Cəbhəçi gənc fəal təcridxanaya köçürüldü
Vəkillər həbsə xitam verilməsi haqda vəsatət qaldırıb
Fevralın 5-də cibinə narkotik atılaraq həbs edilən 19 yaşlı cəbhəçi gənc Cabbar Savalanlını müdafiə edənlər gündən-günə artır. Sosial şəbəkələrdə yüzlərlə gənc “Cabbar Savalanlıya Azadlıq” şüarları ilə çıxış edirlər. “Cabbar Savalanlıya azadlıq” səhifəsinə artıq 200-dən çox insan üzv olub. C.Savalanlının hüquqlarını müdafiə edən komitə də öz fəaliyyətini davam etdirir. Bu gün saat 15.00-da “Azərbaycan Insan Hüquqları Evi”ndə C.Savalanlının həbsi ilə bağlı geniş toplantı keçiriləcək.
Cabbar “Facebook”da inqilabi çağırışlar edirdi
Haqqında Azərbaycan iqtidarının narkoman imici yaratmağa çalışdığı Cabbar Savalanlının nəyə görə həbs olunduğunu onun “Facebook”dakı şəxsi səhifəsinə baxarkən bilmək olar. C.Savalanlı öz səhifəsində Rəsulzadənin, Elçibəyin, Atatürkün fotolarını yerləşdirib. Sonuncu yerləşdirdiyi isə Milli qəhrəman Mübariz Ibrahimovun fotosudur. Ümumiyyətlə, Cabbarın səhifəsində siyasətdən, millətçilikdən kənar heç nə yoxdur. Yaxın Şərqdəki inqilablardan ruhlanan Cabbar “Azərbaycanda da inqilab zamanıdır” kimi sərt şərhlər, ismarıclar yazıb. Cabbarın ayın 4-də yazdığı sonuncu statusu isə bir sözdən ibarətdir: “Azadlıq”. O, bir neçə dəfə AXCP sədri Əli Kərimlinin 2009-cu ildə referendumla bağlı ITV-də çıxışını, Misirdəki hadisələri, Azərbaycan müxalifət partiyalarının fəaliyyəti ilə bağlı xəbərləri paylaşıb. Maraqlı bir faktı da qeyd edək ki, Savalanlı partiyaya üzv olmamışdan qabaq öz səhifəsindəki “Siyasi görüşlər” bölümündə AXCP yazıbmış.
Cəbhədaşları onun haqqında nə dedi?
AXCP Gənclər Komitəsinin üzvü Elnur Məcidli qəzetimizə açıqlamasında Cabbarla ötən ilin parlament seçkilərində tanış olduğunu deyib: “Seçkilərdə müşahidəçilik üçün təlimlərdə tanış olmuşduq. O vaxtlardan onu əzmli, cəsarətli, demokratik ruhlu bir insan kimi tanıdım. O, ictimai aktivlik göstərməyən gəncləri hər zaman tənqid edirdi. Azərbaycandakı rejimə qarşı barışmazlıq göstərirdi. Ötən ilin noyabr ayından partiyanın gənclər komitəsinə üzv olandan sonra onunla daha sıx görüşürdük. Çox nizam-intizamlı gənc idi. Bütün tədbirlərdə, iclaslarda vaxtında iştirak edirdi”.
Komitənin digər üzvü Dəyanət Babayev də dostu haqqında yalnız müsbət xarakteristika verib: “Cabbar doğrudan millətçi, xalqını sevən, Azərbaycanda demokratiyanın bərqərar olması uğrunda gənc yaşlarından meydana atılan bir dostdur. Onun haqqındakı narkotika ittihamı gülüncdür. Cabbar dindar insan idi, içkidən, siqaretdən uzaq idi. Cabbar cəsarətli gənc idi. Internetdə çox sərt statuslar yazırdı. Biz, hətta bir neçə dəfə bu qədər sərt olmamağı desək də, o, yolundan geri çəkilməyəcəyini bildirirdi”.
Dostları onu da qeyd edib ki, Cabbar bir neçə gün izlənildiyini hiss etsə də, bunu ictimailəşdirmək istəmədiyini deyib.
“Sən tarixin özüsən”
Cabbar sanki günlərin birində qəhrəmana çevriləcəyini duyurmuş. Ötən günlərdə Cabbargildə olan AXCP sədrinin müavini Gözəl Bayramlı onun öz dəftərinə yazdığı bir qeydin fotosunu çəkib. Qeyddə Cabbar bunları yazıb: “Savalanlı Cabbar – sən tarixin özüsən, XXI əsr tarixini sən yazacaqsan, tarix sənə boyun əyəcək”. Doğrudan da o, tarixə çevrilə bildi.
Cabbar təcridxanaya köçürülüb
4 gün Sumqayıt Polis Idarəsinin müvəqqəti saxlama təcridxanasında saxlanılan Cabbar Savalanlı fevralın 9-da Şüvəlandakı 3 saylı Istintaq Təcridxanasına köçürülüb. Məlumatı “Media forum” saytına C.Savalanlının vəkili Anar Qasımov verib.
A.Qasımovun sözlərinə görə, digər vəkil Əsabəli Mustafayevin iştirakı ilə C.Savalanlı tibbi müayinədən keçib. Müayinə zamanı onun üzərində hər hansı xəsarət izi və zədə aşkarlanmayıb.
Vəkil bildirib ki, C.Savalanlının narkoloji və kimyəvi müayinədən keçirilməsi haqda qərar qəbul olunub. Müayinənin nəticələri bir aya bilinəcək.
Bu gün isə C.Savalanlının vəkilləri Sumqayıt Şəhər Məhkəməsinin qərarından Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verəcəklər. A.Qasımov deyib ki, apelyasiya şikayətini geniş yazıblar: “Şikayətdə Cabbar Savalanlı haqqında seçilmiş həbs-qətimkan tədbirinin ləğvini tələb etmişik”.
“Hakimiyyət repressiyalara son qoymalıdır”
Savalanlının həbsi ilə bağlı Azərbaycanlı Siyasi Mühacirlərin Dünya Ittifaqı (ASMDI) bəyanat yayıb.
ASMDI hesab edir ki, Cabbarlının həbsi hakimiyyətin Azərbaycanda gözlənilən etiraz dalğasının qarşısını almaq üçündür.
“Siyasi baxımdan fəal olan və müxalif mövqe nümayiş etdirən insanlara qarşı repressiv siyasət yürüdən hakimiyyət müxtəlif saxta ittihamlarla gəncləri həbslərə atır. Azərbaycan hakimiyyəti bu addımı ilə bir daha ATƏT və Avropa Şurasına, digər beynəlxalq qurumlara qoşularkən götürdüyü öhdəliklərə əməl etmədiyini sübut etdi” – deyə bəyanatda vurğulanır.
Azərbayanlı siyasi mühacirlər Azərbaycan hakimiyyətindən bu qanunsuzluqlara son qoymağı, həbs edilən gəncin dərhal azad olunmasını tələb edir: “Azərbaycan hakimiyyəti unutmamalıdır ki, heç bir qüvvə dünyada genişlənən demokratik proseslərin qarşısını almağa qadir deyil. Gec-tez bu demokratiya seli bu cür rejimləri və onu idarə edənləri öz qarşısından silib aparacaq”.
Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzi də Cabbar Savalanlının həbsini siyasi repressiya kimi dəyərləndirib.
Elmin