“Parlamentin Insan Haqları Komitəsinin üzvü Cavanşir Paşazadə ”Azadlıq” radiosuna müsahibə verib. Ikinci çağırışdır deputat seçilən Cavanşir Paşazadə Yeni Azərbaycan Partiyasının üzvüdür”.
Cavanşir qardaş çox ciddi məsələlərə toxunub və çox ağır söhbətlər eləyib.
Deyib ki, Qubada (Gədəbəyi nəzərdə tutub) ailəsi ilə birlikdə özünü yandıran Ədalət Hüseynovun faciəsindən xəbəri yoxdu, “Şəkidəki hadisəyə gəlincə. Deyirlər ki, həmin adam psixi vəziyyətdə olub, o biri başqa söz danışır. Dəqiq məlumatım yoxdur”.
Jurnalistin “Insanların intihara əl atması çarəsizliyin, hökumətə etimadsızlığın bir forması deyilmi?” – sorusuna isə Insan Haqları Komitəsinin üzvü belə cavab verib:
– Mən deməzdim hökumətə etimadsızlıqdır. Xalq hökumətə inanır”.
Qəşəng cavabdı. Əlbəttə ki, xalq hakimiyyətə inanır. Inanır ki, yaşamaqla ondan nəsə qoparmaq, gün-güzəran ummaq, ən adi insan haqlarının yerinə yetirilməsini gözləmək mənasızdı. Yaxşısı, elə intihardı. Heç olmasa öləndən sonra adama 3-5 manat yardım ayırırlar.
“Prezidentin bütün bunlardan indiyə qədər xəbəri yoxuydumu? Bunu bir-iki il əvvəl başlamaq olmazdımı?” – sualına isə belə maraqlı cavab gəlib:
– Cənab prezident başqa-başqa məmurlara inanıb, rəhbərliyə gətiribsə, onlar da dövlət başçısına naxələf çıxıbsa, xalqla düzgün işləmirsə, bu Ilham Əliyevin günahı deyil”. Əlbəttə, burada Ilham Əliyevin nə günahı ola bilər ki? Heç nə. Məmurun adamlığı olsun, prezidentin ona verdiyi şahanə həyatın qədrini bilsin. Çörəyi itirməsin. Fikirləşsin ki, kişi bizə hər şey verib, göydə təyyarəmiz, yerdə gəmimizəcən varımız. Indi nolar ki, bir az vicdanla çalışıb “xalqla düzgün işləyək”. Işləmirlər. Yazıq Əliyev neynəsin? Öldürməli deyil, öldürəsən, kəsməli deyil, kəsəsən. Birinin ürəyi yuxa olanda elə belə eləyərlərmi, ay namərdlər. Axı bir bölük balanız var. O da insandı, fikirləşir ki, vurub öldürəcəm, balaları yetim qalacaq. Bax, bu qədər çətindi bir ölkəni idarə eləmək. Adamlara yaxşılıq eləyib irəli çəkirsən, vəzifə verirsən, o dəqiqə yaxşılığı unudur, başlayırlar xalqla əyri sarımağa. Əliyevin də əli qalxmır ki, onları cəzalandırsın. Axı onlar da xalqın oğul və qızlarıdı!
Məncə, Cavanşir qardaş tam haqlıdı. Burada Əliyevin zərrəcə günahı yoxdu. Günahın hamısı Obamadadı, ABŞ-dadı. Elə ona görədi ki, “Azərbaycan” qəzeti “ABŞ-ın xarici siyasəti dünya nizamında ciddi fəsadlar törədir” sərlövhəli məqalə dərc edib. Həmin məqalədə ABŞ hakimiyyətinin dizini büküb qoyublar yerə. Indi bilsinlər məmurların Azərbaycanda “xalqla düz işləməməsinin”, Əliyevə naxələf çıxmasının cəzası necə olur. Məqalədə açıq şəkildə bildirilir ki, təkcə korrupsioner Azərbaycan məmurlarının deyil, “The Washington Post” qəzetindəki məqalənin arxasında da ABŞ hakimiyyəti dayanır. Həmçinin Tunis və Misirdəki inqilabi proseslər də ABŞ-ın adına yazılır”. Bir növ ABŞ-dan inciyirlər ki, niyə ərəb ölkələrinin korrupsionerlərini cəzalandırır, bizimkiləri yox. Buna deyirlər, ikili standart. Nədi-nədi ərəblərdə neft bizdən çoxdu. Indi Insan Haqları Komitəsinin üzvü sadə adamdı, sadə dillə danışıb ki, heç olmasa Rəşad Məcid mətləbin yarısını anlaya bilsin, “Azərbaycan” qəzeti isə yekə qəzetdi, yazanda da intellektual səviyyəsi yüksək olanlar üçün yazır.
Ancaq müsahibənin gül vuran yeri bunlar deyil. Cavanşir qardaş bildirib ki, “Azərbaycan xalqı öz prezidentinə vurğundur”. Bəli, niyə də vurğun olmayaq? Lazım gələndə cibimizə narkotik qoydurur, kefimizi duruldur, lazım gələndə Qarabağı alır. Lazım gəlsə, lap bizim prezidentimiz də olar!