İbrahim İbrahimli: «Dalana dirəniblər, irəli getmək siyasi intihar, geri çəkilmək isə məğlubiyyətdir»
«Milli demokratik düşərgə siyasi məsuliyyəti öz üzərinə götürüb yeni dalğaya sahib çıxmalıdır»
Dünya ictimaiyyətinin gözü Yaxın Şərq ölkələrində baş verən xalq hərəkatına -üsyanlara, inqilablara dikilib. Ərəb dünyasında “stabil həyat tərzi”nin gözlənil- mədən dəyişməsi, “mürgülü ərəblərin” qəfil oyanışı indi siyasi ekspertlər tərəfindən müxtəlif rakurslardan qiymətləndirilir. Və daha çox bunu Qərblə, daha doğrusu ABŞ-la bağlayırlar. Azərbaycan müxalifətinin tanınmış isimlərindən biri – İbrahim İbrahimli ilə bu dəfəki söhbətimiz də elə bu mövzuda oldu.
– Siyasi ekspertlər bu prosesi “Böyük Yaxın Şərq Proyekti”nin tərkib hissəsi adlandırırlar. Dolayısı ilə olayların arxasında Qərbin – ABŞ-ın dayandığına işarə edirlər. Əslində isə bu keyfiyyətcə yeni bir mərhələnin başlanğıcıdır, daha doğrusu, yeni demokratiya dalğasının ortaya çıxardığı xalq hərəkatlarıdır. Qeyd etdiyiniz yeni demokratiya dalğasının ortaya çıxardığı xalq hərəkatının formalaşmasında Proyektin rolu nə dərəcədə olubdur?
Bu proyekti 11 sentyabr 2001-ci ildə Nyu-Yorkda baş verən terror hadisəsindən sonra ABŞ irəli sürdü və bölgədə təsir dairəsi olan Avropa dövlətləri ilə razılaşdırmağa başladı. Məqsəd mövcud avtoritar rejimlərin yuxarıdan – avtoritetlər tərəfindən siyasi-iqtisadi- sosial islahatların aparılması yolu ilə dəyişdirilməsindən, yəni siyasi sistemin tədricən demokratikləşdirilməsindən ibarət idi. Amma bölgədə fərqli çıxarlara malik olan dövlətlərin bu proyektə münasibətdə maraqlarını uzlaşdırıb ümumi ortaq məxrəcə gəlməsi mümkün deyildi. Digər tərəfdən, Avtoritetlər islahatların mövcud hakimiyyətlərinə təhlükə törədəcəyindən ehtiyatlanır və köklü dəyişikliklər etməkdə maraqlı görünmürdülər. Ən başlıcası isə uzlaşmaya mane olan əsas səbəb islamofobiya idi. Əslində Qərbin Şərqə yönəlik siyasətinin iflasa uğramasının əsas səbəbini də elə burada axtarmaq lazımdır. Ümumiyyətlə, Qərb ideologiyalaşmış hərəkatlardan ehtiyat edir, daha doğrusu, siyasi islahatlardan sonra dini və milli təmayüllü qüvvələrin hakimiyyətə gəlməsinə sıcaq baxmır, maraq və çıxarları üçün təhlükə hesab edir. Bu təhlükədən dolayı da Şərqə, xüsusilə də müsəlman ölkələrinə yönəlik projelərində toplumlara önəmli yer vermirdi. Beləliklə bu proyektdə xalqın yerinin və rolunun müəyyən edilməməsi, daha doğrusu, siyasi iradəsinin nəzərə alınmaması əvvəldən Böyük Yaxın Şərq projesinin iflasa uğrayacağından və bölgədə gec-tez siyasi gərginlik yaşanacağından xəbər verirdi. Bizim ölkə bunun bariz nümunəsini yaşadı, bütün dünyanın gözü qarşısında hakimiyyətin atadan oğula ötürülməsi proyektini üç ölkə – ABŞ, Rusiya, Türkiyə ilk dəfə Azərbaycanda gerçəkləşdirdi. Və 2013 faciəsi baş verdi.
On il bundan əvvəl başlanan proses artıq keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Böyük Yaxın Şərq Proyektində nəzərə alınmayan xalqın gözlənilmədən önə çıxıb təşəbbüsü ələ almasını, prosesdəki yerini və rolunu müəyyənləşdirməsini bu mərhələnin keyfiyyət göstəricisi hesab etmək olar. Əslində böyük güclərin yuxarıdan islahat yolu ilə dəyişmək istədiyi avtoritar rejimləri toplumlar aşağıdan inqilab yolu ilə dəyişməyə başladı.
Sosial şəbəkələr avtoritarların qəniminə çevrilib
Yeni demokratiya dalğası Sosial Medianın inkişafı ilə bağlıdır. Şərti olaraq bunu Sosial Media dalğası da adlandırmaq olar. Bu dalğanın özəlliyi ondadır ki, onun qarşısını almaq mümkün deyil, bağlı sərhədləri açır, qapalı rejimləri çökdürür. Bu dalğa, hətta dünyada məxfiliyini qoruyub saxlayan informasiya blokadasını dağıtdı. “Wikileaks” nümunəsi ortadadır. Əslində Sosial Media özü elə bir inqilabdır – demokratik inqilab – yaratdığı və formalaşdırdığı yeni nəsil isə bu inqilabın avanqardı və hərəkətverici qüvvəsidir. Son dövrlərdə baş verən rəngli inqilablarda Sosial Medianın rolu əvəz edilməzdir.
Biz bu medianın rolunu və gücünü Moldovada, Iranda, indi isə Yaxın Şərqdə görürük.
Divin canı şüşədə olduğu kimi, qapalı rejimlərin də canı Sosial Mediadadır.
Misir Ərəb dünyasının kilid qapısıdır
-Necə hesab edirsiniz, Tunisdə və Misirdə baş verən xalq hərəkatlarının dairəsi digər Ərəb ölkələrini əhatə edəcəkmi?
– Həlqənin nisbətən güclü yeri Misirdir. Misir Ərəb dünyasının kilid qapısıdır, xalq bu kilidi sındıra bilsə – artıq sındırıb- hərəkat digər Ərəb ölkələrinə də yayılacaq, zatən yayılıbdır. Çünki hər yerdə biri-digərindən fərqlənməyən oxşar rejimlər, ortaq problemlər və ortaq toplumlar mövcuddur. Bu ortaqlıq Xalq hərəkatının zəncirvari reaksiya kimi bütün ərəb ölkələrini bürüyəcəyindən xəbər verir.
Artıq qapalı rejimləri qorumaq mümkün olmayacaq
– Bu dalğanın avtoritar rejimlərin mövcud olduğu digər bölgələrə yayılma ehtimalı nə qədər real görünür?
– Bu prosesi – demokratiya dalğasını ayrılıqda götürülmüş bir hadisə kimi dəyərləndirmək və yalnız Yaxın Şərqə şamil etmək doğru olmaz. Bu dalğaya tarixi prosesin bir tərkib hissəsi kimi baxmaq lazımdır. Daha doğrusu, bunu xaotik olaraq biri digərini əvəz edən spiralvari proseslər kimi deyil, əksinə düzənli şəkildə daha təkmilə, daha proqressə doğru məqsədyönlü bir sürəc kimi qiymətləndirmək lazımdır.
Ötən əsrin altmışıncı illərində Amerikada başlayıb irqi ayrı seçkiliyə son qoyaraq afroamerikalılara bərabərlik haqqı tanıdan bu dalğa səksəninci illərdə Cənubi Amerikanın avtoritar rejimlərini, ardınca Şərqi Avropanın totalitar rejimlərini sonda isə Sovet Imperiyasını çökdürdü.
Inkişafın müxtəlif mərhələlərində olmalarına, xaraktercə bir-birindən ciddi şəkildə fərqlənmələrinə baxmayaraq bütün millətlər, bütün toplumlar bu dalğanın vasitəsi ilə demokratiyaya qovuşacaqlar. Artıq kürəsəlləşən dünyadan təcrid olunub, qapalı rejim yaradıb, ümumi proseslərdən yan keçib, gələn dalğanın qabağını almaq mümkün deyil. Keyfiyyətcə yeni mərhələnin özəlliyi də elə məhz qapalı rejimlərin açıq rejimə keçməsində, qapalı toplumların açıq topluma çevrilməsində, avtoritar sistemlərin demokratik sistemlərlə əvəzlənməsində inkişafın səviyyəsinə, milli xarakterlərin fərqinə baxmadan prosesin yüksək sürət almasındadır. Bugünkü texnoloji inkişaf Avropanın demokratiyaya doğru yüz ilə qət etdiyi yolu digər xalqların çox qısa müddətə başa vurmasına imkan verir.
Yeni dalğa hakimiyyəti dilemma qarşısında qoyub
– Demək istəyirsiniz ki, bu dalğa bizim bölgəyə də çatacaq və hətta Azərbaycanı da vuracaqdır?
– Azərbaycan fərqli bir coğrafi məkanda yerləşir. Hər bölgənin özünə məxsus geosiyasi şərtləri var. Bölgəsəl durumu bu şərtlər oluşdurur və siyasi proseslərin xarakterini müəyyənləşdirir. MDB məkanı Rusiyanın maraq dairəsində olduğundan bu bölgədə demokratiyanın gəlişməsinə mane olur, avtoritar rejimlərə himayəçilik edir və demokratik prosesləri ləngidir. Mövcud durumun spesifikasını nəzərə alsaq, deməli, Yaxın Şərqdə gedən proseslər dolayısı ilə Iranda gedən proseslər qismən, Rusiyada gedən proseslər isə birbaşa bizim bölgəyə təsir edir. Artıq Rusiyanı yeni demokratiya dalğası vurub. Islahatçılarla avtoritarlar arasında kəskin mübarizə gedir. Medvedev və Putinin timsalında hakimiyyət daxili parçalanma və qarşıdurma sürəcin yüksələn xətlə davam edəcəyindən demokratiya dalğasının bütün Rusiyanı bürüyəcəyindən xəbər verir.
Rejimin son addımları, xüsusilə, Ramiz Mehdiyevin KQMK-nın yığıncağını keçirməsi, Ilham Əliyevin adından hakimiyyət strukturlarını kəskin tənqid etməsi və buna uyğun olaraq nazirlərin kollegiya iclasları çağırıb tabeliyində olan beş-altı kadrı cəzalandırmaları, ardınca Elmira Süleymanovanın Milli Məclisə əfv ilə bağlı müraciət etməsi – bütün bunlar hakimiyyətin narahatçılığından xəbər verir. Amma bunlar və buna oxşar digər kosmetik addımların atılması gözlənilən dalğanı önləmək üçün yetərli deyil. Yeni demokratiya dalğası hakimiyyəti: Ya – ya dilemması qarşısında qoyacaqdır.
– Yəni vəziyyət bu qədər mürəkkəbdir?
– Əslində mürəkkəb olduğu qədər də sadədir: Mövcud avtoritar rejim ya yuxarıdan islahatlar yolu ilə dəyişməlidir, ya da aşağıdan xalq hərəkatı vasitəsi ilə dəyişməlidir. Yuxarılar buna hazır deyil, daha doğrusu, əsaslı islahat aparmaq istəmir. Ciddi islahatlar qeyri-legitim parlamenti buraxıb təkrar seçkilər keçirməkdən başlayır. Ilham Əliyev və komandası qeyri-legitim parlamenti buraxıb təkrar seçkilərə gedəcəkmi? Təəssüf ki, yox, çünki nə irəli getməyə, nə də geriyə çəkilməyə yol qoymayıb. Hakimiyyətin məntiqi ilə yanaşsaq, irəli getmək siyasi intihar, geri çəkilmək isə məğlubiyyətdir. Beləliklə yanlış siyasi kurs məntiqi sonluğuna çatıb: Hakimiyyət dalana dirənib.
İki klan baş nazir postu uğrunda savaşacaq
– Dalandan çıxış yolu varmı?
– Belə vəziyyətdə vaxt qazanmaq və ən azı müvəqqəti olsa da hakimiyyəti qoruyub saxlamaq üçün Ilham Əliyev kadr dəyişikliyi etməyə məcbur olacaq. Həm də nəzərə alsaq ki, son anda, daha pis variantda – qara gündə ikinci fiqurun çəkisi və əhəmiyyəti artır, o zaman bu variantın ehtimallıq əmsalı bir az da artır. Kadr dəyişikliyi isə onsuz da kəskin olan hakimiyyət daxili münasibətləri daha da kəskinləşdirəcək. Heç kimə sirr deyil ki, mövcud hakimiyyət komandası bütöv deyil, iki yerə parçalanıb Bakı-Şirvan klanına Paşayevlər, Naxçıvan – Ermənistan klanına isə Ramiz Mehdiyev nəzarət edir. Və zaman-zaman bu regional klanlar arasında istər mülkiyyət, istərsə də hakimiyyət uğrunda gah səngiyən, gah da qabaran çatışmalar yaşanıb və yaşanır. Bu varianta gedilərsə çox güman ki, Baş nazir postu uğrunda iki klan arasında kəskin mübarizə gedəcək. Özünü müdafiə instinkti hakimiyyət daxili klanlar arası savaşı qaçılmaz edəcəkdir. Təbii ki, bu çatışma ciddi fəsadlar verə bilər.
Milli demokratik düşərgə fəsad verə biləcək bu və ya digər ehtimal olunan variantları önləmək üçün ATƏT-in parlament seçkiləri ilə bağlı yekun hesabatını əsas tutaraq Ictimai Palatada qəbul etdiyi qərarı: Qeyri-Plegitim parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi istiqamətində real addımlar atmalıdır. Artıq siyasi məsuliyyəti öz üzərinə götürüb yeni dalğaya sahib çıxmağın zamanıdır!
Xəyal