Ermənistan Laçın dəhlizinin açılması üçün Azərbaycanla danışıqlarda iştirak etməyəcək, “Qarabağ hakimiyyətinin” Azərbaycanla birbaşa danışıb birbaşa danışıq aparmaq imkanı var və məhz onlar bu problemlə məşğuldurlar, Ermənistan isə Qarabağın istənilən qərarını dəstəkləyəcək.
Bunu yanvarın 12-də AzadlıqRadiosunun Erməni Xidməti – Azatutyuna Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan deyib.
Azatutyun vurğulayır ki, Ermənistan baş nazirinin son mətbuat konfransı Yerevanla separatçılar arasında fikir ayrılığının olduğunu nümayiş etdirib.
“Aydındır ki, onlar hansısa bir şəkildə danışırlar və söhbət edirlər”
Alen Simonyan deyib ki, “Qarabağ hakimiyyəti” Azərbaycan tərəfi ilə təmaslarda olub.
Spiker qeyd edib ki, bu əlaqələr Laçın dəhlizinin blokadasının ilk iki həftəsi zamanı da vardı, indi isə təmaslar dayandırılıb. Simonyan Qarabağ tərəfdən Bakı ilə danışıqlarda kimin olmasını deməyib:
“Son vaxtlara qədər mən bilirdim ki, kim danışır və nə danışırlar. Hətta prezidentlə də əlaqə olub, bu danışıqların aparıldığı müxtəlif kanallar var…Olmaya bilməz. Əgər mən indi desəm ki, bu heç vaxt olmayıb, yalan danışmış olaram. Aydındır ki, onlar hansısa bir şəkildə danışırlar və söhbət edirlər”.
Azadlıq radiosu