Azadlıqlarını təslim etmiş millət üstün millət ola bilməz
Qənimət Zahid
Ölkə mətbuatında və siyasi leksikonda «Heydəroid»lər ifadəsi var. 50 illik rəsmi təbliğatın altında mahiyyətini dəyişmiş və laqeydləşmiş statistik azərbaycanlılara şamil edilən sözdür.
Bəlkə biriləri fəxrlə də deyə bilər ki, Azərbaycanda Heydər Əliyevin kultuna baxıb düzülən nəhəng bir sosial baza yaranıb. İlham Əliyev də müharibədən dərhal sonra belə bir ifadə işlətmişdi : «mənim zamanımda yetişən gənclik…».
Ümumiyyətlə isə bu ailənin zamanında yetişən kütlə fenomeni var. 50 illik sülalə diktaturasının öz maraqlarına və zövqünə uyğunlaşdıra bildiyi böyük və ağır bir qat. Burada hər cürünə rast gələ bilərsiz. Dövlət məmurlarının hamısı oraya daxildir. Məmuriyyətin dışında sülalə hakimiyyətini şans kimi qiymətləndirən və sırıyan «dövlət ziyalıları». Şairlər, yazıçılar, rəssamlar, deputatlar, xanəndələr, din adamları, hətta «müxalifət»… Çoxdurlar. O qədər çoxdurlar ki, bütün milləti heydəroidləşdirmək əzmində yenilməz görükürlər.
Onlar diktaturanın sosial dayaqlarıdır.
Hər dəfə hansısa ölkədə avtoritarizmdən iyrənərək silkələnən xalqlar barədə xəbərlər yayılır, həmin zamanlarda heydəroidlərin şərhləri və bəraət tezisləri dalğalanır:
- böyük dövlətlərin oyunlarıdır;
- xalq kimdir axı, öz taleyini həll etsin, buna imkan verməzlər;
- bizim hakimiyyət dünyada hamını satın alıb, ona görə bizim ölkəmizlə maraqlanan yoxdur;
- bizdə əhali siyasətdən iyrənib…
Çoxlu sayda belə pessimist və ən başlıcası əsassız mülahizələr sıçrayır ortalığa.
Heç bir böyük dövlət heç bir balaca ölkənin xalqına «dopinq» dağıdıb nümunəvi cəmiyyət quruculuğuna təhrik edə bilməz. Ortaq mənafelərini müəyyənləşdirə bilən toplum şüurlu cəmiyyətdir və şüurlu cəmiyyət diktaturanı inkar edir.
Azərbaycan xalqı siyasətdən iyrənə bilməz, çünki ölkədə siyasi proseslər yoxdur.
Azərbaycanda müxalifət heydəroidlərdən fərqli olaraq öz iradəsi ilə siyasi şüurunu müəyyən edən insanlardır. Saxta müxalifəti nəzərdə tutmayın, onlar gizli saziş əsasında açıq təslim olmuşlardır. Diktaturalardan azad və ədalətli cəmiyyət quruculuğuna keçid «səssiz siyasət» prosesi deyil, belə olmur və heç zaman da belə olmayacaq. Keçid – meydanlardan və yollardan keçir.
Heydəroidləşmiş zümrə bunu anlayır və müqavimət göstərir.
Heydəroid zombi deyil. Zombilərin fərdi mənafeyi olmur. Heydəroidlərin ictimai kontestdən çıxarılmış fərdi mənafeləri var. Heydəroidlər ağıl yerinə biclikdən və hiyləgərlikdən istifadə edirlər. Zombilərin arqumentləri və bəhanələri olmur, Heydəroidlər öz arqumentləri ilə və bəhanələrlə silahlanırlar. Heydəroidlər başqa xalqların azadlıq uğrunda mübarizəsini gözdən salmaq və dəyərsizləşdirmək üçün də yarışa girirlər. Necə ki, öz ölkəmizdə azadlıq uğrunda mübarizə aparan insanlara şəbədə qoşmaqda pərgardırlar; necə ki, öz sözünü deyə bilmək cəsarətini qoruyub saxlayan insanları aşağılamaq üçün yarışa girirlər…
Heydəroidlər azərbaycanlıların azadlıq haqqını diktatorun siyasi manevrlərinə qurban verib çeynərlər. Diktatorun siyasi gedişlərini tərənnüm edərlər. Diktatorun zorakılıq məntiqini geosiyasi teoremlərlə isbat edərlər.
Heydəroidlərin sayı çoxdur. Yenilməz qədər çox görükürlər.
Bütün bəlalarımızın mnənbəyi onlardırmı ? Əlbəttə, deyil.
Heydəroidləşdirilmişlər situasiyanın qurbanlarıdır, amma cəmiyyəti də bu kökdə arzu edərlər. Azadlıqlar uğrunda mübarizəsini satıb «paket»ə oturan saxta müxalifətçilər ölkədə dirəniş simvolu kimi ayaqda qalanları görməzdən gələrlər, ya da onlara qarşı kin qusarlar: «onlar niyə sağ qala bilirlər» hikkəsi ilə.
Heydəroidlər də bütün cəmiyyəti yaltaq, iradəsi qırılmış, şəxsiyyəti talan edilmiş diri məzarlıq kimi görmək istərlər.
Xalqlar öz müqəddəratını təyin etmək haqqına sahibdir. Bu, yalnız dövlət qurmaq şansı üçün deyil, həm də necə bir dövlət qurmaq, necə dövlətin vətəndaşı olmaq seçimidir.
Azərbaycanda vətəndaşlıq dəyərləri yoxdur, məhv edilib, sıradan çıxarılıb.
İctimai qürur sındırılıb.
Bərpa edilirmi? Əlbəttə, bərpa edilir. Heydəroidləşə bilməmiş vətəndaşların çətin, amma doğru seçimi ilə bərpa edilir. Çətin, amma doğru seçim…
Bir qədər fədakarlıq.
İctimai mənafelərin nəzərə alınmadığı ölkələr diktaturalar üçün münbit zəmindir.
«Mən başqalarını bəyənmirəm, ona görə ki, mənim şəxsi mənafelərim mənim üçün daha ləzzətlidir» testinə girin. Bu ləzzəti hiss edəcəksizsə, demək siz də Heydəroidləşmisiz.
Azərbaycanın ağıl yerinə hiyləgərlikdən, arqument yerinə bəhanələrdən istifadə etməyən vətəndaşları alternativ qat yaratmalıdırlar. Heydəroid qatının şaxını sındırmaq, onu əhəmiyyətsizləşdirmək üçün.
Qazaxıstanda bu alternativ qat vardı. Orda da avtoritar rejim var. Amma vətəndaşlıq statusunu qurban verənlərin sayı ölkənin ictimai rəyini müəyyən edəcək qədər qorxunc deyil.
Azərbaycanda dövlət insanların vətəndaşlıq statusunu tanımır, qəbul etmir, əvəzində fərdi qürurunu təslim etmiş insanların simasında sosial əcinnələr fenomeni yaradır, sosial əcinnəliyi təlqin edir.
Xilas xalqın əzəmətli birliyindədir, günah da xalqın xaotik dağınıqlığındadır.
Müxalifət xilaskar mələk dəstəsi deyil, onlar öz qürurunu qoruyub saxlamağın örnəyini yaradan fədakar insanlardır. Azadlıq isətəyən xalq faktoru ortada olmadıqca, təslim olmamış müxalifət, sadəcə olaraq, təslim olmamağın örnəyidir.
50 il bir ailənin hökmü, idarəsi altında olmaq bəlaların mənbəyinin göstəricisi kimi tutarlı arqumentdir, amma həm də xəcalətli durumdur. Bir millət yarım əsr ərzində özünü bir ailənin mətbəxəniə bağlayırsa, lakeylərin sayı vətəndaşların sayından çox olmalıdır, əlbəttə!
Özünüzü başqalarından üstün saya bilməzsiz, çünki siz də bu cəmiyyətin elementisiz.
Öz xalqınızı da başqa xalqlardan üstün saya bilməzsiz.
Azadlıqlarını təslim etmiş millət üstün millət ola bilməz.
Üstəlik, azadlıqlarımızı təslim alaraq bizi girov saxlayan tərəf yalnızca bir ailədirsə…