Üç ay bundan əvvəl general Sergey Surovikin Ukraynadakı Rusiya qoşunlarının baş komandanlığına gətiriləndə, Moskva cəbhədə geri çəkilməyə məcbur olmuşdu və ardınca ordunu daha bir geriləmə gözləyirdi.
AzadlıqRadiosunun müxbiri Mayk Ekel (Mike Eckel) yazır ki, komandanlığa gətirilməsi Rusiya millətçiləri və müharibəyə dəstək verən siyasətçilər tərəfindən alqışlanan Surovikin dərhal Ukraynanın mülki infrastrukturunun bombardman edilməsinə başlamış, Ukraynanın şəhər və kəndlərini qaranlığa qərq etmişdi.
Lakin o həm də Rusiya qoşunlarını Moskvanın müharibənin əvvəlindən bəri ələ keçirdiyi yeganə vilayət mərkəzi – Xersondan çıxarmağa məcbur olmuşdu.
Bu taktiki geriçəkilmə Ukraynaya uğur qazandırsa da, Rusiyaya da müdəfiə xətlərini möhkəmləndirmək macalı vermişdi.
Son həftələrdə Rusiya qüvvələri və muzdlulardan ibarət Wagner şirkətinin döyüşçüləri Ukraynanın şərqindəki Donbasda Soledar və Baxmut şəhərlərini ələ keçirmək məqsədilə güclü hücuma keçib. I Dünya Müharibəsini xatırladan bu hücumlar nəticəsində yüzlərlə Rusiya əsgərinin cəsədləri Ukrayna çöllərinə səpələnib.
Lakin Surovikin yanvarın 11-də baş komandanlıqdan kənarlaşdırılıb.
Müharibənin 11-ci ayında heç bir əhəmiyyətli uğur qazana bilməyən Vladimir Putin Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, müdafiə naziri Sergey Şoyqunun müttəfiqi, general Valeri Gerasimovu Ukraynadakı qoşunların baş komandanı, Surovikini isə onun müavini təyin edib.
Putin hövsələdən çıxıb
Putinin müharibə komandanlığında etdiyi dördüncü dəyişiklik həm Qərb, həm də Rusiya ekspertlərini təəccübləndirib və son 80 ildə Avropanın ən böyük müharibəsinin gedişi barədə çoxsaylı suallar doğurub.
Avstraliya ordusunun keçmiş generalı və Rusiyanın hərbi doktrinası üzrə ekspert Mik Rayan (Mick Ryan) bu barədə belə deyib:
“Çünki Surovikinin metodları və Rusiya xalqına qələbə kimi təqdim olunacaq uğurları əldə bilməməsi Putini artıq hövsələdən çıxarmışdı. Bu, Rusiya hərbiyyəsi ilə Vaqner qrupu arasındakı açıq rəqabət və yarışı əks etdirən bir saray siyasətidirmi? Yoxsa səbəb Putinə birbaşa çıxışı olan Surovikinin Gerasimovdan daha qüdrətli olmağa başlaması idi?”
Bütün bu deyilənlər bəzi təhlilçilər tərəfindən Putinə yaxın çevrədə rəqabətin qızışması kimi qiymətləndirlir.
Daxili çəkişmə, hakimiyyət davası, qısqanclıq
Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzindən hərbi ekspert, keçmiş dəniz piyadaları polkovniki Mark Kensian (Mark Cancian) deyir ki, müharibə yaxşı getməyəndə adətən hərbi komandanları mülki liderlərlə əvəzləyirlər.
Ekspert deyir ki, 1860-cı illərin müharibəsində prezident Linkoln general Uliss Qrantın (Ulysses Grant) üzərində dayananadək neçə-neçə komandan dəyişmişdi.
Lakin ABŞ-da mənzillənmiş RAND analitik mərkəzindən Rusiya hərbiyyəsi üzrə ekspert Dara Massikot (Dara Massicot) isə deyir ki, necə olursa olsun, indiki halda “ən səriştəli komandan” “ən səriştəsizi” ilə əvəzlənib və bu, dəyiş-düyüşün arxasında çoxsaylı faktorların olduğunu göstərir.
Onun fikrincə bu dəyişikliyin arxasında daxili çəkişmə, hakimiyyət davası, qısqanclıq kimi faktorlar dayanır.
Putin millətçilərin təzyiqi altında
Məqalədə deyilir ki, bütün hallarda müdaxilə Moskva üçün heç də uğurlu getmir. Qərb rəsmiləri Rusiyanın itkilərinin ölü və yaralı olaraq 100 mini keçdiyini təxmin edirlər. Həmin təxminlərə görə Ukraynanın da itkiləri elə bu qədərdir.
Putin döyüş meydanında məqsədlərinə çata bilməyib: Kiyev dərhal tutulmayıb, prezident Volodimir Zelenskinin hökuməti devrilməyib, Ukrayna ordusu təslim edilməyib.
Moskvanın bu müharibədəki ən böyük uğuru hələki yalnız Azov sahilindəki Mariupol şəhərinin işğalıdıır.
Hətta ötən yayda komandanlıq strukturunun dəyişdirilməsi və ordunun yenidən qruplaşması da kara gəlməyib. O vaxtdan bəri Rusiya qoşunları yalnız Luhansk vilayətinin Severodonetsk və Lisiçansk şəhərlərini tuta bilib.
Bunun ardınca, payızda Qərbdən gətirilən silahlarla güclənmiş Ukrayna ordusu Xarkov vilayətinin çox hissəsini, Donetsk regionundakı strateji qovşaq – Liman şəhərini işğaldan azad edib.

Döyüş meydanındakı bu uğursuzluqların ardınca, Moskva Çeçenistan başçısı Ramzan Kadırov və Vaqner qrupunun sahibi Yevgeni Priqojin kimi sərt xətt-hərəkət tərəfdarı millətçilərin təzyiqi altında general-polkovnik Aleksanr Lapin də daxil bir neçə rütbəli komandanı Liman şəhərinin itirilməsinə görə işdən kənarlaşdırıb.
Bunun ardınca sentyabrda Putinin qismən səfərbərlik elan etməsi Rusiyanın canlı qüvvədən korluq çəkməsinin əlaməti kimi yozulub.
Azadlıq radiosu