AXCP sədri Əli Kərimli
Son 2 ildə ölkədə doğulan uşaqların sayı 30 min nəfər azalıb. Əgər 2019-cu ildə 141 min uşaq doğulmuşdusa, 2021-ci ildə cəmi 110 min 700 uşaq dünyaya gəlib. Təkcə 2021-ci ildə 47 min uşaq abort edilib. Bu rəqəmlərin necə bir milli fəlakət olduğunu təsəvvür edə bilirsiz?
Özünüzə təsəlli verməyin ki, guya Azərbaycanda onsuz da ailələr çoxuşaqlıdır. Çoxuşaqlı ailələr dövrü arxada qalıb. Son illərdə 2-3 uşağın olduğu ailələr artıq “çoxuşaqlı” sayılırdı. Belə məlum olur ki, artıq valideynlər hətta 2-ci, 3-cü uşaqları da dünyaya gətirmək istəmirlər. Hökumətin yandaşları hansı yalanı danışır danışsın, ölkədə dünyaya gələn uşaqların sayının cəmisi 2 ildə 30 min nəfər (22 faiz) azalması acınacaqlı sosial durumun – kütləvi yoxsulluğun nəticəsidir.
Hökumət uşaqpulu vermir, ailələr də indiki dəhşətli bahalıq, kütləvi işsizlik, şikəst edilmiş təhsil və səhiyyə şəraitində uşaqları necə böyüdəcəklərini təsəvvür etmirlər, bu səbəbdən dünyaya uşaq gətirmək istəmirlər.
Əvvəlki onilliklərdə ölkəyə gələn neft pulları kimi, son 18 ayda neft və qazın qiymət artımından əldə olunan 26 milyard manatı da xalqa vermək istəmirlər. Bu milyardları da ofşorlara daşımaq istəyirlər (ya da artıq daşıyıblar). Xalqımız sərvətlərinin talan, genefondunun məhv edilməsini laqeydliklə seyr etməməlidir!