsinin verilməsinin qeyri-mümkün olduğu barədə məlumat alırlar. Bu idarənin əməkdaşları valideynlərə seçdikləri türk adlara oxşar digər farsca və ya hətta digər əcnəbi adlar təklif edir və onların fikrini dəyişdirməyə cəhd edirlər.
Bəzi müşahidəçilərin dediyinə görə, inzibati prosesin uzun sürməsi və məhkəməyə müraciət etmək istəməməsi səbəbindən bir çox ailələr seçdikləri addan imtina edərək övladlarına dövlət tərəfindən başqa təsdiqlənmiş ad ilə şəxsiyyət vəsiqəsi alır. Bəzi ailələr isə, çətin inzibati və məhkəmə prosesindən keçərək bəzən məhkəmənin müsbət rəyini almağa və övladına istədikləri adla şəxsiyyət vəsiqəsi almağa nail olurlar.
Amerikanın səsi