Tunis və Misir inqilablarının dalğası Fransa hökumətini dağıdır
Misir və Tunis inqilablarının dalğası Fransanın siyasi həyatında əməlli-başlı dəyişiklik yarada bilər. Artıq bu ölkənin baş naziri və xarici işlər naziri istefa tələbləri ilə üz-üzədir.
Məsələ burasındadır ki, Fransanın baş naziri Fransua Fiyonun Misir prezidenti Hüsnü Mübarəklə, xarici işlər naziri Mişel Marinin isə Tunisin devrilmiş rəhbəri Ben Əli ilə dostyana münasibətləri ortaya çıxıb.
Bəlli olub ki, cənab Finyon yeni il tətillərindən birini Mübarəkin qonağı qismində Misirdə keçirib.
Xanım Mari isə Tunisdə oxşar tətil keçirib.
Ölkə müxalifəti nazirlərin davranışını siyasi etikaya zidd adlandıraraq kəskin tənqid atəşinə tutub.
Baş nazir Finyon Mübarəkin “qonaqpərvərliyindən və saxəvətindən istifadə edərək” yeni il tətilini Misirdə keçirdiyini etiraf edib. Hökumət başçısı bildirib ki, prezident ona Misirə getmək üçün şəxsi təyyarəsini göndərib. Bundan başqa Nil çayında gəzintiyə çıxmaq üçün yaxtasını baş nazirin ixtiyarına verib. Fransa hökumətinin rəhbəri Misirdə olduğu müddət ərzində onun məskunlaşdığı mehmanxananın pulunu da Hüsnü Mübarək ödəyib.
Fransua Fiyon 2010-cu il dekabrın 26-dan 2011-ci il yanvarın 2-nə qədər yeni il tətilini Misirdə keçirib. Baş nazir bunu qeyri-adi yeni il qarşılamaq istəyi ilə əlaqələndirib.
Fransanın müxalif sosialist partiyasının üzvü Andre Vallen baş nazirin bu hərəkətini qeyri-etik adlandırıb:“Vəzifə səlahiyyətlərindən əyləncə və şəxsi rahatlıq naminə istifadə etmək olmaz. Bu etik qaydalara ziddir”.
Fiyonun partiyadaşları isə tənqidləri qəbul etmək istəmirlər: “Şəxsi həyatda baş verənləri qabartmaq və ictimailəşdirmək qəbul edilməzdir”.
Finyon Mübarəkin hesabına yeni il tətili keçirdiyini etiraf edəndən sonra xarici işlər naziri Mişel Marinin artıq buna qədər üstü açılmış Tunis səyahəti ilə bağlı gərginlik bir az da artıb.
Xatırladaq ki, xanım nazir yeni il tətilini tunisli biznesmenin şəxsi vəsaiti hesabina bu ölkədə keçirib. Həmin sahibkarın isə Tunisin devrilmiş prezidenti Ben Əli klanıyla yaxın əlaqələrinin olduğu bildirilir.
Müxalifət xarici işlər nazirinin istefasını tələb edir. Hökumət əleyhdarları Mişel Marinin Tunisdə kütləvi etirazlar zamanı iğtişaşları yatırmaq və hakimiyyəti dəstəkləmək üçün Fransa ordusunun Tunisə yeridilməsi təklifini də yada salırlar.