Hüquqşünas Ələsgər Əhmədoğlu
Bu gün məlum olub ki, Xarici İşlər Nazirliyinin Kollegiyasının 1 avqust tarixli Q/04-22 nömrəli Qərarı ilə “Xarici media nümayəndələrinin Azərbaycan Respublikasında akkreditasiyası Qaydaları” təsdiq olunub.
Öncəliklə, Media haqqında Qanunun (11-ci maddə) xarici jurnalistlər üçün sərt tələblər irəli sürməsi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin tələbləri ilə ziddiyət təşkil edir. Çünki, Konstitusiya məlumat azadlığını sadəcə vətəndaşlara deyil, hər kəsə tanıyıb.
İkincisi, Azərbaycanın ratifikasiya etdiyi Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi də ifadə azadlığını, o cümlədən məlumat azadlığını hər kəsə tanıyıb və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığını bu əhatəyə salıb.
XİN-in yeni qaydalarının təməli olan Media Qanunun keyfiyyətsiz qanun olması şübhə doğurmur. Lakin XİN-in yeni qaydalarında bu qanuna da zidd yanaşma mövcuddur. Belə ki, yeni qaydalara görə xarici media öz nümayəndələrini akreditasiyaya təqdim etdikdən sonra 30 gün cavab gözləməlidir. Məsələnin ən trajekomik tərəfi də budur. İnformasiya operativlik tələb edir. Bir anlığa düşünün ki, 4 oktyabr 2020-ci ildə olan Gəncəyə ballistik raket atılması hadisəsini çox saylı xarici media gəlib işıqlandırmaq istəyir, Yeni qaydalara görə onlar yalnız 1 ay sonra bu hüququ əldə edəcək. Yaxud ölkədə anidən bir təbii fəlakət (zəlzələ) baş verir, (xarici media bu fəlakəti dünyaya duyurmaq, olay yerindən canlı informasiyalar vermək istəyir, bizim XİN deyəcək ki, müraciət edin, sizə 1 ay sonra vəsiqə verərik, gələrsiz.
Qaydalar tərtib edib, medianın fəaliyyətinə məhdudiyyətlər yaratmaq asandır, lakin ağıllı olub, media funksiyasının mahiyyətinə uyğun davranmaq çox çətindir.(!) Heç olmasa bu sahədə bilgi və təcrübəsi olanlarla bir məsləhətləşərdiz, istisna hallar nəzərdə tutar, operativlik tələb edən durumlarda 30 gün yox, ən geci 24 saat ərzində də akreditasiyanın mümkünlüyünü tanıyardız.
Hər gün ölkənin media siyasətini yönəldənlər bizi bir az da şaşırtmağa, xəyal qırıqlığı yaşatmağa davam edir. Təəssüf!